Keçmiş hərbi prokuror, Konstitusiya Məhkəməsinin hakimi Xanlar Vəliyevin metroda görüntülənməsi ictimaiyyətin diqqətini çəkib.
Azərbaycanda başqa hansı sabiq məmurlar metro və avtobusdan istifadə edirlər?
Bakupost.az xəbər verir ki, “Globalinfo.az” bununla bağlı keçmiş nazirlər arasında sorğu keçirib.
Sabiq təhsil naziri Misir Mərdanov ictimai nəqliyyatdan istifadə etmədiyini deyib:
“Axırıncı dəfə metroya nə vaxt mindiyim yadımda deyil. Çünki şəxsi və dövlətin bizim üçün ayırdığı maşından istifadə edirəm. Başqa səbəbi yoxdur”.
Keçmiş xarici işlər naziri Elmar Məmmədyarov uzun illərdir ki, avtobus və metroya minmədiyini bildirib:
“İstəmədiyimə və ya çəkindiyimə görə yox, sadəcə tələbəlik illərimdən bu vaxta kimi şəxsi avtomobilim olub. Bu səbəbdən ictimai nəqliyyat vasitələrindən istifadə etməməmişəm”.
Sabiq maliyyə naziri Fikrət Yusifov da həmkarları ilə eyni sırasında yer alıb:
“Şəxsi avtomobilim var və özüm idarə edirəm. Ancaq şəhərdə əsasən piyada gəzirəm. Bəzən uzaq məsafədə yerləşən məkanlara belə piyada gedirəm. Yolboyu yüzlərlə insanla qarşılaşıram. Bir çox hallarda tanımadığım adamlar yaxınlaşıb görüşürlər. Vəzifədə olduğum müddətdə nəsə etməmişəm ki, vətəndaşlarla qarşılaşmaqdan çəkinim. Özümə arxayınam.
Kimdənsə təmənnam olmayıb! Məni tanıyanlar bunu yaxşı bilirlər. Hətta o dövrdə vəzifədən azad etdiyim adamlarla üz-üzə gələndə hörmətlə salamlaşırıq. Çünki onlar bilirlər ki, ədalətsizliyə yol verməmişəm”.
Keçmiş baş nazir Pənah Hüseyn isə metro və avtobusdan tez-tez istifadə etdiyini deyib:
“Hətta bir neçə dəfə mənim də şəklimi çəkib paylaşıblar”.
Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov nadir hallarda metroya mindiyini bildirib:
“Mərdəkanda yaşadığım üçün əsasən şəxsi avtomobildən istifadə edirəm. Şəhərdə olanda isə tıxaca görə çəkinmədən metro ilə gedirəm. Qanunla bəzi məmurlar xüsusi təhlükəsizlik xidməti tərəfindən qorunur. Bu baxımdan iş müddətində ictimai nəqliyyatdan istifadə etməmək normal haldır”.
Sabiq material ehtiyatları naziri Şəmsəddin Rəhimov ictimai nəqliyyatı sevdiyini vurğulayıb:
“Normalda gedəcəyim ünvana avtomobillə yollanıram. Təxminən bir həftə əvvəl 106 nömrəli avtobus, həm də metrodan istifadə etmişəm. Burada ayıb iş yoxdur”.