FB dostlarımızın ad günlərində yazdığımız təbrikləri, adətən, “əziz və hörmətli” təyni ilə başlayırıq. Əlbəttə, həmin insanların bizim üçün nə dərəcədə əziz və hörmətli olmalarından asılı olmayaraq, ad günlərində onları məhz gözəl sözlərlə təbrik etmək milli ədəbimizin ən gözəl xüsusiyyətlərindəndir.
Lakin dəyərli millət vəkilimiz Sadiq Qurbanov “əziz və hörmətli” təyininə layiq olan nadir insanlardandır. O, bu məqamı, bu adı, bu ünvanı, sözün həqiqi mənasında, əsl azərbaycanlı olması ilə qazanıb. Çünki onu tanıyanların, hətta az bir müddətdə də olsa, onunla ünsiyyətdə olanların qəlbində özünə azərbaycanlı heykəli qoydura bilib.
Necə bir qarışıq mənəvi münasibətlər dövründə yaşadığımızı hamımız bilirk. Belə bir şəraitdə öz mənəvi kimliyini qorumaq, insanların hörmət və rəğbətini qazana bilmək çox çətin məsələdir. Zaman məqam sahiblərini çox şeyə məcbur edir. Lakin Sadiq muəllim mənəvi kimliyini, millət vəkili adını ləyaqətlə qoruyur və ona hörmət gətirir. Ona olan hörmət və sevgi, əslində, Sadiq müəllimin Vətən övladlarına bəslədiyi qarşılıqsız hörmət və rəğbətin ifadəsidir. Ona görə də insanlar təkcə Sadiq müəllimə deyil, onun simasında təmsil etdyi quruma da hörmət bəsləyirlər.
Yaxınlarda Sadiq müəllimlə bağlı bir qısa videoya baxmaq qismət oldu. 44 günlük savaş zamanı vaxtilə dərs dediyi tələbəsi əsgər yoldaşları ilə birgə video çəkib Sadiq müəllimə göndərmiş, ürək sözlərini çatdirmişdi. Bu hadisə mənə çox təsir etdi. Od-alovun içərisində olan əsgərin ürəyindən öz müəllimini salamlamaq arzusu keçmişdi. İndi o tələbə bu dünyada yoxdur. Vətən uğrunda şəhid olub. Ancaq onun və dostlarının yolladıqları salam Sadiq müəllimin bütün ömrü boyu qazandığı ən böyük mükafat və dua kimi daim qalacaq.
Sadiq müəllimin bütün milli-mənəvi kimliyi məhz bu məqama – “azərbaycanlı” adına sadiq qalmağı ilə ifadə olunur. Onun üçün insanın haradan olmağının fərqi yoxdur: təki Azərbaycanlı olsun, Vətən övladı olsun.
Belə qalın, Sadiq müəllim. Ömrü Allah verir, ancaq insan faili-muxtardır: öz mənəvi kimliyini özü seçir. Sizi məhz böyük Azərbaycanlı olduğunuza görə sevirik. Adınızla, fəaliyyətinizlə təkcə özünüzə deyil, təmsil etdiyiniz quruma, bağlı olduğunuz əqidəyə də hörmət gətirirsiniz. Əsil var-dövlət budur. Bu var-dövlətinizin daim artması arzusu ilə Sizi təbrik edir, can sağlığı, uzun ömür və işlərinizdə uğurlar arzulayıram.
Professor Seyfəddin RZASOY