ABŞ-də Donald Trampın yenidən prezident seçilməsi yalnız siyasi gündəmə deyil, maliyyə bazarlarına da dərindən təsir etdi. Dünya iqtisadiyyatında risklər yenidən artmağa başladı. Hazırda bu proses qızıl bazarında da özünü göstərir.
İqtisadçı ekspert Xalid Kərimli hesab edir ki, ticarət müharibəsinin qızışması və siyasi gərginliyin artması ehtimalı investorların diqqətini yenidən qızıla yönəldib. Çünki qızıl riskdən qaçan aktividir.
İqtisadçı
Bakupost.az -a bildirib ki, təhlükəsiz aktiv kimi tanındığı üçün risk artan zaman investorlar qızıla üz tutur:
"Trampın hakimiyyətə qayıtması bu riskləri artırıb, nəticədə qızıl bahalaşır. 2025-ci ilin əvvəlindən bu yana qızılın qiymətində təxminən 20%-lik artım qeydə alınıb. Lakin may ayının əvvəlində ABŞ-ın Böyük Britaniya, Çin və Avropa ilə müəyyən ticarət razılaşmalarına gəlməsi qiymətlərdə qismən geriləməyə səbəb olub. Bundan sonra da qızılın qiyməti riskdən asılı olacaq. Amerika-Çin münasibətlərindən, dünyadaki müharibələrdən və s. Risk artacaqsa, qızılın qiyməti artacaq. Risk aşağı düşəcəksə, qızılın qiyməti düşəcək.”
Xalid Kərimlintin sözlərinə görə, proqnozlar qızılın qiymətinin artacağını göstərir:
“Dünyanın aparıcı proqnoz şirkətləri bildirirlər ki, qızılın qiyməti 3700, hətta 4000 ABŞ dollarına qədər yüksələ bilər. Bu isə tarixi rekord ola bilər. Bu da çox böyük artım proqnozudur. Onların proqnozları tutacaq- tutmayacaq, bilmək olmur. Amma istənilən halda qızıl qiyməti hazırda yüksəkdir. Yüksək olaraq da qalması ehtimal olunur".
İqtisadçı qeyd edib ki, bu dəyişikliklər Azərbaycan bazarına da təsirsiz ötüşmür:
“Qızılın dünya bazarındakı qiyməti Azərbaycanda da zərgərlik və yatırım bazarına birbaşa təsir göstərir. Qızıla sərmayə qoymaq istəyən şəxslər risk faktorlarını da nəzərə almalıdırlar. Amma proqnoz təşkilatlarının ümumi rəyi budur ki, bu il də qızılın qiyməti 3500 dollardan yuxarı olacaq.”
Aysel,
Bakupost