Ru
13:45 / 17 İyul 2025

Rusiya üçlü formatı bərpa edə biləcəkmi? - ŞƏRH

Rusiya üçlü formatı bərpa edə biləcəkmi? - ŞƏRH
Eye

Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko Rusiya-Hindistan-Çin formatının bərpasına çalışdığını bildirib. Nazir müavinin sözlərinə görə, Moskva bu mövzuyla bağlı Dehli və Pekinlə danışıqlar aparır. “Çin və Hindistan Rusiyanın vacib tərəfdaşlarıdır, biz BRİCS təşkilatının qurucularıyıq” deyən Rudenko bu səbəbdən üçlü formatın işə başlamasının zərurətini qeyd edib.

Üçlü formatın təşəbbüskarı 1996-cı ildə Rusiyanın o zamankı xarici işlər naziri Yevgeniy Primakov olub. 3 ölkənin xarici işlər nazirləri ilk dəfə 2002-ci ildə BMT Baş Assambleyasında görüşüblər. 2021-ci ilə qədər görüşlər mütəmadi keçirilib. Ancaq Çinlə Hindistan arasında sərhəd toqquşmalarıyla artan gərginlikdən sonra üçlü görüşlərə fasilə verilib. Hazırda Pekinlə Dehli arasında dialoq və iki ölkənin xarici işlər naziri arasında fikir mübadiləsi bərpa edilib.

Bakupost.az xəbər verir ki, siyasi şərhçi Elxan Şahinoğlunun sözlərinə görə, Kremlin üçlü formatı yenidən bərpa etməyə çalışmasının ən azı iki səbəbi var.


“Birincisi, Rusiya Ukraynaya qarşı apardığı işğalçı müharibəyə görə, Qərb ölkələri ilə münasibətləri pisləşdirib. Rusiyaya qarşı sanksiyalar artmaqdadır. Moskva Pekin və Dehli ilə təmasları genişləndirməklə Qərbə alternativinin olduğunu nümayiş etdirməyə çalışır. İkincisi, Rusiya Qərb ölkələrinə neft və qaz sata bilmir. Halbuki Ukraynaya qarşı müharibəyə qədər Rusiya neftinin və qazının əsas alıcıları Avropa ölkələri idi. Rusiya enerji resurslarının əsas alıcısı kimi Çin və Hindistanı görür. Kreml ehtiyat edir ki, Qərb Pekinə və Dehliyə təzyiqi artıraraq bu iki dövləti Rusiyanın enerji resurslarından imtinaya sövq edə bilər. Kreml bunun qarşısını almaq üçün üçlü formatın faydalı olacağını düşünür".

E.Şahinoğlunun sözlərinə görə, Çində Şanxay Əməkdaşlıq Təşkilatının toplantısında iştirak edən Rusiyanın energetika naziri Sergey Tsivilyev bildirib ki, təşkilata üzv ölkələr arasında energetika sahəsinin davamlı inkişafına ehtiyac var:

"Rusiya nümayəndə heyəti bu bəndin yekun bəyanata salınmasına nail olub. Rusiyalı nazirin sözlərinə görə, üzv dövlətlərin enerji təhlükəsizliyinin təminatı və sabit bazarlara çıxışı mühüm əhəmiyyət kəsb edir. Rusiya bundan başqa Şanxay Əməkdaşlıq Təşkilatına üzv dövlətlər arasında ticarətin milli valyutalarla həyata keçirilməsini istəyir.

Aydındır ki, Rusiya nümayəndə heyətinin Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində qaldırdığı məsələlər Qərbin sanksiyaları ilə əlaqədardır. Rusiya Qərbə sata bilmədiyi məhsulları Şanxay Əməkdaşlıq Təşkilatına yönləndirmək istəyir. Rusiyanın xarici ticarətdə dollardan imtinaya çalışması da bununla əlaqədardır. Ancaq Şanxay Əməkdaşlıq Təşkilatına üzv dövlətlər inteqrasiyanın tərəfdarı olsalar da, Rusiyanı Qərbin sanksiyalarından qurtaracaq imkana sahib deyillər".

Aysel, BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar