İsrail-İran müharibəsinin ilk günlərindən Vaşinqtonun açıq şəkildə Təl-Əvivin yanında yer alması ABŞ-nin yaxın zamanda əməliyyatlara qoşulacağına dair ciddi gözləntilər yaratmışdı. Hətta ABŞ Prezidenti Donald Trampın göstərişi ilə bölgəyə hərbi təyyarələr göndərildi. Lakin gözlənilmədən Tramp qərarını təxirə salaraq İrana düşünmək üçün 2 həftə vaxtı verdiyini açıqladı. Bu barədə o, Nyu-Cersidə jurnalistlərin suallarını cavablandırarkən deyib.
“The New York Times” yazır ki, Trampın qərar verməkdə ləngiməsi İsraili strateji dilemma qarşısında qoyub. Bildirilir ki, İsrailin əsas hədəfi Fordo uran zənginləşdirmə obyektini məhv etməkdir. Lakin bu obyekt o qədər dərinlikdə yerləşir ki, İsrailin mövcud sursatları ilə onu məhv etmək mümkünsüzdür. İsrail rəsmiləri günlərdir bu əməliyyatı həyata keçirmək üçün ABŞ-ın xüsusi sursatlarla təchiz edilmiş döyüş təyyarələrinin dəstəyini gözləyir. Trampın qərarını iki həftəlik təxirə salması isə vəziyyəti daha da mürəkkəbləşdirir.
Bəs Trampın hücum qərarının uzanmasına nə səbəb oldu ? Bu tərəddüd müharibənin gedişatına necə təsir edə bilər? İran üstünlük əldə edə bilərmi?
Mövzu ilə bağlı politoloq Oktay Qasımov
Bakupost.az -a açıqlamasında bildirib ki, Trampın qəti qərar verməməsinin arxasında bir neçə səbəb dayanır:
"Birinci səbəb ondan ibarətdir ki, Tramp ötən il seçki kampaniyası dövründə seçicilərə vəd vermişdi. Demişdi ki, onun hakimiyyəti dövründə müharibələr olmayacaq, əksinə, o, baş verən müharibələri dayandıracaq. Hətta Rusiya-Ukrayna savaşını 24 saata bitirə biləcəyini iddia edən fantastik vədlər vermişdi.
İkinci səbəb isə Amerika cəmiyyətindəki əhval-ruhiyyə ilə bağlıdır. Keçirilən rəy sorğularına görə, Amerika ictimaiyyətinin 64 faizi ABŞ-nin İsrail-İran savaşında birbaşa iştirakının əleyhinə çıxıb.
Üçüncü səbəb isə odur ki, Tramp savaşa qoşulmağın nəticələrini ciddi şəkildə hesablayır. Bu nəticələr nədən ibarətdir? ABŞ-nin İrana Yaxın Şərqdəki 11 ölkədə 40-a yaxın hərbi bazası mövcuddur. Bu bazalarda təxminən 70 minə yaxın əsgər xidmət göstərir. Əgər İrana hücum olarsa, İran bu hərbi bazaları və digər obyektləri hədəfə ala bilər. Bu isə o deməkdir ki, həmin ölkələrin özü də hədəfə çevrilə bilər".
O.Qasımovun sözlərinə görə, eyni zamanda, Hörmüz boğazının bağlanma təhlükəsi mövcuddur. Bu isə dünya iqtisadiyyatına ciddi zərbə vura bilər:
"Söhbət dünya enerji ehtiyatlarının 25 faizinin tədarük olunduğu bölgədən gedir. Əgər boğaz bağlansa, həmin tədarük tamamilə iflic ola bilər. Nəticədə dünya enerji bazarında qiymətlər kəskin şəkildə qalxa, bu da dünya və qlobal iqtisadiyyat üçün son dərəcə ağır nəticələrə səbəb ola bilər. Bu baxımdan Tramp tərəddüd edir".
Ekspertin fikrincə, bütün bu amillər Trampın vəziyyəti daha rasional qiymətləndirməsinə səbəb olub:
"Hazırda Tramp bir qədər sıxışdırılmış vəziyyətdədir. Onun ətrafındakı yaxın çevrəsi bu savaşa qoşulmaq üçün təzyiq göstərir. Lakin o, rasional olaraq düşünür ki, bunun çox ağır nəticələri ola bilər. Amma bütün hallarda, hesab edirəm ki, Tramp savaşın gedişatına uyğun şəkildə qərar verəcək. Bu iki həftəlik müddət həm də onunla bağlıdır ki, İsrailin hava hücumundan müdafiə sistemlərinin təxminən iki həftəlik resursu qalıb. Ancaq ABŞ bölgəyə böyük hərbi qüvvə toplayı .Yəni bölgədəki qeyd etdiyimiz sayda hərbçilərdən əlavə olaraq iki təyyarədaşıyan gəminin gəlməsi, bundan başqa Dieqo Qarsiya adasına B-2 və B-52 ağır strateji bombardmançı təyyarələrinin yerləşdirilməsi, 30-a yaxın tanker təyyarəsinin göndərilməsi savaş ehtimalının real olduğunu göstərir. Amma indidən Trampın hansı qərarı verəcəyini söyləmək olduqca çətindir".
Lalə Novruz,
BakuPost