Ru
18:56 / 19 İyun 2025

Alim Qasımovun “Şəbi Hicran”da yanmağı – Muğamın "Leyli və Məcnun" atəşi

Alim Qasımovun “Şəbi Hicran”da yanmağı – Muğamın "Leyli və Məcnun" atəşi
Eye

Bu günlərdə Heydər Əliyev Sarayında keçirilən “Şəbi hicran” muğam kompozisiyası Azərbaycan musiqi və teatr sənətində unudulmaz iz qoydu. Xalq artisti Alim Qasımov və Əməkdar artist Fərqanə Qasımovanın səhnədə təqdim etdikləri bu əsər, yüzilliklərdən gələn muğam ənənəsinin çağdaş təcəssümü olmaqla yanaşı, milli sənətin birgə sintezinə şahidlik etdi.

68 yaşında səhnəyə çıxan Alim Qasımovun səsi və ifası təkcə texniki ustalıq deyil, həm də dərin emosional qavrayışın məhsulu idi. O, Məcnun partiyasını gənc yaşındakı təravətlə, yüksək məharət və incəliklə ifa etdi. Bu, sadəcə səs performansı deyil, ruhi aləmin son dərəcə incə inikası idi. Onun səhnədəki varlığı, bədən dili, mimikası və vokal imkanlarının vəhdəti tamaşaçıya böyük məmnunluq hissi yaşatdı.

Bu ifa Alim Qasımovun uzun illər boyu topladığı sənət təcrübəsinin zirvəsi idi. Onun ifasındakı hər not, hər pauza, hər dəyişiklik sanki Məcnunun qəlbindən süzülürdü. Bu yaşda belə yüksək səviyyədə ifa, həm də bunu gənc yaşındakı kimi canlandırmaq, Azərbaycan musiqisinin ən böyük möcüzələrindən biridir.

Əməkdar artist Fərqanə Qasımovanın səhnədəki rolu isə Leylinin obrazına həyat verdi. Onun səsi incəlik və qüvvət arasında mükəmməl balans yaratdı. Qasımovanın ifasında Leyli həm zərif, həm də azad ruhlu qadın kimi təqdim edildi. Ata-qız arasında yaranan səhnə harmoniyası, musiqi dialoqu hər iki ifaçı üçün yeni bir yaradıcılıq səviyyəsi idi.

Fərqanə xanımın səsi Alim Qasımovun Məcnun partiyasını tamamlayır, səhnədə iki obraz arasında ahəng və müzakirə yaradırdı. Onun ifası muğamda qadın enerjisinin ən ali ifadəsi kimi yadda qaldı.

Bu möhtəşəm layihənin səhnə rejissoru Əməkdar incəsənət xadimi Hafiz Quliyev idi. Onun quruluşu muğamın ruhunu ən incə detallara qədər səhnəyə gətirdi. H.Quliyevin rejissorluq yanaşması həm klassik muğamın mənəvi dərinliyini qoruyur, həm də onu müasir teatr elementləri ilə zənginləşdirirdi. Rejissor muğamın melodik axarını teatr dilinə çevirərək, musiqini yalnız eşidilən deyil, həm də görünən sənətə çevirdi.

Əməkdar artist Bəhruz Vaqifoğlunun quruluşunda gənc aktyorlar Leyli və Məcnunun hisslərini pantomim vasitəsilə tamaşaçılara ötürdülər. Onların jestləri, mimikaları və ritmik hərəkətləri səhnədə səssiz, amma aydın anlaşılan bir dialoq yaratdı. Pantomim, sözün olmadığı, lakin emosiyaların ən açıq şəkildə ifadə edildiyi bir teatr dili kimi bu kompozisiyada muğamın dramatik tərcüməsini tamamladı. Bədən dili ilə səhnəyə gələn hisslər, müasir teatr texnikalarının muğamla sintezi tamaşaya yeni nəfəs verdi.

Səhnə dekoru və işıqlandırma hər notun, hər duyğunun vizual obrazla müşayiətçisi oldu. Səhnə dizaynında qaranlıq və işığın, kölgələrin və parlaqlığın dialoqu gözə çarpırdı. Leylinin simasında işıqlar ağ və yumşaq tonlarda, Məcnunun səhnəsində isə daha ziddiyyətli, qaranlıq və sarımtıl rənglərə dəyişirdi.

Bu rəng və işıq oyunları, musiqinin dramatikliyi ilə uyğunlaşaraq tamaşanın emosional intensivliyini artırdı. Dekor isə çox sadə, minimal, lakin mənalı idi: səhnədə istifadə olunan elementlər sanki səhranın ruhunu, məhəbbətin əzabını simvolizə edirdi.

Məlumdur ki, bir neçə gün əvvəl sosial şəbəkələrdə və musiqi dairələrində Alim Qasımovun məclislərin birində zarafatla rep oxuması bəziləri tərəfindən tənqid olundu. “Şəbi hicran”la Alim Qasımovun onlara ustad dərsi keçdi.

Bu cür təcrübələr onun sənətinin həm gənc nəsilə yaxınlaşması, həm də muğamın sərhədlərini genişləndirməsi baxımından böyük əhəmiyyət kəsb edir. Alim Qasımovun öz sənətində etdiyi bu yeniliklər onun 68 yaşında belə gənc ruhunu və yenilikçi baxışını nümayiş etdirdi
.
Alim Qasımov təkcə muğamın deyil, həm də Azərbaycan milli sənətinin canlı simvoludur. Onun səsi, yorulmaz ustalığı və sənətə sonsuz bağlılığı gələcək nəsillərə muğam ənənəsinin əbədi davamını təmin edir.

İltifat HACIXANOĞLU


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar