İsrail İrana etməyə hazırlaşır. "Reuters" agentliyinin məlumatına görə, bunasayılı günlər qalıb. Nəşr qeyd edir ki, ABŞ artıq İraqdakı diplomatik missiyasının əməkdaşlarının təxliyyəsinə başlayıb. Eyni zamanda, ABŞ hökuməti şəxsi heyətini Küveytdən təxliyə etməyə hazırlaşır.
Agentliyin yaydığı məlumata görə, Böyük Britaniya da regionda vəziyyətin gərginləşməsi ilə bağlı bütün tanker və digər gəmi heyətinə Fars körfəzindən keçərkən ehtiyatlı olmaları barədə xəbərdarlıq edib.
Qeyd edək ki, bir gün əvvəl ABŞ müdafiə naziri Pit Heqset Yaxın Şərqdə gərginliyin artması fonunda ABŞ hərbçilərinin ailə üzvlərinə Mərkəzi Komandanlığın (CENTCOM) məsuliyyət zonasındakı obyektləri könüllü şəkildə tərk etməyə icazə verib.
İsrail həqiqətən İrana hücum etməyə hazırlaşır? ABŞ və Britaniyanın təxliyyə çağırışları müharibənin başlanacağına işarədir?
Mövzu ilə bağlı politoloq
Elçin Xalidbəyli Bakupost.az-a açıqlamasında bildirib ki, İsrailin rəsmi dairələri artıq ordunun İrana qarşı hücuma tam hazır olduğunu bəyan ediblər:
“Eyni zamanda Amerika Birləşmiş Ştatlarının da rəsmi dairələri bu məlumatı təsdiqləyirlər. Onlar da bildirirlər ki, İsrail artıq İranla müharibəyə hazırdır. Amma burada önəmli olan məsələ İsrailin İranla savaşa hazır olması ilə yanaşı, ABŞ-ın bu məsələyə münasibətdə necə mövqe tutacağıdır.”
Politoloqun sözlərinə görə, Ağ Ev də hazırda müharibəyə başlanmasını istəmir:
“Ukrayna savaşı ilə bağlı yaranmış situasiya hazırda ABŞ-ı ciddi şəkildə narahat edir. Ukrayna böhranı nizama salınmadan bunun üzərinə bir də İranla savaşın başlanması ABŞ üçün arzuolunmaz hesab olunur. Çünki nəzərə almaq lazımdır ki, ABŞ İsrailin ən yaxın müttəfiqidir. Əgər İsrail İranla savaşa girərsə, o zaman ABŞ bu savaşa dəstək vermək məcburiyyətində qalacaq. Ağ Evdə isə hələlik buna o qədər də həvəs göstərmirlər”.
Elçin Xalidbəyli bildirib ki, ABŞ administrasiyası hələlik bu məsələyə ehtiyatla yanaşır:
“Son məlumatlara görə, İsrail Tramp administrasiyasına İrana zərbələrin endirilməsi üçün təzyiqlər göstərir. Hələlik cavab ondan ibarətdir ki, İranın nüvə proqramı ilə bağlı problemlər siyasi-diplomatik yolla həll oluna bilər. Yəni belə anlaşılır ki, bu məsələ daha çox ABŞ-dan asılıdır”.
Ekspertin fikrincə, əgər İsrail hücum edərsə, bu o deməkdir ki, ABŞ hansısa formada razılıq verib:
“Əks halda İsrail ABŞ-ın razılığı olmadan İrana zərbələr endirməz. Əgər endirilərsə, bu o deməkdir ki, ABŞ da bu qərarı dəstəkləyir və İsraillə paralel olaraq İrana qarşı savaşın iştirakçısıdır. Əgər belə bir hadisə baş verərsə, bu olduqca təhlükəli və genişmiqyaslı hərbi-siyasi böhrana yol aça bilər. Çünki İran hərbi cəhətdən güclü dövlətdir və onu nə Livan, nə də Fələstinlə müqayisə etmək olmaz. Əgər İsrail-İran savaşı baş verərsə, bu yalnız onları deyil, eyni zamanda bütün Yaxın Şərq regionunu neqativ anlamda təsir altına ala bilər və yeni genişmiqyaslı hərbi xaosa yol aça bilər. Bu da uzun müddət Yaxın Şərqin sabitlikdən uzaq qalması, onun savaş məkanına çevrilməsi ilə nəticələnə bilər.”
Lalə Novruz,
BakuPost