Xəbər verdiyimiz kimi, iyunun 3-də Azərbaycan Respublikası Prezidenti Administrasiyasının təşkilatçılığı ilə ölkədə fəaliyyət göstərən siyasi partiya nümayəndələri, politoloq və siyasi şərhçilər, habelə internet televiziya kanalları rəhbərləri, qəzet redaktorları və digər jurnalistlər Zəngilan və Cəbrayıla səfər ediblər.
Bakupost.az xəbər verir ki, səfər çərçivəsində iştirakçılar Füzuli rayonunun Horadiz kəndi ərazisində Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) həyata keçirdiyi minatəmizləmə prosesini izləyib.
Səfər iştirakçıları əvvəlcə ANAMA-nın işğaldan azad edilmiş Horadiz kəndi ərazisində həyata keçirdiyi minatəmizləmə işləri ilə tanış olublar.
Agentliyin nümayəndələri səfər iştirakçılarına azad edilmiş ərazilərdə humanitar minatəmizləmə prosesi barədə məlumat verib, işlərin hələ də davam etdiyi ərazilərin xəritələrini göstəriblər.
Daha sonra ərazidə aşkarlanan minalardan birinin partlayış yolu ilə zərərsizləşdirilməsi prosesi nümayiş etdirilib. Prosesin icrasını Vətəndaş Həmrəyliyi Partiyasının sədri, sabiq millət vəkili Sabir Rüstəmxanlı yerinə yetirib.