Ru
17:55 / 12 May 2025

"Paşinyan dinməz-söyləməz Moskvaya getdi, çünki..." - ŞƏRH

"Paşinyan dinməz-söyləməz Moskvaya getdi, çünki..." - ŞƏRH
Eye

Qərbyönlü siyasətə üstünlük verən, bu səbəbdən son illər Moskvada gələn təklifləri geri çevirən, hətta KTMT-də fəaliyyətini donduran Ermənistan baş naziri Nikol Paşinyan bu dəfə geri addım atdı. Söhbət Ermənistan liderinin mayın 9-da Moskvada keçirilən parada qatılmasından gedir.

Rusiyadan uzaqlaşmaq istəyən və Qərbə inteqrasiya iddiasında olan Ermənistan baş nazirinin bu addımının səbəbləri hələ də müzakirə olunur.

Bəs Azərbaycanda bu barədə nə düşünürlər?

Mövzu ilə bağlı Bakupost.az -a danışan politoloq Zərdüşt Əlizada bildirib ki, Ermənistanın Rusiyadan tamamilə qopması real görünmür:


“Ermənistanın mövqeyi elədir ki, o, Rusiyadan qopa bilmir, tam asılıdır. Əvvəla, ordusu rus ordusunun təlimində iştirak edir, zabitlərinin çoxu rus ali məktəblərini qurtarıb, silahlarının əksər hissəsi rus silahıdır, ərazisində rus hərbi bazası var, sərhədlərinin böyük hissəsini rus sərhədçiləri qoruyur, xarici ticarət dövriyyəsinin də 90 faizi Rusiyanın hesabınadır. Ermənistanın hakim siyasi səmtinin təfəkkür tərzi, tərbiyəsi, təhsili Rusiya ilə bağlıdır”.

Z.Əlizadə qeyd edib ki, Paşinyanın Rusiya ilə münasibətləri kəsməməsinin səbəblərindən biri də Qərbin Ermənistana əvvəlki kimi maraq göstərməməsidir:

“Paşinyan çox istəyir ki, Rusiyadan aralansın. Amma, birincisi, Qərb artıq Ermənistana əvvəlki marağı göstərmir, ikincisi, Rusiyadan qopmaq o qədər də asan deyil. Bəşəri, iqtisadi, siyasi bağlar o qədər güclüdür ki, onları ağrısız qırmaq, qoparmaq mümkün deyil. Ona görə Paşinyan bəlkə də 20-ci dəfədir ki, Rusiyaya gedir. O, heç vaxt Rusiyanı tam danmırdı, tez-tez gedirdi, tədbirlərdə iştirak edirdi. İndi də hesab edir ki, Ermənistana bir dövlət kimi Rusiya ilə münasibətləri davam etdirmək daha faydalıdır”.

Ekspert əlavə edib ki, ABŞ-ın Cənubi Qafqaza marağı zəiflədiyi üçün Ermənistan rəhbərliyi Rusiya ilə münasibətləri davam etdirməyə üstünlük verir:

“ABŞ ümumiyyətlə, Cənubi Qafqazla demək olar ki, maraqlanmır. Əsas diqqətləri Ukraynadır, İsraildir, Çindir. Paşinyan da baxır ki, Amerika daha Cənubi Qafqazda oyun aparmaqda, siyasət yürütməkdə maraqlı deyil. Ona görə dinməz-söyləməz gedir, paradda iştirak edir. Amma o tək deyil axı. Paradda bir neçə dövlətin başçısı iştirak etmişdi, o cümlədən böyük dövlətlərin başçıları - Çin, Misir və s. Yəni bunlar elə kiçik, əhəmiyyətsiz dövlətlər deyil. Avropa dövlətlərinin bəziləri, bütün Mərkəzi Asiyanın dövlət başçıları iştirak etdi və Paşinyan da qatıldı. Burda bir şey yoxdur. Mən düşünürəm ki, bunu bizim siyasi şərhçilər hansısa prinsipial, qlobal əhəmiyyəti olan bir məsələ kimi şişirdirlər".

Lalə Novruz,
BakuPost

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar