“Ombudsmanın maaşının 12 minə qalxması böyük uğurdur” – VİDEO
6533
Bakupost.az yazıçı Şərif Ağayarın iştirakı ilə Bakupost TV YouTube kanalında yayımlanan “Yazıçı Postu” layihəsinin 40-cı buraxılışının yazılı variantını təqdim edir:
Əvəz Zeynallını itirdik...
– Əvəz Zeynallını itirdik. Əvəz əvəzsiz adam idi. Həyatı da, düşüncəsi də, yazıları da dramaturgiya ilə dolu idi. Bilirsiniz, dramaturgiya olmayan yerdə, qovğa olmayan yerdə, ixtilaf olmayan yerdə yaradıcılıq da yoxdur. Bu mənada Əvəz müəllim dolu bir insan idi, yaradıcı bir insan idi, azad bir insan idi. Onun şəxsində çox maraqlı, Azərbaycanı ürəkdən sevən bir qələm adamını itirdik. Onun boşluğu artıq görünməyə başlayıb. Mətbuatdakı və sosial şəbəkələrdəki reaksiyalardan biz ona geniş bir sevgi gördük. Mən bir daha onun Türkiyəyə gedərkən çəkdirdiyi şəklə baxdım. Əlli azərbaycanlı gənc oxumağa gedir. Hansı arzularla, hansı ümidlərlə gedirlər və nəticə nədir – baxanda adam doğrudan da həm təəssüflənir, həm kədərlənir.
Tale elə gətirdi ki, Əvəz Zeynallının ikinci həbsində mən də şahid kimi iştirak etdim. Hadisə mənim yanımda baş verdi. Əvəz müəllimlə münasibətim yaxşı olsa da, biz elə sıx-sıx görüşmürdük. Bu dəfə də yazıçı dostumuz Kəramət Böyükçöl vasitəsilə görüşdük. Mən ona zəng vurdum, o isə Əvəz müəllimlə Gənclik tərəfdə bir restorana nahara gəldiyini söylədi. Mən də o istiqamətlərdə idim. Getdim və Əvəz müəllim məni görəndə çox sevindi. İlk yemək kimi göyərti şorbası sifariş verdi. Çox gözəl bir yemək idi. Mən öz payımı yeyib qurtardım. Əvəz müəllim söhbət etdiyi üçün heç qabını yarılamamış içəri beş-altı koronavirus əleyhinə maska taxmış gənc daxil oldu. Əvəz Zeynallıya onlarla getməli olduğunu bildirdilər.
Səmimi deyim, çox mədəni davrandılar. Hətta ona yeməyini yeyib-bitirməsini təklif etdilər. Əvəz müəllim isə daha indən belə yeməyə həvəs qalmadığını deyib ayağa qalxdı. Maşınına minib gedəndə isə bizə tərəf səsləndi ki, həbs qərarına baxıb və onu əvvəlki maddə ilə ittiham etdiklərini görüb. Düzü, mən inanmadım. İlk dəfə idi belə bir hadisənin şahidi olurdum. Düşündüm, hansısa məsələ ilə bağlı danışdırıb buraxacaqlar.
Əvvəl nəşriyyatdakı ofisində saatlarla axtarış aparıldı, sonra isə gecə səhərə qədər məhkəməsi getdi. Qalanını isə bilirsiniz. Mən şəxsən öz adıma Əvəzin ölümü üçün ağrıyıram və özümü necə isə günahkar sayıram. Ruhun şad olsun, Əvəz müəllim, əgər mümkünsə, bizi bağışla.
Netanyahuya arxa çevirənlər...
– Həftənin ən çox müzakirə olunan məsələlərindən biri də İsrail rəhbəri Netanyahunun BMT-dəki çıxışı zamanı Azərbaycan nümayəndəsinin zalı tərk etməməsi oldu. Hətta bunu Azərbaycan-Türkiyə münasibətlərinin korlanması səviyyəsində təhlil edənlər vardı. Mən bu mövzuya keçməzdən əvvəl bir məsələ ilə bağlı danışmaq istəyirəm. Bəzən şərhlərdə mənə yazırlar ki, siz özünüzü hərşeyşünas kimi aparırsınız, bütün hadisələrə münasibət bildirirsiniz. Məsələ belə deyil. Bura yazıçı postudur və mən baş verənlərə yalnız bir yazıçı gözü ilə baxıram. Mən yalnız ədəbiyyatdan mütəxəssis kimi danışa bilərəm. Qalan məsələlərdə yanlışım ola bilər və istəyirəm mütəxəssislər həm YouTube kanalının, həm də sosial şəbəkələrdəki paylaşımların şərh bölümünə fikirlərini yazsınlar, bilmədiklərimizə, yaxud yanlış bildiklərimizə aydınlıq gətirsinlər. Nəinki məni özünü hərşeyşünas hesab edən qeyri-təvazökar biri saysınlar...
Mən forum tərəfdarıyam, müzakirə tərəfdarıyam, polemika tərəfdarıyam. Danışdığım mövzuların hamısını özüm seçmirəm, mövzular tamaşaçıların sualları və redaksiya heyətinin birgə rəyi əsasında hazırlanır.
Zaman-zaman Azərbaycan-Türkiyə münasibətlərində gərginlik yaranıb, lakin bu heç vaxt əsaslı heç nəyi dəyişməyib. Bizim nümayəndənin zalı tərk etməməsinin çox sadə bir səbəbi var: İsrail ən çətin günlərdə yanımızda olub. Müstəqilliyimizi elan edəndə bizi ən tez tanıyan ölkələrdən biridir. 44 günlük müharibədə həm hücum, həm də havadan müdafiə strategiyamızın təşkilində bizə texnika ilə çox ciddi dəstək verib.
Bütün bunlardan sonra biz bu dövlətin başçısı danışarkən zaldan çıxmamalıyıq. Zaldan çıxmamaq Netanyahunun dedikləri ilə birmənalı razılaşmaq demək deyil. Sadəcə, biz bizimlə dostluq edən bir ölkənin başçısına hörmətsizlik etməməliyik. Bu, diplomatik bir nəzakətdir. Azərbaycan özü də Fələstin kimi silahlı hücumlardan çox əziyyət çəkib. Oxşar faciələr yaşadığımız halda biz oradakı uşaq ölümlərini müdafiə edə bilmərik.
Məsələnin başqa bir tərəfi də var. Siz yəqin zalı tərk edən ölkələrin siyahısına baxmısınız. Onların mütləq əksəriyyəti öz vətəndaşlarına zülm edən, onların ən xırda hüquqlarını belə tanımayan avtoritar və totalitar ölkələrdir. Necə olur, sən öz vətəndaşına belə münasibət göstərirsən, amma fələstinlilərin halına acıyırsan? İcazə ver, səmimiyyətinə inanmayım.
Ombudsmanın maaşı...
– Milli Məclisin payız sessiyası başladı və ilk plenar iclasda qəbul olunan qərarlardan biri ombudsmanın maaşının dəfələrlə artırılması oldu. Bir yana baxanda gözlənilən qərar idi. Nazirlərin və deputatların maaşı çox yüksək olduğu halda ombudsmanınkı niyə aşağı olsun? Hələ üstəlik, bunu ölkəmiz üçün uğur da saymaq olar. Xüsusilə də Azərbaycanda minimum əməkhaqqı 400 manatdırsa və son dörd-beş ildə vətəndaşların hüquq və azadlıqları ilə bağlı irəliyə doğru bir addım belə atılmayıbsa...
Xətainin abidəsindəki rusca qeyd...
– Məşhur bir deyim var: Vətəndaşı olmayasan, çox əyləncəli ölkədə yaşayırıq. Təsəvvür edin, Şah İsmayıl boyda nəhəngə abidə qoyuruq və otuz üç il sonra məlum olur ki, abidənin harasındasa rusca bir yazı gedib. Yazı da nədir? Rəssam hazırladığı abidəni öz nəvəsi Atakuşevə ithaf edib. Adamı yandıran bu qeydin heykəlin qoyulması, restavrasiyası və yerinin dəyişdirilməsi vaxtı gözə görünməməsindən çox, onun rusca yazılmasıdır. Axı Şah İsmayıl məhz Azərbaycan dilində idarə olunan böyük bir imperiya yaratmışdı və bu dildə şeirlər yazırdı. Sanki bu qeyd Tanrının bizə bir işarəsidir. Hətta Rusiyanın ölkəmizdəki beşinci kolonunun varlığına eyham vuran bir işarəsi...
İkinci tərəfdən, öz nəvəsi haqda rusca qeyd yazan bir azərbaycanlı rəssam, deyəsən, adı İbrahim Novruzovdur, Xətaini haradan başa düşəcək? Məhz elə buna görə, onun təqdim etdiyi Xətai hansısa idarə müdirinin danladığı uğursuz qəzet redaktoru kimi məzlum-məzlum öz kreslosuna oturub.
Lakin abidədəki qeydin rəssam tərəfindən yazıldığı da dəqiq deyil. Abidəni 1993-cü ildə Xətai rayon icra başçısı işləyərkən sifariş verən Zəlimxan Məmmədli orada belə bir qeydin olmadığını bildirir. Sonrakı bərpa və yerdəyişmə işlərinə aid fotolarda da belə bir qeyd müşahidə olunmur. Elədirsə, bu yazı bura haradan düşüb? Yəqin ki, qeybdən!
Anar müəllimin Şuşa şeiri...
– Anar müəllimin Şuşa ilə bağlı sosial şəbəkələrdə geniş yayılan şeirini diqqətlə dinlədim. Əvvəl bir oxucu kimi, sonra bir ədəbiyyat adamı kimi, daha sonra Anar müəllimi çox yaxşı tanıyan bir insan kimi... Və yadıma Anar müəllimin Şuşada prezidentə verdiyi təklif düşdü. Demişdi, Azərbaycan Yazıçılar Birliyinin qurultayını Şuşada keçirmək istəyirik. On səkkiz-iyirmi yaşlı kasıb balalarının qanı hələ qurumamış torpaqlarda öz sədrliyinin qırxıncı ilini qarantiyaya alırdı. Dünyanı bizə Şuşada da güldürmək istəyirdi. O boyda hadisənin içində də öz eqosunu yeritməyə çalışırdı. Guya çox yaxşı bir iş görürdü, hələ bir aparıb Şuşaya çıxarmaq istəyirdi. Çox sevinirəm, nə yaxşı dövlət ərkanında bu biabırçı təklif qəbul olunmadı.
İndi bu şeirində eqosentrik düşüncəsi təzədən ortaya çıxır, ədəbiyyat onun şüuraltısını ifşa edir. Anar müəllim yazır ki, nə yaxşı Şuşa alındı...
“...yoxsa mən məhv edərdim, bu dünyadan ümidsiz, peşman, nakam gedərdim”.
Mən şəxsən inanmıram ki, Şuşa alınmasa, Anar müəllim bu dünyadan peşman və nakam gedəcəkdi. Əgər belə olsaydı, Şuşa alınmayan bu otuz ildə onun könül yandıran, ürək yaxan bir etirazını görərdik. Bu şeirdə də Şuşa sevgisi, Şuşa yanğısından çox, Anar müəllimin eqosu var. Sanki problem Şuşanın işğal altında qalması deyil də, Anarın bu dünyadan ümidsiz, nakam və peşman getməsidir.