Ru
16:32 / 13 Mart 2023

Səviyyəsiz universitetlərin qəbul planını niyə doldurmalıyıq?! - Ekspert

13034
Elm və Təhsil Naziri Emin Əmrullayev parlamentdə çıxışı zamanı abituriyentlərin qəbulu sistemində dəyişikliklərə ehtiyacın olduğunu, əsas çatışmazlığın isə ixtisasların ardıcıl seçimində baş verdiyini bildirib.

Onun sözlərinə görə, son illər tarix fakültəsinin tələbələri hüquq fakültəsinə daxil ola bilməyənlərdir. Nəticədə ehtiyac olmadığına baxmayaraq, ölkədə tarixçi, regionşünas və şərqşünaslarların sayı artır. Lakin nazir çıxışında problemin həlli barədə təklif irəli sürməyib.


Bəs, tələbə qəbulu sistemindəki bu problem necə həll olunmalıdır?





Mövzu ilə bağlı Bakupost.az -a danışan təhsil eksperti Nadir İsrafilov deyib ki, abituriyentlərə bir neçə ixtisas və ali məktəb seçmək hüququ verməklə, neçə illərdir həkim olmaq istəyəni bioloqa, hüquqşünas olmaq istəyəni tarixçiyə, tarixçi olmaq istəyəni kitabxanaçıya çevirib, çarəsiz diplomçular ordusu yaradırıq.


Ekspertin sözlərinə görə, keçid dövrünün bəzi fəsadları ölkədə sosial, iqtisadi, mədəni və digər sahələrinə olduğu kimi təhsilə də təsirsiz ötüşmədi:


“Bioloqu tibb fakültəsinə, kitabxanaçını hüquqa köçürməklə qanunsuz tələbə köçürmələrinin kütləvi hal almasına rəvac verdik. Ali məktəblərə daxil olanlarla bitirənlər arasında kəskin fərq yaranmasına seyirçi münasibət bəslədik. Bolonya prosesinə qoşulmaqla Avropa təhsilinə inteqrasiya etmək, təhsilimizi beynəlxalq standartlara uyğunlaşdirmaq əvəzinə onun tövsiyə və şərtlərini özününkiləşdirərək, tələbələrin sonradan əlavə kurslara, müxtəlif təlimlərə cəlb olunması kimi əlavə problemlər yaratdıq”.


N.İsrafilovun sözlərinə görə, həmçinin ixtisasları nüfuzlu-nüfuzsuz kateqoriyalara bölmək və keçid balını 150-yə endirməklə klassik qiymətləndirmədə “2”yə layiq biliyi olanları ali məktəb tələbəsi etdik:


“Səviyyəsiz universitetlərin qəbul planını doldurmaqla yanaşı, yüksək keçid balı toplayanları mərkəzə, aşağı bal toplayanları ucqarlara göndərməklə regionlara olan münasibətimizi ortaya qoyduq. Hesab edirəm ki, nazirin “Son illərdə tarixçilər hüquqşünas ixtisasına qəbul ola bilməyənlərdir”, “abituriyentlər ixtisas seçimini bazara görə yox, özündən əvvəlki abituriyentin seçiminə görə edir” kimi reallıqları dilə gətirməsi bu kimi problemlərin həlli istiqamətində görüləcək işlərə yeni impuls verəcək. Yerli-yersiz ixtisas dəyişmələri və yerdəyişmələrin qarşısı alınacaq”.


Problemin həlli barədə danışan N.İsrafilov qeyd edib ki, əgər məzun ixtisaslar üzrə müəyyən edilmiş keçid balını toplamayıbsa, ürəyincə olmayan digər peşəni seçməkdənsə, növbəti il imtahan verib arzuladığı ixtisas üzrə peşəyə yiyələnməsi həm özü, həm də cəmiyyət üçün faydalı olar:


“Ümumiyyətlə, tələbə qəbulu sistemindəki bu və digər problemlərin optimal həlli məqsədilə mütəxəssislərdən ibarət ayrıca komissiya yaradılmalıdır. Bu komissiyanın hazırladığı layihənin geniş müzakirəsi təşkil olunmalıdır. Əks təqdirdə kiminsə subyektiv fikri əsasında ediləcək hər hansı dəyişikliklər yenə birmənalı qarşılanmayacaq və əlavə polemikalar yaradacaq. Məncə, ilk olaraq, orta məktəbin buraxılış imtahanları ilə ali məktəblərə qəbul imtahanlarını birləşdirmək yolu təkpilləli vahid imtahan modelinə keçməklə prosesi nisbətən sadələşdirmək və ya ADA Universitetinə Dövlət İmtahan Mərkəzinin keçirdiyi qəbul imtahanlarının nəticələri əsasında tələbə seçimini müstəqil aparmaq hüququ verildiyi kimi, bu hüququn digər universitetlərə də şamil edilməsi yolu ilə vəziyyəti nisbətən sabitləşdirmək olar”.

Əfsanə Rəcəb
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər