Ru
17:05 / 05 Yanvar 2022

“Üç oğlum və bir qızım orduya könüllü yazılmışdı” - Şəhid kəşfiyyatçının atası ilə MÜSAHİBƏ

71754

Vətən Müharibəsinin ən gənc qəhrəmanlarından biri, Xüsusi Təyinatlıların kəşfiyyatçısı Amal Qarayev 2001-ci il yanvarın 23-də Yardımlı rayonunun Ərus kəndində anadan olub.


Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşan Amal oktyabrın 4-də Füzuli döyüşləri zamanı şəhid olub.


Prezident İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda", "İgidliyə görə", "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" və "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif edilib.


Şəhidimizn atası Ədalət Qarayev Bakupost.az -ın qonağı olub.


Ədalət Qarayev 1961-ci il də dekabrın 21-də Yardımlı rayonun Ərus kəndində anadan olub. 1979-cu ildə Ərus kənd tam orta məktəbini bitirib. 1980-1982-ci illərdə Uzaq Şərqdə hərbi xidmətdə olub. Hərbi xidmətdən sonra 1984-cü ildə Bakı Dövlət Universitetinin tarix fakültəsinə daxil olub. 1991-ci ilin oktyabrında Yardımlı rayonunda tarix müəllimi kimi fəaliyyətini davam etdirib. 2000-2005-ci illərdə Arus Kənd Bələdiyyəsinin sədri işləyib.


Həmin müsahibəni təqdim edirik:



“OĞLUM 18 AYA 7 MEDAL, 1 ORDEN ALMIŞDI”



- Ədalət müəllim, yurdu yaşatmaq, torpaqlarımızı qorumaq üçün çox qəhrəmanlarımız can verdi. Bu qəhrəmanlarımızdan biri də oğlunuz Şəhid Amal Qarayevdir. Onu necə böyütmüşdünüz, arzuları nə idi?..



- Allah öz sevdiyi bəndələrini elə yaradır ki, onlar həyatda qüsursuz yaşayır və daha çox günahlar etməsinlər deyə, tez öz dərgahına aparır, yanında onlara yer verir. Düzdür, övladlarımın hamısı əzizdir. Lakin Amal həqiqətən fərqli bir uşaq idi. O, 2001-ci il yanvar ayının 23-də Yardımlı rayonun Ərus kəndində anadan oldu. İşimlə əlaqədar Qusar rayonuna köçdüyümüz üçün 2007-ci ildə Qusar rayonun Düztahir kənd tam orta məktəbinin hazırlıq sinfinə daxil oldu və 8-ci sinfə qədər orada oxudu. 2015-2016-cı illərdə Bakıda Fizika-Kimya təmayüllü liseyə yüksək balla daxil oldu. Amal fizika və riyaziyyatı çox gözəl bilirdi. Liseydə bu fənlərdən 5 almaq hər oğula nəsib olmurdu. Həmin liseyi ən yüksək nəticə ilə bitirdi. Daha sonra qəbul imtahanında 498 bal yığdı və Tibb Universitetinin müalicə profilaktika fakültəsini seçdi, lakin ora daxil ola bilmədi. O bilirdi ki, müalicə-profilaktika fakültəsinin balı 670-dən yuxarıdır və ora qəbul olmayacaq... Çünki universitetdən çox hərbiyə böyük sevgisi vardı. Hətta o vaxt türk döyüş filmlərinə də baxırdı. Dostları ilə öz aralarında deyirmişllər ki, görək, kim gedib xüsusi təyinatlı olacaq. Elə oldu ki, 2019-cu ilin aprel ayında hərbi xidmətə getdi. Hərbiyə gedəndə o qədər sevinirdi ki, deyirdi, ata, sən mənimlə fəxr edəcəksən. Hərbidə Xüsusi Təyinatlılarda xidmət edirdi və buna görə ayrıca çox sevinirdi. Onu da qeyd edim ki, oğlum Xəyal Qarayev də hərbi xidməti Xüsusi Təyinatlıların kəşfiyyat bölüyündə bitirib.



- Sizcə hərbiyə niyə bu qədər marağı var idi?

- Amalın uşaqlıqdan hərbiyə sevgisi olub. Ancaq Bakıda Fizika-Kimya Təmayüllü liseydə Milli Qəhrəman Mübariz İbrahimov haqqında yazılan kitabı hər gün oxuyurdu. Hiss edirdim ki, kitabı oxuduqca içindəki qəhrəmanlıq hissi daha da çoxalır, hərbiyə olan sevgisi günbəgün artırdı. Çox vaxt mənə Mübariz İbrahimov haqqında suallar verirdi. Aprel döyüşləri başlayanda heç xəbərim olmadan 3 qardaş bir bacı könüllü səfərbərlik xidmətinə gediblər ki, bəs onları da döyüşə aparsınlar. Həmin vaxt Amal 10-cu sinifdə oxuyurdu, bir oğlum Bakı Dövlət Universitetində, qızım da kollecdə oxuduğu üçün heç birini aparmayıblar. Bütün övladlarımda Vətən sevgisi, qəhrəmanlıq hissi çoxdur. Lakin Amalda isə bu duyğular izahedilməz dərəcədə yüksək idi.

- Amalı yaşıdlarından fərqləndirən xüsusiyyəti nə idi?

- Amal şəhid olandan sonra biz onu kəşf edə bilmişik. Təbiətən çox sakit, xeyirxah, mərhəmətli, ədalətli bir uşaq olub. Həm yaşıdları, həm qonşular, həm yaşlılar ilə elə davranırdı ki, sanki uzun illərin həyat təcrübəsi vardı. Allah ona elə bir gözəl qabiliyyət vermişdi ki. Hər bir valideyn öz övladı haqqında xoş sözlər deyir. Lakin mən Amal üçün heç bir bənzətmədən istifadə etmirəm. Bütün bunlar həqiqətdir. Hətta Qusarda olan müəllimlər deyirdilər ki, bu məktəbdə çox insanlar oxuyub gedib amma Amal kimi oğul kəşf etməmişik. Çox diqqətli idi. Hər zaman çalışırdı ki, öz köməyini heç kimdən əsirgəməsin. Ya savadı, ya maddiyyətilə həmişə kömək etməyi sevərdi. İstəyirdi ki, hamı can deyib danışsın, heç kim bir-birindən inciməsin.
- Amalın döyüşdə olduğunu nə vaxt bildiz?

- 27 sentyabrda döyüş başlayandan üç gün sonra zəng etdi ki, ata, qəhrəman Azərbaycan Ordusunun Xüsusi Təyinatlıları Murovu aldılar, siz narahat olmayın . Elə həmin gün bildim ki, Amal da qızğın gedən döyüşlərdədir. Deyirdi ki, ata, mən sizə daha tez xəbər verə bilərdim, amma istədim ki, biz Murovu azad edək və sizə şad xəbərlə zəng edim. Amalın olduğu xüsusi təyinatlılar qrupu döyüşdə ən öndə gedənlərdəndir. Məhz onlardan sonra quru qoşunları fəaliyyətə keçib. Yəni, ən keçilməz yolları xüsusi təyinatlılar açıblar. Sentyabrın 30-da zəng edəndə həm mənimlə, həm də anası ilə danışdı.



- Şəhidlik xəbəri nə zaman verildi sizə?

- Övlad şəhid olanda mələklər tərəfindən o ana-ataya çatdırılır. Amalla axırıncı dəfə oktyabrın 2-də danışanda dedi ki, ata, düşmənin başını əzmişik, yemək, geyim, hər şey yaxşıdır. Dedim, oğul, qorxmursan ki, dedi, ata düşmən bizdən qorxur, biz heç nədən qorxmuruq. Amal ilə danışandan sonra televizor açıq halda məni yuxu aparıb. Yuxuda gördüm ki, Amal mənə deyir ki, “ata, avtomatın “darağ”ı mənə ver, məndə qurtarıb. Sonra dedi ki, erməniləri qırmışam ikisi qalıb”. Həmin an əlimi atıb onu tutmaq istəyirdim, əlimiz arasında cüzi bir məsafə qalmışdı. Lakin nə qədər etdimsə, əlini tuta bilmədim. Sanki əlimdən dartıb apardılar. Ayılanda saat 03:50-idi, televizor da işləyirdi. Həmin vaxt suyuq bir tər basdı məni, bismillah deyib yerimdə oturdum. Ondan sonra gözümə nə yuxu getdi , nə də boğazımdan su...Oktyabrın 3-ü səhər telefonumun “zaryatkası” bitdiyi üçün sönmüşdü. Səhər saat 09:00-da telefonumu açanda gördüm ki, 27 dəfə ard-arda zənglər gəlib. Bir anlıq sanki ürəyimə bir tikan batdı, hiss etdim ki, nəsə baş verib. Bir az keçmişdi ki, yenidən zəng gəldi: “Müəllim, təcilli surətdə getməlisən oğlun Amal Qarayev döyüşdə ağır yaralanıb”. Sən demə, onlar bilirmişlər ki, Amal artıq şəhid olub. Qusardan maşına oturub Bakıya kimi hansı sürətlə gəldiyimi heç xatırlamıram. Gəlib Bakıya çatanda gördüm ki, Amal artıq şəhid olub (ağlayır).



- Amal sonuncu dəfə kiminlə danışıb?

- Amal oktyabrın 2-si saat 22:15-də sonuncu dəfə anası ilə danışıb. Anasına deyib ki, atama yenidən zəng edib narahat etmək istəmirəm. Sizə şəkillər atmışam onu pozmayın və birdə orada məktub var. Deyib ki, əgər şəhid olsam, onu oxuyarsız. Təbii ki, o məktubu yazanda şəhid olacağını bilirmiş. Çünki o yolun girişi var, çıxışı yoxdur. Oğlum şəhid olanda yer-göy ağladı. Onun dəfnində Qusar rayonunda sinif yoldaşlarının valideynləri, Bakıda Fizika-Kimya təmayüllü liseydəki yoldaşları, xaricdə oxuyan dostları gəlmişdilər, bir sözlə, adamlar sel kimi həyətimizə axın edirdilər.



- Döyüş yoldaşları Amal haqqında nə danışırlar?

- Döyüş yoldaşları Amal haqqında danışanda deyirdilər ki, biz onun qəhrəmanlığını heç bir sözlə ifadə edə bilmirik.19 yaşında bir oğlanın şir ürəkli olması qeyri-adi bir şeydir. Onun qorxmazlığına, igidliyinə görə döyüş yoldaşları ona “Boz Qurd” deyirdilər. Ürəyim bir qədər ona görə rahat oldu ki, general-leytenant Hikmət Mirzəyev özü dedi ki, 30 ildən çoxdur Xüsusi Təyinatlılarda xidmətdəyəm və xüsusi təyinatlılar 5 ildən 15 ilə qədər yetişirlər. Amma həqiqətən, Amal və Amal kimilər qısa müddətdə elə bir şeyə sahib oldular ki, bu, Allah vergisidir. Bir əsgərin 18 ay müddətində 7 medal 1 orden alması çox böyük hadisədir. Bəlkə heç polkovniklər bu qədər medal almayıb.

- Hansı şəraitdə şəhid olub? Bu, necə baş verib?

- Murov azad olunandan sonra çoxlu yaralı olub. Onların hamısı Beyləqana gətirilib. Deyirdilər ki, Amal da ayağından yaralanmışdı, amma yara köhnə olsa da o geri getmədi. Daha sonra ratsiya ilə əmr gəlib ki, Füzuli-Cəbrayıl istiqamətində “Dördyol” deyilən bir yerdə olmalıdılar. Oradan Murova tərəf getmək olur. Əmr gəlib ki, filan vaxtda Füzuli-Cəbrayıl yolunun kəsişməsində “Dördyol”da olmalıdırlar ki, Hadrutdan gələn erməni qüvvələrinin qarşısını alsınlar. Amalın komandasında 32 nəfər olub. Lakin ermənilər Hadrut tərəfdən 7 əsgər daşıyan Kamaz, bir BTR ilə gəlirmişlər. Hər Kamazda da 12-24 nəfərin olduğu deyilir. Açıq aydın bu döyüşün qeyri-bərabər olduğu görünür. Çünki həmin vaxt ermənilər çox olub. Bir əsgərə deyilib ki, get qarşıdakı yolda müşahidə apar. Bir az irəli gedib sonra qayıdıb ki, Amal, mən gedə bilmərəm, qorxuram. Amal ona deyib ki, narahat olma sən qal mən özüm gedərəm. Amal müşahidə aparmaq üçün bir xeyli irəliyə gedib və görüb ki, düşmən 7 Kamaz bir BTR-lə gəlir. Düşmən döyüşdə ən çox piyada əleyhinə minalardan istifadə edib ki, onun da qəlpələri insan bədənini dərmə-deşik edir. Amma özü qabaqda təkbaşına 100-150 nəfər ermənilərdən ibarət qüvvəni qrantamyotla məhv edib. Amma çox təəssüf ki, düşmənin snayper gülləsinə tuş gəlib. Döyüş yoldaşları deyirdi ki, düşmən onu snayperlə vursa da, o silahını əlində bərk –bərk sıxaraq, dizi üstə oturmuşdu. Döyüş yoldaşlarına deyib ki, biz bura öldürməyə və ölməyə gəlmişik. Bacardıqca irəli gedəcəyik. Bir xüsusi təyinatlılarda olan əsgər yoldaşı onun dəfn mərasimində mənə yaxınlaşıb dedi ki, Ədalət ata, mən bunu deməsəm Allahın və Amalın qarşısında vicdan əzabı çəkərəm. O, əməliyyata mən getməli idim, mən şəhid olacaqdım, amma Amala dedim ki, mən qorxuram, gedə bilməyəcəm. Ona görə Amal həmin əməliyyata özü getdi. Hər ikimiz eyni yaşda idik. Amma Amal qabağa çıxaraq dedi ki, sən qorxma, mən nə qədər burdayam sizi qoruyacağıma söz vermişəm. Sanki üzərində bir məsuliyyət daşıyırdı ki, komandasında olan döyüş yoldaşlarını ailələrinə sağ-salamat təhvil verməlidir. Axı, o da digər yoldaşları kimi 19 yaşında idi. Amma məsələ bundadır ki, Amal manqa komandiri idi. Hamı ona deyirmiş ki, Amal sən bir az sərt ol, çox humanistsən, müharibədə humanizm olmur. O da bildirib ki, bəs müharibədə humanizm yoxdursa, niyə biz ermənilərin mülki insanlarına heç bir atəş açmadıq? Hətta sonuncu əməliyyata gedəndə Amal döyüş yoldaşlarına deyib ki, burada ailəli olanlar var, kim subaydır, kim qorxmursa mənim arxamca gəlsin. 12 nəfər özü ilə sonuncu əməliyyata gedir.



