ABŞ prezidenti Donald Trampın kürəkəni Cared Kuşner bildirib ki, Ukrayna danışıqlarının əsas məqsədi sadəcə müharibəni bitirmək deyil, Rusiya ilə Avropa arasında münasibətləri bərpa etmək olmalıdır.
"Bakupost" xarici mediaya istinadla xəbər verir ki, onun fikrincə, ölkələr dinc yaşamağı və yenidən birlikdə biznes aparmağı öyrənməlidirlər.
Kuşner bu barədə 23 noyabrda dərc olunmuş "New York Magazine" jurnalına verdiyi müsahibədə danışıb. O hesab edir ki, müharibənin sonu Moskva ilə Avropa ölkələri arasında münasibətlərdə daha geniş dəyişikliklərin başlanğıcı olmalıdır.
Kuşnerin sözlərinə görə, danışıqların əsas nəticəsi Rusiya ilə Avropa arasında münasibətlərdə yenidən qurulma olmalıdır ki, bu da daimi düşmənçilikdən və yeni münaqişələrdən qaçmaq demək olacaq.
O bildirib ki, bəlkə də insanların həyatlarını yenidən qurmasına və birlikdə biznes aparmasına imkan verəcək bir yol tapıla bilər.
Kuşner həmçinin Ukrayna prezidenti Vladimir Zelenski ilə danışıqlarından da danışıb. O, Ukrayna liderini inandırmağa çalışıb ki, müharibə bitdikdən və etibarlı təhlükəsizlik zəmanətləri alındıqdan sonra Kiyev iqtisadi bərpaya diqqət yetirə biləcək.
Kuşnerin sözlərinə görə, Zelenski ölkənin bərpasına şəxsən rəhbərlik etməli və hərbi əməliyyatların bitməsindən sonra açılacaq imkanlardan yararlanmalıdır.
Kuşner qayıanatası Trampı Zelenskiyə açıq şəkildə hücum etməyi dayandırmağa inandırmağa çalışdığını etiraf edib. O, həmçinin Ukrayna tərəfini danışıqları açıq şəkildə müzakirə etmək vərdişinə görə tənqid edib və bunun razılaşmaların əldə edilməsinə mane olduğunu düşündüyünü deyib.
Trampın kürəkəni əmindir ki, Ukrayna müharibə bitdikdən sonra daha yaxşı gələcəyə ümidlə baxa biləcək. Lakin o, mümkün sülh müqaviləsi üçün konkret bir müddət göstərməyib.