“Şərurlu İsfəndiyar” kimi tanınan İsfəndiyar Axundovdan varlı olan xeyli milyonçu-milyarderimiz var. Ancaq bizim dövlətdə yüksək vəzifə tutmadan, qeyri-neft sektorunda çalışan biri kimi Şərurlu İsfəndiyar cəlbedicidir və onun bu səviyyəyə hansı elm, bilgi, fəhm, siyasət, işgüzarlıqla gəldiyi hamı üçün maraqlıdır.
Buna görə də jurnalistlər bu “marağı” danışdırır. Və o, danışdıqca gözümün önünə yüzlərlə azərbaycanlının ölümünə səbəb olan, hazırda Bakıda həbsdə saxlanılan Ruben Vardanyan gəlir:
1. İsfəndiyar Axundov çoban olub, hərf tanımır, indi də yazı-pozu bilmir.
Seperatçı, Azərbaycan ərazisinə qanunsuz daxil olan və qanlı terror-təxribat aktlarına dəstək verən Vardanyan isə orta məktəbi qızıl medalla bitirib, Rusiyaya gedib, Moskva Dövlət Universitetinin İqtisadiyyat fakültəsini də fərqlənmə ilə başa vurub, Rusiya vətəndaşı olub və böyük biznesə orda girişib;
2. İsfəndiyar Axundovun 5 övladı var - internetdə axtarış verin, ən bahalı maşınlar, kiminsə haqqına girmələr çıxacaq, bir də 2005-ci ildə Türkiyə səfirliyinin yanında milyarder oğlunun kimisə gülləbaran etməsini oxuyacaqsınız.
İsfəndiyar Axundovun övladları Qarabağda xidmət keçibmi? Ümumiyyətlə, xidmətdə olublarmı?
Azərbaycana nifrətini heç zaman gizlətməyən Vardanyanın 4 övladı var, Rusiya vətəndaşlarıdır, ancaq oğlu Rusiya vətəndaşı olsa da, Aprel savaşından dərhal sonra Ermənistan ordusuna yazılıb və Qarabağda “xidmət keçib”;
3. İsfəndiyar Axundov ikinci arvadı - 27 yaşlı xanımla necə tanış olmasından danışır. Restoranda “iki qadın, iki kişi” oturublarmış (yəni özü, dostu və iki qadın), qonşu masada ad günü keçirən ailədəki bir xanımı görür, qalxır, gedir və bu qadını alacağını bildirir. Qalmaqal yaranır, ailə məclisi yarımçıq qoyub gedir, İsfəndiyar isə axtarır, tapır və o xanımı ikinci arvad olaraq alır. Və deyir ki, o vaxt mənim 50-dən çox yaşım vardı.
İsfəndiyar 50 yaşı keçəndən sonra restoranda kef məclisindən qalxıb qonşu masadakı ad gününü zay edir və ikinci arvadı almağa girişirdi, yaşı 50-ni keçəndən sonra Ruben Vardanyan 1,7 milyard dollar olaraq qiymətləndirilən sərvətini, biznesini qoyub, Xankəndiyə gəlir və ermənilərin “dirəniş ruhuna” dəstək verir;
4. İsfəndiyar Axundovun bir dəfə də olsun, hansısa milli təşəbbüsə dəstək verdiyini oxumamışıq, görməmişik, eşitməmişik.
Sülh və insanlıq əleyhinə, habelə müharibə cinayətlərində, terrorçuluğu maliyyələşdirməkdə ittiham olunan Ruben Vardanyan isə 2001-ci ildən həbs olunana qədər erməni yalanlarını dünyada yaymaq üçün hər şey edib, “Soyqırımının önlənməsi üzrə Lemkin İnstitutu” adlı Azərbaycana qarşı böyük kampaniyalar aparan qurumu dəstəkləyib, silah anbarı yaradıb, PUA alıb...
5. İsfəndiyar Axundovun xeyriyyəçilik təşəbbüsləri ilə bağlı heç bir bilgi yoxdur - qaçqınlar, məcburi köçkünlər, Qarabağdan didərgin düşənlər üçün bircə bina tikib, hədiyyə etdiyi haqda kimsə bir fakt deyə bilməz. Tikdiyi binada lift qırılmış, ailə xəsarət almışdı, mediaya açıqlaması bu oldu ki, 150 kiloluq qadın minib liftə (guya özü 60 kiloluq “incəbel” kişidir), lift ona görə qırılıb. Şərurlu İsfəndiyarın Azərbaycan insanına, qadınına dəyəri budur.
Əvəzində bayaq qeyd etdiyimiz kimi, Şərurlu İsfəndiyarın övladlarının milyonluq mülkləri və yaxud avtomobilləri haqda hər yerdə oxuya bilərsiniz.
Azərbaycan torpaqlarında ağır cinayətlər törədən Ruben Vardanyanın 2001-ci ildən 2023-cü ilə qədər - 22 il ərzində Ermənistanda və separatçı qurumdakı ermənilər üçün 700 milyon dollar (!!!) xərcləndiyini “Forbes” yazmışdı. 700 milyon dollar - yəni 1,2 milyard manat.
6. İsfəndiyar Axundovun Bakıda ev tikib-satmaqdan başqa hansısa fəaliyyətini oxuduğumu xatırlamıram.
“Yerusəlim Post” yazır ki, İran ilə Ermənistan arasında münasibətləri formalaşdıranlardan biri də erməni milyarder Ruben Vardanyan olub.
7. İsfəndiyar Axundov Yasamalda bir-birinin qarnında tikdiyi həyətsiz binalarla Bakının arxitekturasını xaraba qoyub, bu şəhərdə yaşamı dözülməz edə-edə, yaşıllıqların yerində binalar ucalda-ucalda milyardlar qazanıb, pul gücünə arvadlarının sayını artıranda Vardanyan Rusiyada qazandığı milyardları həmvətənlərinə tökürdü...
8. Hər ikisi məhkəmədədir, həm də taleyin qismətinə bax ki, hər ikisinin işi Bakı məhkəməsindədir. İsfəndiyar Axundov həmkarını təhqir etdiyinə görə, Ruben Vardanyan isə özünü və sərvətini Azərbaycanın işğalına həsr etdiyinə görə.
Ruben Vardanyanla Şərurlu İsfəndiyarın yalnız bir oxşar cəhəti var: İkisi də Azərbaycana qarşıdır - biri şüurlu şəkildə, o biri şüursuz...
Azər Məlikli
BakuPost