- Şəhid atası kimi cəmiyyətə tövsiyəniz nədir?

- Tövsiyəm odur ki, Azərbaycan vətəndaşları hər bayram günlərində parklara axın etməkdənsə, bir dəfə o şəhidlərin məzarını ziyarət etsin, onların ruhuna dualar oxusunlar. Heç gül də almasınlar sadəcə gedib ziyarət etsinlər. Altıncı-bazar günləri hamı istirahətə Qubaya, Qəbələyə gedir, amma soruşsan bir dəfə şəhidlərin məzarını bəlkə də ziyarət etməyiblər. Bəs o şəhidlərin istirahət hüquqları yox idi? Amma canından-qanından, ana-atalarından keçərək Vətən torpağının azad olunması üçün sinəsini sipər etdilər.

- Oğlunuzun azad etdiyi torpaqlara getmək istəyirsinizmi?

- Bu, mənim və anasının ən böyük arzusudur. O yer bizim üçün Məkkədir, Kərbəladır. Çox istərdim, ölmədən öncə o yerlərə ziyarət etmək bizə nəsib olsun.

- Xatirəsinin hansı formada əbədiləşdirilməsini istərdiniz?

- Şəhid ailələrinə verilən 11 min manat, Müdafiə Nazirliyindən verilən 3000 min manat pulu yığıb qərara gəldim ki, Amalın xatirəsini əbədiləşdirmək üçün bir bulaq kompleksi tikim. Çünki onlar öz qanları ilə əbədi qələbə tarixi yazdılar, onları əsla unutmaq olmaz. Yardımlıda məktəbə gedən yolun üstündə Amalın xatirəsinə həsr olunan bulaq kompleksi tikdik. İndi oradan keçən hər kəs sudan içib onun ruhuna dualar oxuyur.

- Dövlətdən nə istərdiz?

- Vətən Müharibəsindən sonra Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən Amal Qarayev ölümündən sonra "Vətən uğrunda" "İgidliyə görə", "Şücaətə görə”, "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" , "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif edilib. Döyüş yoldaşları, komandirləri hər zaman deyirlər ki, Amal minimum “Qarabağ ordeni”ni almalıdır. Bir ata kimi əminəm ki, “Qarabağ ordeni”, Milli Qəhrəman adı da oğluma düşür. Azərbaycanın 3000 şəhidi var. Bu adları, titulları niyə limitlə verirlər? O şəhidlər ki, onlar əlləri qanlı, ac, susuz o dağları, qayaları aşaraq, əlbəyaxa döyüşərək, soyuq silahla Şuşanı işğaldan azad etdilər. Bizi amerikalı, fransalı, ingilis əsgərlərindən fərqləndirən odur ki, onlar pul üçün vuruşurlar, biz isə öz müqəddəs torpaqlarımız üçün vuruşmuşuq. İçimizdəki vətənpərvərlik hissi bəlkə də heç bir ölkədə yoxdur.



F. Söhrabqızı
Baku Post

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər