Böyük Britaniyanın Baş Qərargahının keçmiş rəisi, general və “sör” tituluna malik Patrik Sanders ölkəni növbəti beş il ərzində Rusiya ilə mümkün müharibəyə qarşı təcili hazırlaşmağa çağırıb.
Bakupost.az Musavat.com-a istinadla xəbər verir ki, onun sözlərinə görə, 2030-cu ilə qədər Rusiya ilə müharibə real ssenariyə çevrilə bilər. General böyükmiqyaslı yeraltı sığınacaqların və komanda mərkəzlərinin tikintisinə başlanmasını təklif edib.
Sanders hazırkı hazırlıq səviyyəsini tənqid edərək bildirib ki, Britaniya ordusu uzunmüddətli münaqişə üçün kifayət qədər insan və ehtiyat gücünə malik deyil. O əlavə edib ki, hava hücumundan müdafiəyə yatırılan investisiyalar təhlükəli dərəcədə aşağıdır.
General onu da vurğulayıb ki, əvvəllər milli dayanıqlığın gücləndirilməsi ilə bağlı təkliflər ya “çox baha”, ya da “panikaya səbəb ola bilər” deyə hökumət tərəfindən rədd edilmişdi.
Britaniya ictimaiyyətində bu açıqlamalar ciddi rezonans doğurub və ölkədə müdafiə strategiyasına yenidən baxılması məsələsi gündəmə gəlib.