Ru
15:05 / 01 Sentyabr 2023

TIR ŞOU - Əlacsızlıq, yoxsa həyasızlıq?

19697
Məlum olduğu kimi, avqustun 29-da Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən Qarabağda yaşayan erməniəsilli şəxslərin ehtiyaclarını qarşılamaq üçün Bakıdan humanitar yardım yola salınıb. Ağdam-Xankəndi yolu ilə aparılan humanitar yardım karvanında ilkin mərhələ üzrə 40 ton un var.


Artıq uç gündür ki, Bakıdan yola salınan humanitar yardım karvanı Ağdam-Xankəndi yolunun üzərindəki Rusiya sülhməramlılarının postunun qarşısında gözləyir.


Ərazidə olan Azərbaycan Qızıl Aypara Cəmiyyətinin nümayəndələri gətirdikləri yükün keyfiyyət sertifikatını Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlılarına təqdim ediblər.

Cəmiyyətin əməkdaşları Azərbaycan ərazisində müvəqqəti məskunlaşan Rusiya sülhmərmalıları ilə danışıqlar aparıblar və onlara yüklərin daşınması ilə bağlı hər hansı bir cavab hələ də verilməyib.


Bu, bir daha Ağdam-Xankəndi yolunun istifadəsinə məqsədyönlü şəkildə Ermənistan və onun Azərbaycanın Qarabağ bölgəsində yaratdığı və dəstəklədiyi qondarma rejim tərəfindən süni əngəllər yaradıldığını sübut edir.




Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) sədri, deputat Novruz Aslan bildirib ki, Xankəndiyə göndərilən ilk humanitar yük qəbul edilsə, Azərbaycan Qızıl Aypara Cəmiyyəti bu prosesi davam etdirə bilər.


“Ehtiyac olarsa, yenə humanitar yüklər göndəriləcək. Bu məsələ hər iki tərəfdən asılır. Biz Qarabağda yaşayan ermənilərin ehtiyaclarını digər mənbələrdən də ala, onların özləri ilə də danışıqlar vasitəsilə öyrənə bilərik. Bizim tərəfdaşlarımız var. Məsələn, Beynəlxalq Qızıl Xaç Komitəsi, Beynəlxalq Qızıl Xaç və Aypara Federasiyası. Beynəlxalq Qızıl Xaç Komitəsinin mandatına uyğun olaraq imkanları daha genişdir. Onlardan biz rəy ala bilərik. Azərbaycan Qızıl Aypara Cəmiyyəti öz missiyasını, xoş niyyətini həyata keçirmək üçün burdadır. İnanıram ki, hər bir tərəf - istər beynəlxalq ictimaiyyət, istər bizim Qarabağ iqtisadi zonasında yaşayan erməni əsilli vətəndaşlarımız bizi düzgün anlayacaqlar. Bu da bir testdir. Qarşı tərəf ərzaq yardımını qəbul etmək istəmirsə, burda da suallar yaranır. Birinci sual odur ki, əgər ehtiyac varsa, niyə qəbul etmirlər? İkinci sula budur ki, biz insanıqsa, yaradanlımız birdirsə, bu ədavət nə vaxta qədər davam edəcək? Burada ortaya qoyulan mövqe bizim xoş məramımızdır. Ortaya qoyulan mövqe budur ki, Qızıl Aypara Cəmiyyəti Azərbaycanın hər bir ərazisində, o cümlədən Qarabağ iqtisadi zonasında öz missiyasını həyata keçirmək əzmindədir. Biz Qarabağda, Xankəndidə həssas təbəqəyə yaxın olmağa hazırıq”.




Hərbi ekspert Ədalət Verdiyevin dediyinə görə, əgər doğurdan da Qarabağ iqtisadi rayonunda yaşayan erməni icmasının ərzağa ehtiyacı varsa, onlar Azərbaycanın göndərdiyi humanitar yardımı qəbul etməlidirlər. Yox, əgər belə yükdən onların yararlanmaq fikri yoxdursa, o təqdirdə Qarabağdakı ermənilərin Ermənistandan göndərilən humanitar yardıma ehtiyacı yoxdur:


“Ermənilər hələ də Azərbaycanın göndərdiyi humanitar yardımı qəbul etməyiblər. Deməli, bu günədək onların Qarabağda blokada və mühasirədə qalması ilə bağlı apardığı kampaniyanın tamamilə siyasi məqsədli şou olduğu ortaya çıxır. Əgər Qarabağdakı ermənilər həqiqətən də doqquz ay blokada şəraitində yaşasaydılar, onlar nəinki günlərlə mitinqdə iştirak edə bilməzdilər, hətta orada iki gün belə yüksək səslə şüarlar səsləndirə bilməzdilər. Odur ki, Ermənistanın və onların havadarlarının “humanitar yardım” adı altında həyata keçirdikləri siyasi manipulyasiyalar artıq keçmir. Bu proseslərdə son nöqtəni Azərbaycanın Qırmızı Aypara Cəmiyyəti göndərdiyi yüklərlə qoydu. Bu günlərdə bütün beynəlxalq ictimaiyyət Azərbaycanın həmin humanist addımları barədə məlumatlı olacaq. Hesab edirəm ki, Fransanın Azərbaycana qarşı Ermənistanla birgə atdığı təxribatçı addımlarını Azərbaycanın Qızıl Aypara Cəmiyyətinin göndərdiyi humanitar yük aksiyası tamamilə əngəlləyəcək”.





Millət vəkili Naqif Həmzəyev qeyd edib ki, Ermənistan hakimiyyəti başda olmaqla Qarabağdakı separatçı rejim qalıqları artıq uzun zamandır müxtəlif yollarla dünya ictimaiyyətini, beynəlxalq təşkilatları inandırmağa çalışırlar ki, guya Azərbaycan Laçın yolunda sərhəd buraxılış məntəqəsi qurmaqla Qarabağ ermənilərini blokadaya alıb, onlar üçün humanitar böhran vəziyyəti yaradıb, guya ermənilər ərzaq çatışmazlığı ilə üz-üzədirlər. Bölgədə guya “gərgin humanitar vəziyyət”, “blokada”nın mövcudluğu ilə bağlı manipulyasiyalarını davam etdirən Ermənistanın erməni sakinlərin tələbatlarının ödənməsi üçün Laçın yolu və digər alternativ yollardan istifadə ilə bağlı məsələlərin həll olunması üçün əldə olunan razılaşmalara əməl etmək əvəzinə, sülh prosesinə maneə törədir:


“Azərbaycan tərəfi isə növbəti dəfə humanist yanaşma sərgiləyərək Qarabağda yaşayan erməniəsilli vətəndaşlar üçün humanitar yardım göndərib. Dedikləri kimi ehtiyacları varsa onda Azərbaycanın humanitar yardımını qəbul etməlidirlər”.



Millət vəkili vurğulayıb ki, Fransanın Ermənistana məlum əlavə 10 TIR-dan ibarət humanitar yardım adı altında yükləri göndərməsi bu şounu hələ də davam etdirmək niyyətlərində olduqlarını ortaya qoyur. Ancaq bunun şoudan başqa bir şey olmadığı artıq hər kəsə məlumdur:


“Burada əsas hədəf Ermənistanla Azərbaycan arasında gedən sülh danışıqlarını uzatmaq və prosesləri yubadaraq vəziyyəti ermənilərin xeyrinə dəyişməkdir. Azərbaycan Qırmızı Aypara Cəmiyyəti tərəfindən Xankəndidə yaşayan erməni əsilli əhaliyə 40 tonluq humanitar yardım, məncə alqışlanmalıdır. Bu yardımın göndərilməsi ermənilərin həqiqətən humanitar böhranla qarşılaşıb-qarşılaşmadığını ortaya çıxaracaq. Ermənilərin həqiqətən ərzaq qıtlığı çəkib-çəkmədiyi sualına cavab verəcək. Düşünürəm ki, erməni tərəfi bu humanitar yardımları qəbul etməsələr, beynəlxalq ictimaiyyətə Ermənistanın, xüsusilə də Fransanın hansısa faktlar və tələblər irəli sürməsi artıq real olmayacaq”.


Naqif Həmzəyevin dediyinə görə, Xankəndidə yaşayan əhalinin böyük bir qismi Azərbaycanla reinteqrasiyaya müsbət yanaşır. Sadəcə revanşistlər və separatçılar bu prosesi yubadırlar. Azərbaycan növbəti dəfə öz humanist addımını atıb. Humanitar yardım göndərib:


“Ermənistan bu yardımı qəbul etməyəcəyi təqdirdə onların və havadarlarının deməyə sözləri qalmayacaq. Onlar yüzlərlə TIR-ı Azərbaycan sərhədinə gətirib yığa bilərlər. Azərbaycanın iradəsi olmadan heç kəsin onun sərhədlərinə daxil olmağa haqqı yoxdur. Azərbaycanla razılaşdırılmamış hansısa bir hərəkət edilə bilməz. Bizim əlimizdə kifayət qədər faktlar var ki, Ermənistan tərəfi dəfələrlə yollar vasitəsilə teroristlərə hərbi yüklər daşıyıblar. Xankəndidə heç bir humanitar böhran yoxdur. Oradakı əhali heç bir aclıq çəkmir. Kifayət qədər bizdə bununla bağlı faktlar var”.





Millət vəkili Rüfət Quliyevin dediyinə görə, Azərbaycan hakimiyyəti Qarabağda yaşayan etnik ermənilərə kömək etmək istəyir. Yəni, dövlətimiz hələ ki, vətəndaşımız olmasalar belə, onlara özümüzünkülər kimi baxmaq istəyir. Onlar qəbul etmək istəmirlər, istəməsinlər. Bu, bizim humanist addımımızdır:



“Biz istəyirik ki, bütün məsələləri sülh və əmin-amanlıq yolu ilə həll edək. İnanıram ki, Xankəndidə Azərbaycanın qoyduğu qayda-qanunla yaşamaq, dövlətin qayğısını görmək istəyən kifayət qədər erməni əsilli sakinlər var. Hər kəsin öz qərar vermək hüququ var. Separatçılar elə düşünür ki, onlar ömür boyu bu oyunlarına davam edəcəklər. Təbii ki, bu oyunların bir sonu var və zaman bizim xeyrimizə işləyir".




Politoloq İlyas Hüseynov hesab edir ki, Azərbaycan tərəfindən Qarabağ İqtisadi Rayonunda yaşayan ermənilərə humanitar yardımın göndərilməsi Azərbaycana qarşı aparılan təbliğatın qarşısının alınması məqsədi daşıyır:



“Azərbaycan prosesə humanizm prinsiplərindən yanaşır. Lakin ermənilər bu yardımdan imtina edərək Azərbaycanın yardımına ehytiyac duymadıqlarını göstərirlər. Bununla həm də onların blokada ilə bağlı siyasəti də iflasa uğrayır, ifşa olunur. Əgər ermənilər gerçəkdən səfalət içində yaşasaydılar humanitar yardımdan imtina etməzdilər. Burada əslində görünən odur ki, erməni təbliğatı həqiqəti əks etdirmir".


Politoloq qeyd edib ki, bölgəyə Fransa yardımının göndərilməsi hadisələri mənfi yöndən təqdim etməyə hesablanıb:

"Emrənistanın Laçın yolundakı TIR şousu bitməmiş Fransadan göndərilən yüklərin bu humanitar karvana qoşulması onu deməyə əsas verir ki, TIR şousunun arxasında Fransa dayanır. Hesab edirəm ki, Azərbaycanın Ağdam-Xankəndi marşrutu üzrə göndərdiyi yüklər gec-tez bölgəyə çatdırılmalı, çox tez bir zamanda bu proses bizim xeyrimizə yekunlaşmalıdır".




Politoloq Elxan Şahinoğlu vurğulayıb ki, Azərbaycan Qırmızı Aypara Cəmiyyətinin Xankəndidəki ermənilərə humanitar yardım göndərməsi strateji addımdır:


“Bundan sonra ermənilərin daha bəhanələri qalmayacaq. Separatçıların, erməni lobbisinin və onların arxasındakı güclərin guya ermənilərin sosial problemlərinin həllinə Azərbaycanın imkan vermədiyini, mühasirədə saxlanıldığını deməyə əsasları olmayacaq. Biz bu yardımı göndərməklə ermənilərə kömək əlimizi uzatmağa hazır olduğumuzu göstəririk. Pasportlarımızı daşıyıb, qanunlarımıza tabe olsalar, digər problemlərin həlli də mümkündür”.


Politoloq əlavə edib ki, Bakıdan göndərilən yardımı qəbul edilməsə, "biz blokadadayıq, vəziyyətimiz gərgindir " kimi bəhanələrin əsası olmayacaq:


“Göndərdiyimiz yardımı qəbul etməsələr, biz indiyə qədər aparılan kampaniyanın təxribat olduğunu beynəlxalq aləmə göstərməliyik. Deməliyik ki, "baxın, biz yardım göndəririk, lakin separatçılar bu yardımların Qarbağdakı ermənilərə çatmasına mane olur". Buna görə də, ağıl və məntiqləri olsa, buna əngəl yaratmazlar. Yardım gedib Ağdam yolu ilə Xankəndidəki ermənilərə çatdırılar. Müəyyən ərzaq problemləri həll edilər. Sonrakı mərhələdə danışıqlar masasında başqa məsələlərin həlli mümkündür. Qarabağ separatçıları isə Azərbaycan qanunlarına tabe olmayacaqlarını, pasportlarımızı daşımayacaqlarını deyirlər. İstəyirlər ki, Laçın yolu da açıq olsun və istənilən nəqliyyat vasitəsi Xankəndiyə gəlsin. Bu mümkün deyil, mümkün olmayacaq da. Bu baxımdan bizim beynəlxalq aləmə də ciddi mesajlarımız var".


Sevinc
BakuPost


Qeyd: Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq "ictimai və dövlət maraqlarının müdafiəsi” mövzusunda hazırlanıb.




Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər