“Bu tipli sorğular daim keçirilir. Amma məsələ burasındadır ki, keçirilən sorğuda az adam iştirak edib. Həm də ola bilsin ki, Paşinyanın tərəfdarları az olub. Belə sorğular, adətən sifarişlə keçirilir. Həm də bunun arxasında hansısa məqsəd dayana bilər”.
Bunu Bakupost.az -a açıqlamasında politoloq Samir Hümbətov Ermənistanda Nikol Paşinyanın reytinqi ilə bağlı keçirilən sorğunun nəticəsi barədə danışarkən deyib.
O qeyd edib ki, Ermənistandakı revanşist qüvvələr Paşinyana təzyiq edirlər:
"Amma Ermənistanda ağıllı təbəqə bilir ki, Paşinyan əslində ölkənin gələcəyini qurtarmağa çalışır. O bilir ki, münaqişə vəziyyətində uzun müddət davam etmək mümkün olmayacaq. Çünki Azərbaycan Ermənistandan iqtisadiyyat, ordu və siyasi baxımdan kifayət qədər güclüdür. Ona görə də Paşinyan vəziyyətdən çıxmağa çalışır. Hesab edirəm ki, Paşinyanın reytinqinin aşağı düşməsi obyektiv qiymətləndirilməlidir”.
Qeyd edək ki, Ermənistanda keçirilən sorğunun nəticələrinə görə, Paşinyanın reytinqi minimuma enib. Bu “GALLUP International Association”un Ermənistanda apardığı sorğunun nəticələrindən sonra məlum olub. Bildirilir ki, əgər 2023-cü ilin yanvarında onun fəaliyyətini respondentlərin 13,8%-i, martda isə16,2%-i müsbət qiymətləndiribsə, 2024-cü ilin mart ayında respondentlərin yalnız 8%-i onun fəaliyyətini müsbət, 75%-i isə mənfi qiymətləndirib. Ermənistan vətəndaşlarının 67%-i hesab edir ki, Paşinyan hökuməti Azərbaycanla ölkənin maraqlarına əsaslanacaq sülh müqaviləsi bağlamaq iqtidarında deyil.
Sosioloji sorğu martın sonunda telefon vasitəsilə aparılıb, sorğuda 1101 nəfər iştirak edib.
Vasif Əlihüseyn
BakuPost