Bu gün canlarından keçərək, şanlı tariximizə “Zəfər günü”nü həkk edən vətən oğullarının ikinci anım günüdür.
Biz onları hər zaman ehtiramla anmağa borcluyuq. Amma bu şanlı zəfərin şəhidləri ilə bərabər, həm də şahidləri var. Şahidlər şəhidlərin danışan dili, görən gözü, eşidən qulağıdır. 44 günlük Vətən müharibəsində qələmi atıb silaha sarılan oğulları var bu vətənin.
Onlardan biri də tanınmış şair, jurnalist Emin Piridir.
O, 44 günlük müharibədə yaşadıqlarını Bakupost.az -a danışıb.
- Müharibə bir qələm adamı üçün nədir?
- Bir şair ruhlu insan, qələm adamı kimi, əlbəttə, bütün müharibələrin əleyhinəyəm. Amma bir həqiqəti də qəbul edək ki, bizim ən gözəl bildiyimiz sevgi şeirləri ayrılıqdan yaşanmış şeirlər olur. Müharibə mövzusunda da ən gözəl şeirlər, romanlar, filmlər, əsərlər faciələrdən doğur. Çox qəribədir ki, adı incəsənət olsa da, istər filmlər, istər teatr, şeir-hekayə olsun, faciələrdən yaranır. İnsanlar gözəl film izləmək, yaxşı şeir oxumaq istəyir, amma unudurlar ki, bu yaxşı əsərlərin hər biri dərd və faciələrdən yaranır. Əgər insanlar dərd və faciə istəmirsə, o zaman yaxşı şeirlərdən, filmlərdən imtina etməlidir. Bir-birinə dərd yaşatmamalıdır ki, o əsərlər ortaya çıxmasın.
- Azərbaycanda ədəbiyyat adamları adətən, belə bir fikir səsləndirir ki, şair müharibənin əleyhinə olmalıdır. Bu fikirlə barışırsanmı?
- Həmin şair və yazıçılar yazdıqları əsərlərə görə haradansa müəyyən məbləğdə qonorar alırlar. Bir gün qonorarlarını verməsələr, sosial şəbəkədən tutmuş, mediaya kimi hər yerdə elə məqalalər yazar, elə üzə durarlar ki, məəttəl qalarsan. O zaman mən həmin şairlərə, yazıçılara sual vermək istəyirəm: Savaş pisdirsə, bəs niyə qonorar uğrunda savaşırlar? Şair əlbəttə ki, haqq savaşında olmalıdır. Amma yazı adamını qınayanda da xarici yazıçıların avtobioqrafiyasına baxmalıdırlar. Məsələn, Hüqoya baxsınlar. Hüqo Prussiya-Fransa müharibəsi vaxtı xalqa hansı çağırışı edirdi? Az qala hər evdən bir övlad istəyirdi ki, ləyaqətsizlikdən xilas olsunlar. Bir çox belə nümunələr göstərmək olar. Baxır, şair savaşı hansı tərəfdən görür. Haqq savaşıdırsa, bu şairi daha da ruhlandırmalıdır. Şair-yazıçı müharibədə iştirak etməlidir. Amma müharibə cinayətinə qol qoymamalıdır. Nəinki şair, yazıçı, heç bir hərbçi bu cinayəti törətməməlidir. Bu isə artıq vicdan məsələsidir.
Sənin əlinə əsir düşübsə, sən onunla əsir kimi davranmalısan. Artıq əsirə əzab verib döyürsənsə, bu insanlıqdan çıxmaqdır. Mən belə şeylərin əleyhinəyəm.
- Müharibədə iştirak etmək sənin üçün niyə vacib idi?
- Mən həm mediada, həm də tarix müəllim kimi çalışırdım. Təsəvvür et ki, tarix müəllimi girib sinifdə işğaldan danışır. Tariximizin son 200 ili işğallarla bağlıdır. Bir gün şagird ayağa qalxır və sual verir ki, bəs nə vaxt qələbə qazanacağıq? Sizlər nə zaman bunu bacaracaqsınız?
İkinci bir tərəfdən, mən ehtiyatda olan baş leytenant idim. Bunun özü adama əzab verirdi ki, sən tarixdən, vətənpərvərlikdən, azadlıqdan danışırsan, amma müharibə vaxtı sinif otağında oturmusan. Mən bunu əzabına dözə bilməzdim. Ərizəmi yazıb işdən çıxardım.
- Sənin rütbənin olduğundan mən də daxil bir çox insan müharibə vaxtı xəbər tutdu. Niyə bunu həmişə gizli saxlayırdın?
- Bəli, rütbəmdən heç vaxt bəhs etməzdim. Çünki məğlub ölkənin zabiti olmaq mənə əzab idi. Çiynimdəki o ulduzlar mənə ağrılıq verirdi. İndi isə qalib ölkənin qalib əsgəri olmaqdan qürur duyuram.
- 44 gün boyunca biz müharibəni izləyən tərəf idik, sizlər isə onun iştirakçıları. Şübhəsiz ki, ağrılı xatirələri daha çoxdur müharibənin. Amma həm də həyat dərsidir. 44 gündə hansı dərsləri aldın?
-Təbii ki, hadisənin iştirakçısısansa, avtomatik olaraq həyati dərslər alırsan. Özü də travma ilə birlikdə. Bəzi hadisələrə həyati yanaşmalarım vardı ki, nəzəri idi. Amma müharibə adama bunu praktiki olaraq öyrədir. Məsələn, məndə müharibədən əvvəl həddindən artıq ürəyiyumşaqlıq, liberallıq var idi. Amma müharibə zamanı onu anladım; bəzi şeylər var ki, əgər kəsib atmaq, həyatından silmək lazımdırsa, etməlisən. Müharibə mənə qətiyyətli olmağı öyrətdi.
Müharibədən əvvəl çox utancaq idim. İndi o xarakterim ikinci plana keçib. Həyatda zəif insanlardan zəhləm gedir. Zəif deyərkən fiziki zəifliyi nəzərdə tutumuram, xaraktercə zəif insanları nəzərdə tuturam. Dünyada ən murdar insanlar xaraktercə zəif insanlardır. Müharibədə bir daha şahidi oldum ki, xaraktercə zəif insanlardan uzaq durmaq lazımdır. Çünki o cür insanlar istər ailəyə, istər dövlətə ən çox ziyan vuran insanlardır.
Praktiki olaraq həm də öyrəndim ki, həyatda hər şey fanidir. Nələrəsə aludə olub onu həyat amalına çevirməməlidir insan.
Müharibədə həyatdan zövq almağı öyrəndim. Məsələn, o qədər torpaq, palçıq-yağış altında yatırdıq ki, artıq mən evdə yorğan-döşəkdə yatmağın xoşbəxtliyini duya bilirəm. Yaxud da müharibədən sonra soğan-çörək yeməkdən həzz ala bilirəm. Bir sözlə, kiçik şeylərdə xoşbəxtlik tapa bilirəm.
- 44 gündə yaddaşından silinməyən fraqmentlərdən bəhs edə bilərsənmi?
- Müharibənin az qala hər günü, hər saatı müəyyən hadisələrlə yaddaqalan olmuşdu. Hər hadisənin insana bir cür təsiri olur. Bir hadisə danışım. Bizə ərzaq payı gəlmişdi, içində siqaret də var idi. Məlumat verildi ki, bu payları şəhid anası göndərib. Əhd edib ki, oğlunun qan pulunu cəbhə yoldaşlarına, cəbhəyə göndərsin. Əsgərlər həmin ərzaqları yeyərkən gözlərindən yaş gəlirdi. Həm ac idilər, çünki müharibənin gərəyidir, istədiyin vaxt yemək yeyə bilmirsən, həm də sanki əzab çəkirdilər o çörəyi yeyərkən. Bu mənə çox toxunmuşdu.
- Real müharibə mühitində olduğunu nə zaman dərk etdin?
- Müharibədə olduğunu ən çox dərk etdiyin an döyüşə ilk buraxıldığımız gün oldu. Bizim döyüşə buraxıldığımızın ilk günü xüsusi təyinatlı zabit gəlmişdi. Müəyyən şeylər soruşdu və ən sonda bizdən Kəlimeyi-Şəhadətimizi bilib-bilmədiyimizi soruşdu. O an dərk etdim ki, biz əsl müharibənin içindəyik. Yəni sənin burdan sağ çıxmağın ancaq Allahın əlindədi və sənə lazım olan yeganə şey Kəlimeyi-Şəhadətdir.
- Kövrəldiyin məqamlar olurdumu?
- Noyabrın 4-də biz Şuşa istiqamətinə buraxılmışdıq. Xocalının kəndlərindən keçirdik. O kəndlərdən keçəndə mənə ən çox təsir edən Xocalının kəndləri olmuşdu. Çünki biz Xocalıda qətlə yetirilən uşaqların bəziləri ilə yaşıdıq, bəzilərindən böyüyük. Bizim yaddaşımızda Xocalı qətliamın məkanı olaraq qalıb və həmin dövrü kitablarda, efirdə görən uşaqların böyüyüb indi o kəndləri azad etməsi çox təsirli idi. Mən o hadisələri uşaq vaxt izləyən əsgərlərin indi böyüyüb əlinə silah alıb həmin kəndləri azad edib orda addımlamasına çox kovrəlmişdim. Xocalı kəndində olmaq mənim üçün ayrıca bir qürur hissi yaratmışdı.
- Bir əsgəri döyüş zamanı ən çox qorxudan şey nədir: ölüm, yoxsa əsir düşmək?
- Bir hadisə danışacam. Deməli, Şuşa hələ azad olunmamışdı, o istiqamətdə tabordan ayrı düşmüşdük, tağımı ayrıca aparmalı olmuşdum. Xocalının Çanaqçı kəndində erməni “Ural”na minmişdik. Hava çox dumanlı idi, korpus komandirlərindən biri mənə istiqamət göstərdi və dedi ki, duman olduğu üçün icazə verirəm, işıq yandırmadan gedin. Dumanda mən yolu azdım, bir neçə dəqiqə sonra qəribə şəkildə hiss etdim ki, biz lazım olan istiqaməti keçmişik. Meşəyə düşəndə isə yalnız onu qışqırdım ki, biz azərbaycanlıyıq. Təsadüfdən bizim kəşfiyyat bölməsinə rast gəldik. Orda məlum oldu ki, sən demə, biz istiqamətdən yayınmışıq, hətta müəyyən xətləri keçmişik. Sən demə, həmin yol “Qırmızı Bazar” tərəfdən Xankəndinə gedən yoldur. Həmin hadisədən sonra saqqalım bir neçə günün içində ağardı. İndi saqqalımda tək-tük qara tük var. Həmin hadisə mənim üçün daha böyük travma olmuşdu ki, biz əsir düşə bilərdik. Mənim üçün müharibədə ən dəhşətli şey əsir düşməkdir. Erməniyə əsir düşmək azərbaycanlı zabitin həzm etməyəcəyi bir şey idi. Bəlkə də intihar edərdim.
- Cəbhəyə gedəndə ölümə getdiyini bilirdin. Qapıdan çıxanda ailənə dediyin söz nə olmuşdu?
- Cəbhəyə gedən gün “Ədalət” qəzetində idim. İş yoldaşlarımla görüşüb vidalaşdım. Amma anam cəbhəyə gedəcəyimdən axşam xəbər tutdu. Bütün həqiqətləri isə ancaq oğlan dostlarıma demişdim. Səhəri gün evdən çıxanda anam məni "Qurani-Kərim"in altından keçirdi. Cəbhədə olanda anama yalandan demişdim ki, Xızıda silah anbarında işləyirəm, telefona zəng çatmasa, narahat olmasın. Sonradan məlum oldu ki, anam əslində həqiqəti bilirmiş, amma mən narahat olmayım deyə özünü aldanmış kimi göstərirdi. Evdən yola düşərkən, xüsusi bir vəsiyyətim olmadı. Sadəcə, bacımın qızlarını bağırıma basdım.
- Bir əlində silah, bir əində qələm döyüşə yollandın. Qeydlər olurdumu?
- İstedad varsa, orada hər saniyəni bir romana çevirmək olar. Amma həmin vaxt nə isə yazırdım desəm, uydurma olar. Çünki o ərəfələrdə bizim heç su içməyə belə imkanımız olmurdu, o ki qala dəftər çıxarıb nə isə yazmaq. Amma sakitçilik olanda epizodları qeyd edirdim. Müharibədən gələndən sonra həmin epizodlardan şeir yazmışam. Günləri, hadisələri bir cümləyə sığdırırdım. Bir qeydim vardı, “Xocalı kəndlərindəyik”. Bilirdim ki, təkcə bir cümlə ilə mən orda baş verənləri xatırlayıb onlarla şeir, esse yaza biləcəm.
Bundan əvvəl də müharibə haqqında şeirlərim olub. Amma indi demək olar ki, bir ömürülük şeir, esse, hekayə mövzum var. Allaha minnətdaram ki, həm məni müharibədə sağ saxladı, həm də bir ömür yazıb bitirə bilməyəcəyim mövzular verdi.
- Biz müharibədən sonra işğaldan azad olunmuş torpaqlarda evlərin xarabalıqlarına yazılan əsgər qeydləri görürük. Sənin belə qeydlərin olub?
- Düzdü desəm, divar yazmaqdan həmişə uzaq durmuşam. Əsgərlərin özünü xatırlatmaq istəyini də gözəl anlayıram. Amma özüm belə şeylər yazmamışam. Əsgərlərimdən olurdu divarlara qeydlər yazan. Ümumiyyətlə, belə şeylərə çox həssas yanaşmışam. Müəllim olduğumu nəzərə alsaq, məktəb görmüşəm. Ona görə də düşün, bir məktəb divarını necə yaza bilərəm? Hətta ermənilərin bəzi kitablarını açıb vərəqləmişəm. Erməni şagirdlərinin şəkilləri çıxırdı qarşıma. Mən erməni də olsa, şagird şəkillərini yandırmamışam.
- Müharibə səni hansı istiqamətdə dəyişdi?
- Bayaqda dedim müharibədən sonra utancaqlığı, aşırı həssaslığı kənara qoymuşam. Bizim bir zabitimiz var idi. Cəbhədə ilk gün mənə dedi ki, bu qədər mədəni olma. Bir az qəddarlaş, müharibə sənin yerin deyil. Müharibə bitəndə isə əsgərlərlə danışığımı eşitmişdi. Məni çağırıb zarafatyana dedi ki, “Piriyev müharibə başlayanda səndən mədəni adam yox idi, indi isə səndən tərbiyəsiz adam yoxdu”. Ədəbi mühitdə mərhəmətli, şairənə görünsəm də, içimdə ikinci - hərbçi, qəddar bir Emin Piri var. O Emini də müharibə yaradıb.
- Şəhid xəbəri vermisənmi?
- Mənim bir əsgərim var idi. Səmədov. İki qardaş döyüş bölgəsində idilər. Zabitlər gəldi ki, Səmədovu aparmağa gəlmişik. Fikirləşdik ki, yəqin bunu tapşırıblar döyüş bölgəsindən çıxarsınlar. Amma sonra məlum oldu ki, qardaşı şəhid olub və ailənin yeganə oğlu qaldığı üçün döyüş bölgəsindən çıxıb geri qayıtmalıdır. Biz Səmədova bu vəziyyəti izah edə bilmirdik, çünki getmirdi. Axırda məcbur olub, ona qardaşının şəhid olduğunu dedim. Olduqca ağır idi.
- Bu gün 27 sentyabr anım günüdür. Özün də tarix müəllimisən. Hər zaman kimlərinsə yazdığı tarixi tədris edirdin, amma bu gün sizin - Azərbaycan əsgərlərinin yazdığı tarixi tədris edirsən. Bu necə hissdir?
- Şükür Allaha ki, müharibədə tarix müəllimləri də iştirak etdi. İndi biz “Zəfər tarixi” keçirik və o qədər rahatam ki, bunu sözlərlə ifadə etməkdə çətinlik çəkirəm. Kitabı oxumağa belə ehtiyac qalmır. Xəritənin önündə duraraq olduğun bölgələrdən danışırsan. Füzulidən danışanda xəritədə olduğum kəndlərin yerini göstərirəm. Bircə onu deyə bilərəm ki, jurnalist və tarix müəllimi kimi bu müharibədə iştirak etməyimdən daha çox şərəf hissi duyuram.
Günel Musa
BakuPost