Hansı bank etibarlıdır? - SORĞU
Ru
10:29 / 15 Oktyabr 2024

Leyla Əliyeva ICESCO-nun qərargahında - FOTO

1745
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva İslam dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) Mərakeşin Rabat şəhərində yerləşən qərargahında olub. Oktyabrın 14-də ICESCO-nun baş direktoru Salim bin Məhəmməd əl-Maliklə görüşdə Heydər Əliyev Fondunun fəaliyyəti, Azərbaycan-ICESCO əməkdaşlığı, o cümlədən Fond ilə birgə layihələr müzakirə edilib.

Bakupost.az xəbər verir ki, noyabr ayında ölkəmizdə keçiriləcək COP29 çərçivəsində Fond və ICESCO arasındakı əməkdaşlıq, təşkilatın COP29-da pavilyonla təmsil olunması ilə bağlı məsələlər diqqət mərkəzində olub.

Görüşdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təsisçisi və rəhbəri olduğu IDEA İctimai Birliyi tərəfindən həyata keçirilən ekoloji layihələr barədə də məlumat verilib. Ətraf mühitin qorunması sahəsində ICESCO ilə Heydər Əliyev Fondunun gələcək əməkdaşlığı nəzərdən keçirilib.

Daha sonra Heydər Əliyev Fondu ilə ICESCO arasında Burkina-Fasoda məcburi köçkün qızlar və internat evləri üçün təhsil və sosial dəstək layihəsi üzrə əməkdaşlıq sazişi imzalanıb. Sənədi Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov və ICESCO-nun baş direktoru Salim bin Məhəmməd əl-Malik imzalayıblar. Layihənin məqsədi qız tələbələri lazımi resurslar, mentorluq və təhlükəsiz, dəstəkləyici mühitlə təmin etməkdir. Bu isə keyfiyyətli təhsilə çıxış, həyat bacarıqları təlimi və emosional dəstək, şəxsi inkişafı və dayanaqlığı təşviq etmək kimi məsələlərin həlli deməkdir. Layihə çərçivəsində seminarların təşkili, məktəblərdə kompüter siniflərinin və kitabxanaların yaradılması da nəzərdə tutulur. 2025-ci ilin oktyabr ayınadək davam edəcək layihə Burkina-Fasonun bir sıra şəhərlərini əhatə edəcək.

Nümayəndə heyəti daha sonra ICESCO-nun Rabatdakı qərargahında yaradılan Peyğəmbər və İslam Sivilizasiyası Muzeyini ziyarət edib. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Muzeyin xatirə kitabına ürək sözlərini yazıb.

Azərbaycan 50-dən çox müsəlman dövlətinin təmsil olunduğu nüfuzlu beynəlxalq mədəni-humanitar qurum olan İslam dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) 1991-ci ildən üzvüdür. Həmin vaxtdan qurulmuş münasibətlər Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın 2006-cı ildə ICESCO-nun xoşməramlı səfiri adına layiq görülməsi ilə daha da genişlənib.

Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu ilə ISESCO arasında da sıx əməkdaşlıq mövcuddur. Təhsil, mədəniyyət, səhiyyənin inkişafı məsələlərini prioritet kimi qəbul edən Heydər Əliyev Fondunun bu istiqamətdə gördüyü işlər və reallaşdırdığı layihələr İSESCO-nun əsas fəaliyyət istiqamətləri ilə uzlaşdığından iki qurum bir çox sahədə əlaqələrini daha da genişləndirir.

2024-cü il üzrə İslam dünyasının mədəniyyət paytaxtı seçilən Şuşada bu ilin may ayında Heydər Əliyev Fondu və ICESCO arasında mədəniyyət, elm və təhsil, yeni texnologiyaların inkişafı sahələrində təcrübə mübadiləsinin aparılmasını, eyni zamanda, birgə layihələrin icra olunmasını nəzərdə tutan əməkdaşlığa dair imzalanan memorandum da əlaqələrin genişləndirilməsi istiqamətində növbəti addım kimi dəyərləndirilə bilər.


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar