Ru
14:11 / 24 May 2024

Kreditlə alınan “Prius”... - Maşın da əlindən getdi, pulu da... - FOTO

4204
Bakı şəhəri, Qaradağ rayon sakini Əkbərov Çingiz Fazil oğlu kreditlı avtomobil alarkən aldadılıb. Maşın ala bilməməsi bir yana, onun həm də xeyli pulu mənimsənilib.


Bu barədə Bakupost.az -a Çingiz Əkbərov özü bildirib.


Onun sözlərinə görə, ötən ilin noyabr ayında Məmmədov Nəcəf Ağaəli oğlundan kredit yoluyla “Toyota Prius” markalı avtomobil alıb:


"Maşını alanda Nəcəf Məmmədovdan soruşdum ki, mühərrikində hər hansı problem yoxdu? Dedi ki, “xeyr, nəsə problem olsa, maşını qaytar, pulunu geri al”. Mən də razılaşdım. Dedi ki, 7000 AZN ilkin ödəniş, 21 ay müddətində isə hər ay 500 manat pul ödəyəcəksən. Mən ona 7000, əlavə olaraq müqavilə üçün 200 manat ödəyib maşını aldım. Müqaviləni isə bir-iki gün ərzində bağlayacağını bildirdi. Maşını alandan sonra yağını dəyişib sürəndə gördüm ki, mühərriki yağı azaldır. Zəng edib ona bu barədə dedim. O da dedi ki, darıxma, maşına müştəri tapım, satıb sənin pulunu verəcəm. Ondan sonra məni aldatmağa başladı. Gördüm ki, nə müqavilə bağlayır, nə də maşını satıb pulumu qaytarır”.


Çingiz Əkbərov bundan sonra hüquq-mühafizə orqanlarına müraciət etdiyini deyib:


“Daxili İşlər Nazirliyinin “102” xidmətinə şikayət etdim. Ordan da məni Xətai rayonu, 36-ci polis bölməsinə yönləndirdilər. Bölməyə yollandım, izahatımı yazdım. Soruşdum ki, maşını bölmədə qoyum, yoxsa aparım? Dedilər ki, maşın burda da qalsa, problem yoxdu, heç kim ona dəyməz. Mən də maşını orda qoyub, sənədləri götürüb evimə gəldim”.


Ç.Əkbərov bir müddət sonra bölməyə gedəndə maşını orda tapmadığını bildirib:


“On beş gün sonra yenidən bölməyə getdim ki, problemimin həlli ilə bağlı nəsə öyrənim. Gördüm, maşın bölmənin həyətində yoxdur. Soruşdum ki, maşını kim aparıb? Dedilər, “xəbərimiz yoxdu”. Mən belə hesab edirəm ki, maşını bölmədən Nəcəf Məmmədov aparıb. Bundan sonra bir dəfə axşam saat 21:30 radələrində polis bölməsindən zəng vurub dedilər ki, Nəcəfi bölməyə gətirmişik, siz də gəlin. Mən bölməyə getməyə hazırlaşanda yenidən zəng vurdular ki, sabah gələrsiniz. Bir gün sonra bölməyə gedəndə dedilər ki, işinizə baxılacaq. Amma dekabr ayından bu günə kimi yollarda qalmışam, mənim problemim həll edilmir”.

Məsələylə bağlı Nəcəf Məmmədovla da əlaqə saxladıq. Telefon zəngimizə özünü Nəcəfin qardaşı kimi təqdim edən şəxs cavab verdi. O, hadisədən məlumatsız olduğunu və bununla bağlı qardaşına xəbər verəcəyini bildirdi.



Nəqliyyat üzrə ekspert Ərşad Hüseynov isə Bakupost.az -a açıqlamasında bu məsələ ilə bağlı hüquq-mühafizə orqanlarının tədbir görə biləcəyini dedi:

“Şikayətçinin məhkəməyə müraciət etmək üçün əlində heç bir müqaviləsi yoxdur. Ona görə də o, başına gələnlərlə bağlı Daxili İşlər Nazirliyinə məktub ünvanlamalıdır. Həm də 36-cı polis bölməsindən probleminin həllinin nəticəsini tələb etməlidir. Bölmədən ən azından ona bir arayış təqdim etməlidirlər ki, zərərçəkmiş məhkəməyə müraciət edə bilsin”.

Qeyd edək ki, Çingiz Əkbərov avtomobili Nəcəf Məmmədovdan kredit yoluyla aldığını sübut edən səs yazılarını da redaksiyamıza təqdim edib.

Məsələ ilə bağlı 36-cı polis bölməsiylə əlaqə saxladıq. Bölmədən Bakupost.az -a bildirildi ki, mübahisə mülki xarakterli olduğu üçün zərərçəkmiş məhkəməyə müraciət etməlidir.

Ona görə də Çingiz Əkbərov dəftərxanaya yaxınlaşıb məhkəməyə müraciət etmək üçün ona lazım olan sənədi götürə bilər.




Vasif Əlihüseyn
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər