Xəzər rayonunun Mərdəkan qəsəbəsində dörd nəfər suda boğularaq həyatını itirib.
Məlumata görə, bir araya gələn dörd dost yeyib-içdikdən sonra hava şəraitinin küləkli olmasına baxmayaraq, dənizə giriblər. Bir müddət sonra onların hamısı suda batıb.
Fövqəladə Hallar Nazirliyinin (FHN) şöbə rəisi Akşin Əlili Baku TV-yə açıqlamasında bildirib ki, qurum tərəfindən aparılan kütləvi maarifləndirmə işlərinə baxmayaraq, hələ də bəzi vətəndaşlar küləkli havada, dalğalı dənizdə, həmçinin nəzarətsiz və çimərlik üçün nəzərdə tutulmayan ərazilərdə suya girirlər. Bu cür davranışlar isə acı sonluqla nəticələnir:
"Nəzarətsiz qeyri-çimərlik əraziləri mürəkkəb relyefə, güclü axına, məhdud görünüşə və digər təhlükəli xüsusiyyətlərə malikdir. Bu səbəbdən həmin ərazilərdən istifadə edən insanların həyat və sağlamlığı ciddi risk altındadır. Əhalini bir daha xəbərdar edirik ki, yalnız xilasedicilərin nəzarət etdiyi çimərliklərdən istifadə etsinlər və xilasedicilərin çağırış və tələblərinə ciddi riayət etsinlər".
***
Axtarışlar nəticəsində dalğıc-xilasedicilər tərəfindən 2007-ci il təvəllüdlü Əbdülov Elmar İsa oğlunun meyiti suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Bakupost.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Digər şəxs - 2003-cü il təvəllüdlü Məcidov Pərviz Zöhrab oğlunun axtarışları davam etdirilir.
***
15:42:
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində ən yaxın xilasetmə məntəqəsindən 3 km aralı, dənizdə nəzarətsiz ərazidə 4 nəfərin batması barədə ilkin məlumat daxil olub.