Ru
14:55 / 17 May 2025

Prezidentin Tiranaya səfəri nə ilə yadda qaldı? - ŞƏRH

Prezidentin Tiranaya səfəri nə ilə yadda qaldı? -  ŞƏRH
Eye

Prezident İlham Əliyevin “Avropa Siyasi Birliyi”nin 6-cı Zirvə toplantısında iştirakı bir sıra vacib məqamlarla yadda qaldı. Bu toplantı ilk növbədə Azərbaycanın həm Avropa İttifaqı, həm də Avropanın ayrı-ayrı nüfuzlu ölkələri ilə əlaqələrinin inkişafı baxımından diqqəti cəlb etdi.

Xatırlayırsınızsa, bir müddət əvvəl Azərbaycanın Aİ ilə əlaqələrində gərginliklər hiss olunurdu. Bu da təsadüfi deyildi. Çünki qurumun əvvəlki rəhbərliyi tərəfindən Azərbaycana münasibətdə ayrı-seçkilik və ədalətsizliyə yol verilirdi.

Ancaq son vaxtlar hiss olunur ki, Aİ rəhbərliyində ölkəmizin Cənubi Qafqaz, Mərkəzi Asiya və Yaxın Şərqdə rolunun gücləndiyinin fərqindədirlər. Və hesab edirlər ki, Aİ adı çəkilən regionlarda öz siyasətini həyata keçirməkdə bu amildən faydalana bilər. Azərbaycanın zaman-zaman özünü etiraflı tərəfdaş kimi təsdiqləməsi də Aİ-nin ölkəmizlə münasibətlərə yenidən baxmasını zəruri edən faktorlardandır.

Məhz elə bu səbəbdən bir müddət əvvəl Avropa İttifaqının ali nümayəndəsi Kaya Kallasın Azərbaycan səfəri baş tutdu və onunla Azərbaycan lideri arasında səmərəli danışıqlar baş tutdu. Həmçinin Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın prezident İlham Əliyevlə telefon danışığı, Tiranada Avropa Komissiyasının sədri Ursula fon der Lyayenin də Antonio Koşta ilə birgə Prezident İlham Əliyevlə görüşdə iştirakı Avropa İttifaqının Azərbaycana münasibətinin dəyişdiyini, ölkəımizə böyük əhəmiyyət verdiyini təsdiqlədi.

Bütün bunlar bir daha göstərir ki, bu gün Azərbaycan siyasi, geosiyasi, enerji, nəqliyyat sahələrində, ümumilikdə, dünyada qlobal problemlərin aradan qaldırılmasında etibarlı tərəfdaş kimi qəbul edilir.

“Avropa Siyasi Birliyi”nin 6-cı Zirvə toplantısı zamanı isə aydın oldu ki, Aİ ilə Azərbaycan arasında siyasi münacibətlər tamamilə bərpa olunub və normal məcradadır. Səfər çərçibəsində Prezident İlham Əliyevin Avropa ölkələrinin liderləri ilə ikitərəfli görüşləri ölkəmizə verilən əhəmiyyəti, Azərbaycanla əməkdaşlıq etmək istəyən ölkələrin böyük miqyasını nümayiş etdirdi.



Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev Bakupost.az -a bildirib ki, Avropa Siyasi Birliyinin 6-cı Zirvə Toplantısı çox mühüm platformadır:

“Azərbaycanın burada iştirakı çox mühüm idi. Məlumdur ki, bu platforma 2022-ci ildə enerji böhranı ilə bağlı yaradılıb. Tədbirdə Avropa İttifaqına daxil olan bir sıra dövlətlər, eyni zamanda Azərbaycan, Türkiyə, Gürcüstan, Ermənistan, Ukrayna, Moldova kimi dövlətlər də iştirak edirdi. Görüşlərdə əsasən, təhlükəsizlik məsələsi müzakirə olunub. Həmçinin miqrasiya məsələləri və Avropa İttifaqı üzvləri ilə digər dövlətlər arasında qarşılıqlı iqtisadi addımların atılması da müzakirə olundu”.

O, Azərbaycanın bu toplantıda iştirakının xüsusi hadisə olduğunu qeyd edib:

“Birmənalı şəkildə 47 dövlət başçısı və baş nazirlərin iştirakının təmin olunudğu bir platformada çox mühüm müzakirələr aparıldı. Avropada Azərbaycanı enerji təhdidlərinin qarşısını alan bir dövlət kimi tanıyırlar və bu istiqamətdə də danışıqlar aparılır. Ölkəmizin bu toplantıda iştirakını gələcəkdə Azərbaycan və Avropa arasında aparılacaq yeni iqtisadi, siyasi və digər əməkdaşlıqların təməli kimi də qiymətləndirmək olar. Prezident İlham Əliyevin keçirdiyi görüşlər Azərbaycanın müstəqil daxili və xarici siyasət yürütdüyünün göstəricisi idi”.



Deputat, Milli Cəbhə Partiyasının sədri Razi Nurullayev isə hesab edir ki, Prezident İlham Əliyevin Avropa Siyasi Birliyinin 6-cı Zirvə Toplantısında iştirakı Azərbaycanın beynəlxalq sahədə nüfuzunun və geosiyasi əhəmiyyətinin artırılmasına hesablanmış addımdır.

O, Bakupost.az -a açıqlamasında deyib ki, bu toplantı çərçivəsində cənab Prezidentin apardığı ikitərəfli görüşlər, verdiyi strateji mesajlar və milli maraqları əsas tutaraq nümayiş etdirdiyi prinsipial mövqe, ölkəmizin müstəqil və balanslaşdırılmış xarici siyasət xəttinin davamlılığını təsdiqləyir:

"Avropa Siyasi Birliyi platformasında iştirak Azərbaycanın həm regional, həm də qlobal təhlükəsizlik, enerji, nəqliyyat və humanitar məsələlər üzrə qətiyyətli aktora çevrildiyini bir daha göstərdi. Prezident İlham Əliyev bu vacib tribunalardan istifadə edərək Azərbaycanın ədalətli mövqeyini beynəlxalq ictimaiyyətə çatdırmaqla yanaşı, post-münaqişə dövründə bölgədə sülhün və əməkdaşlığın bərqərar olunması üçün ciddi diplomatik təşəbbüslərlə çıxış edir.

Bu cür beynəlxalq platformalarda fəal iştirakı ilə Azərbaycan həm öz maraqlarını müdafiə edir, həm də Avropada və dünyada yeni reallıqlar fonunda sülhə, əməkdaşlığa və dayanıqlı inkişafa töhfə verir.”

Aysel,
BakuPost

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar