Livan hakimiyyəti İsraillə Hizbullah hərəkatı arasında hərbi əməliyyatların dayandırılacağı təqdirdə ölkənin cənubunda silahlı qüvvələrin əlavə hissələrini yerləşdirməyə hazırdır.
Bakupost.az bildirir ki, bunu “Frans Press” agentliyinə Livanın baş naziri Nəcib Mikati deyib.
“Hazırda ölkənin cənubunda 4,5 min əsgər var və biz onların sayını 7-11 minə çatdırmaq istəyirik” - deyə, nazir qeyd edib.
Livanın baş naziri təsdiqləyib ki, sentyabrın 30-dan İsrail silahlı qüvvələri vaxtaşırı ölkəyə daxil olub.
Qeyd edək ki, sentyabrın 23-də İsrail Livanda şiə Hizbullah hərəkatının birləşmələrinə qarşı “Şimalın oxları” əməliyyatına başlayıb və bu əməliyyat zamanı təşkilatın hərbi hədəflərinə kütləvi zərbələr endirir. Məqsəd yəhudi dövlətinin şimal sərhəd bölgələrində təhlükəsiz şərait yaratmaqdır ki, on minlərlə sakin oraya qayıda bilsin.
Sentyabrın 27-də İsrailin endirdiyi zərbələrdən biri nəticəsində Beyrutda Hizbullahın baş katibi Həsən Nəsrullah öldürülüb. Oktyabrın 1-nə keçən gecə İsrail ordusu Livanın cənubundakı sərhəd bölgələrində quru əməliyyatı elan edib.
Cavidan, BakuPost