Suriyanın İdlib vilayətində dağıdılmış bir evin qalıqlarının təmizlənməsi zamanı gözlənilməz arxeoloji tapıntı üzə çıxıb. Belə ki, yerin altında yerləşən, təxminən 1500 ildən çox yaşı olan Bizans dövrünə aid məzar kompleksinə rast gəlinib.
Tapıntı ölkənin strateji nöqtəsində – Hələb və Dəməşq şəhərləri arasında yerləşən Maarət ən-Numan şəhərində aşkarlanıb.
Bakupost.az The Independent nəşrinə istinadən xəbər verir ki, əvvəlcə yerli sakinlər daşın içində qəribə deşiklər görüblər və bu ərazidə qədim dəfn yerlərinin ola biləcəyini düşünüblər. Onlar dərhal yerli qədim abidələr idarəsinə məlumat veriblər.
Əraziyə baxış keçirən arxeoloqlar, dağıntıların yaxınlığında iki dəfn kamerasına aparan bir çuxur aşkar ediblər. Hər kamerada altı daş məzar yerləşdirilib. Məzarlardan birinin üzərində isə Bizans xristian mədəniyyətinə işarə edən xaç işarəsi oyulub.
Qeyd edək ki, Bizans İmperiyası eramızın IV əsrində Roma İmperiyasının davamı kimi formalaşıb, paytaxtı isə hazırkı adı İstanbul olan Konstantinopol idi.
Suriyanın şimal-qərbində yerləşən və "Ölü şəhərlər" adlandırılan Bizans dövrünə aid tərk edilmiş yaşayış məskənlərində daş evlər, bazilikalar, məzarlar və sütunlu küçələrin qalıqları bu gün də qalmaqdadır. Bu tapıntı Suriyanın müharibə ilə sarsılmış, lakin arxeoloji baxımdan hələ də zəngin tarixini bir daha xatırladır.
Aysel, BakuPost