Qanun Nəşrlər evinin direktoru Şahbaz Xuduoğlu mədəniyyət nazirinin müavini Fərid Cəfərovla görüşüb.
Bakupost.az xəbər verir ki, görüşdə IX Bakı Beynəlxalq Kitab Sərgisində “Təkərli kitab” layihəsinin təqdimatına icazə verilməməsi və bunun həlli ilə bağlı geniş müzakirələr aparılıb.
Nazir müavini bildirib ki, keçiriləcək kitab sərgisində “Təkərli kitab” layihəsinə icazə verilməməsi nazirliklə bağlı deyil. Qeyd olunub ki, bu, sərginin keçirildiyi Bakı Ekspo Mərkəzi ilə əlaqədardır.
Ş. Xuduoğlu isə vurğulayıb ki, əgər həmin yer kitab üçün nazirlik tərəfindən kirayə götürülübsə, orada baş tutan hər-hansı bir tədbirlə bağlı qərarı da nazirlik verməlidir.
Naşir əlavə edib ki, “Təkərli kitab”ın təqdimatına icazə verilməsə Qanun nəşriyyatı həmin sərgidə iştirakdan imtina edəcək.
Nazir müavini isə Ekspo mərkəzlə danışıb məsələni həll etməyə çalışacaqlarını deyib.
Qeyd edək ki, Bakı Ekspo Mərkəzində noyabrın 11-də açılışı olacaq IX Bakı Beynəlxalq Kitab Sərgisində 11 ölkədən 31 xarici təşkilat, 131 yerli nəşriyyat-poliqrafiya və kitab sənəti ilə əlaqəli müəssisə iştirak edəcək.
Sərgidə 5 gün ərzində müxtəlif formatda 220-dən çox tədbirin təşkili nəzərdə tutulur.
Elnur
BakuPost