San-Fransisko sahillərindən aralıda, çətin keçilən bir adada yerləşən və bədnamlığı ilə tanınan Alkatras həbsxanası artıq 60 ildən çoxdur ki, bağlıdır.
Bakupost.az Euronews-a istinadən xəbər verir ki, ABŞ prezidenti Donald Tramp Kaliforniyada yerləşən bu məşhur ada-həbsxananı ölkənin “ən amansız və təhlükəli cinayətkarlarını” yerləşdirmək üçün yenidən açmaq istəyir.
San-Fransiskodan kənarda yerləşən və 60 ildən çoxdur bağlı olan bu həbsxana hazırda çox sayda turistin ziyarət etdiyi bir məkandır.
Bazar günü axşam Tramp Truth Social platformasında bildirib ki, bu obyekt “qanunun, nizam-intizamın və ədalətin simvoluna” çevriləcək.
“Biz daha ciddi bir millət olduğumuz dövrlərdə, ən təhlükəli cinayətkarları tərəddüdsüz həbs edir və onları zərər verə biləcəkləri hər kəsdən uzaqda saxlayırdıq. İş elə belə olmalıdır,” – o qeyd edib.
Prezident əlavə edib ki, o, Həbsxanalar Bürosuna, Ədliyyə Nazirliyinə, FTB-yə və Daxili Təhlükəsizlik Departamentinə Alkatrasın yenidən açılması üçün göstəriş verib.
Tənqidçilər prezidentin planına ciddi şübhə ilə yanaşıblar. Bu təşəbbüs, Tramp administrasiyasının Ədliyyə Nazirliyinin büdcəsindən milyardlarla dollar kəsməyi planlaşdırdığı bir dövrə təsadüf edir. Bu ərazini yenidən təhlükəsiz həbsxanaya çevirmək çox böyük maliyyə tələb edir. Onun işlədilməsi də ucuz başa gəlməyəcək.
Alkatras həbsxanası 1963-cü ildə infrastrukturun dağılması və təchizatın yalnız qayıqla təmin olunmasının yüksək xərc tələb etməsi səbəbilə bağlanıb.
Amin Rızayev,BakuPost