Ru
14:37 / 14 Dekabr 2021

Vətən Müharibəsi kəşfiyyatçısı: “20-30 nəfərlə 200 ermənini məhv etdik”- MÜSAHİBƏ - FOTO

18839
Vətən Müharibəsi Azərbaycanın qələbəsi ilə yekunlaşdığı vaxtdan bu günə qədər döyüş vaxtı qəhrəmanlıq göstərmiş qəhrəmanlarmızın dilindən həm özləri haqqında, həm də şəhid olan silahdaşları haqqında bir-birindən qürurverici xatirələr eşidirik. Bu döyüş xatirələri bir daha sübut edir ki, Azərbaycan əsgəri bu zəfərə öz qanı və canı bahasına nail olub.

Arayış

İbadov Şamo İsrafil oğlu 1995-ci il oktyabrın 24-də Lerik rayonunun Anbu kəndində ziyalı ailəsində anadan olub. Həmin kəndin Şəhid Kitabəli Həmidov adına tam orta məktəbini bitirdikdən sonra Astara Pedaqoji Kollecində fiziki tərbiyə müəllimi fakültəsində oxuyub. Hazırda Fiziki tərbiyə müəllimi və Yunan-Roma güləşi üzrə məşqçilik edir. Eyni zamanda Lerik rayonun İnteqrasiya Təlimli İnternat Tipli Gimnaziyada pedaqoji fəaliyyətini davam etdirir. Vətən Müharibəsi başlayan zaman Şamo İbadov könüllü olaraq döyüşə yollanıb.

Azərbaycan torpaqlarının işğaldan azad edilməsində birbaşa iştirak edən XTQ ilə birgə cəbhədə döyüşmüş kəşfiyyatçı-Şamo İbadov Bakupost.az -a müsahibə verib.



Müsahibəni təqdim edirik:

- Şamo bəy, 44 günlük Vətən Müharibəsinə qatılmağınız necə oldu?

- Vətən Müharibəsi başlayan ilk gündən döyüşlərə qatılmaq üçün çalışırdım. Könüllü yazılmağıma baxmayaraq ilk günlərdə məni aparmadılar. Lakin içimdəki düşmənə olan nifrət hissimi rayon hərbi komissarlığında dəfələrlə ifadə etdikdən sonra nəhayət döyüşlərə getməyimə razı oldular. Atam-anam getməyimə ürəkdən razı olmasalar da, inadkarlıq göstərərək onları da razı sala bildim. Oktyabrın 5-də 14 nəfər özüm kimi könüllü gənclərlə döyüşlərə yola düşdük. Demək olar ki, bütün yaxınlarımızla sağollaşdım, çünki qarşıda şəhid olma ehtimalını gözümün qarşısına gətirmişdim. Amma bu yolda heç bir qorxu hissi yox idi, əksinə çox böyük nifrətlə düşməni məhv etmək hissi vardı.

- İlk olaraq döyüşlərə hansı istiqamətdə başladınız? Döyüş meydanı və oradakı vəziyyətlə bağlı nə deyə bilərsiz?

- Gəncədə N saylı hərbi hsissədən 11 nəfərlik komandadan 7 nəfər olmaqla Xüsusi Təyinatlıların tərkibində 100-130 nəfərlik kəşfiyyatçı ilə oktyabrın Şuşanın ilk kəndlərindən döyüş tapşırıqlarımız başladı. Gecə vaxtı, zülmət qaranlıqdır və biz URAL tipli maşınlarla gedirik. Təsəvvür edin sürücü ən yolsuz yerlərdən bizi çıxara bilirdi. Əminliklə sizə deyə bilərəm ki, 24 saat olardı ki, URAL-ın baqajında yol gedirdik .Demək olar bütün bədənimiz keyləşmişdi. Elə bir yerə çatdıq ki, artıq maşınla getmək mümkün deyildi. Həmin vaxt düşmən tərəfi bizi artilleriya atəşinə tutdular, maşınlarımızın birini vurdular amma şükür ki, orada şəhidimiz olmadı. Daha sonra biz koordinat verdik və bizim verdiyimiz koordinatla düşmən artilleriyası susduruldu. Sonra xəritə, planlaşdırma, yolu müəyyənləşdirdik, eyni zamanda bütün təchizatımızı çiynimizə alıb yola düşdük. Deməli 18 kq bronjilet, hardasa 8-10 kq sursat, əlavə iki silah, əl qumbarası və geyimimiz, yəni bu şəkildə başladıq Daşaltıya tərəf irəliləməyə. Yolumuza düşmən tərəfi 20 kq-lıq tratel döşəmişdilər. Əslində o tank əleyhinə idi. Lakin biz gecə ilə trateli zərərsizləşdirdik və həmin yolu aşdıq. Amma orada ermənilərlə bir qədər atışdıq. Bizim heç bir itkimiz olmadı, amma düşmənin orada itkisi oldu və geri çəkildilər. Bütün bunlar gecə saat 3-4 arası baş verirdi. Həmin ərazidən bir neçə qrupumuz Daşaltının içinə girməyə başladılar. Biz də Topxananın yüksəkliyinə qalxdıq. O həmin yüksəklikdir ki, əgər o yüksəklik olmasaydı, nə Daşaltıya girmək mümkündür, nə Şuşaya qalxmaq mümkündür. Yəni Pənahəli xanın dövründə o yüksəklik çox əhəmiyyətli olub və həmin yüksəklikdə çoxlu döyüşlər gedib. Eyni zamanda 1992-ci ildə də həmin yüksəklik uğrunda çox ağır döyüşlər olub. Yalnız 2020-ci ildə biz o yüksəkliyə qalxdıq və onu düşməndən azad etdik.



- Bəs Daşaltı uğrunda döyüşlər nə vaxt başladı?

- Oktyabrın 28-29-u artıq Daşaltı uğrunda döyüşlərə başladıq. Oktyabrın 30-u noyabrın 1-i, 2-si, 3-ü, 4-ü Topxananın 1553 yüksəkliyində olduq. Həmin vaxt mühasirədə olduq, sonra açıq döyüşlər apardıq. Noyabrın 5-i yenidən Daşaltına qayıtdıq, noyabrın 6-sı isə Topxananın başqa istiqamətinə qayıtdıq və ermənilərin orada qalan dəstələrini zərərsizləşdirdik. Həmin vaxt iki basqın həyata keçirdik. Təxminən 20-30 nəfərlik heyətlə 180-200 nəfərlik erməni briqadasının üstünə basıqına getdik və düşmən briqadasını demək olar ki, dağıtdıq. Çünki orada düşmənin 40-50-yə yaxın ağır, bir xeyli yüngül yaralısı və 15-16 nəfərə yaxın ölüləri var idi.


- Ən çətin kəşfiyyat tapşırığınz hansı olub? Öhtəsindən gələ bilmisiz?

- Döyüş tapşırıqlarından asan olanı yoxdur. Hər bir döyüş tapşırığının özünəməxsus çətinlikləri var. Topxana meşəsinin 1553 metr yüksəkliyində olan ən hündür zirvəsində döyüş tapşırığı yerinə yetirmək əmri aldıq. Ala-toranlıq vaxtı düşmənin arxasına sızdıq və yerləşdik. Ermənilər bir də ayıldılar ki, Azərbaycan əsgərləri artıq bu yüksəklikdədir. Həmin vaxt ermənilər vahimə içində, özünü itirmiş halda ilk hücumumuzda qaçmağa başladılar. Silah-sursatlarını, cəsədlərini götürməyə belə macal tapmadılar. Beləliklə biz düşmən üzərində növbəti uğurlu əməliyyatımızı yerinə yetirdik və başqa XTQ dəstələrimiz üçün Daşaltına və Şuşaya yol açmış olduq. XTQ ordunun döyünən ürəyidir. Bütün döyüş əməliyyatlarını onlar başda olmaqla aparırdıq və yaxud birgə planlı şəkildə idarə etdik. Bir xüsusi təyinatlı həm cəsurdur, həm ağıllıdır, düşmənini yaxşı tanıyır, heç vaxt satılmaz, düşmənə sirr verməz, əgər şəhid olmuşdursa, mütləq ki, qisasını öncədən alıbdır.

- Dilimizi bilən düşmən kəşfiyyatçısı ilə üz-üzə gəldiyiniz olubmu? Aranızda nə qədər məsafə olub?

- Üzbəüz öldürdüyümüz düşmən sayını bilmirəm. Lakin hər tapşırıqda geridə xeyli sayda düşmə meyidləri saxlamışıq. Ermənilərlə aramızda ən az məsafə 10-20 metr olub. Dəfələrlə onların heç bir xəbəri olmadan ən yaxın məsafələrində olub və nə danışdıqlarını eşitmişik. Hətta bir dəfə düşmən tərəfinin bizim dilimizdə necə səlis danışdığının şahidi olmuşuq. Eyni zamanda başqa dəstələrimiz ermənilərlə əlbəyaxa döyüşlərdə olublar. Düzdür, mən orada olmamışam.

- Hansı ərazidə döyüşlər daha da şiddətli olub?

- İlk cəbhənin yarılması çətin olub. Ohanyan səddinin keçilməsində çox şəhidimiz olub. Eyni zamanda Şuşa istiqamətində gedən döyüşlər də çox çətin olub. Çünki artilleriyasız, topsuz, tanksız, haropsuz, bayraqdarsız, sadəcə silah və bıçaqla gedib döyüşlər. Daha bir çətin döyüşlər düşmənin arxasına keçərkən olub. Hətta 4-5 gün mühasirədə ac-susuz və yuxusuz qalmışıq. Bunu sözlərlə ifadə etmək asan ola bilər, amma o vəziyyəti yaşayan qəhrəmanlarımız çox yaxşı bilir.



- Döyüş tarixçənizdə nəyi unuda bilmirsiz?

- Yaşadığımız döyüş səhnələri heç vaxt unudulmaz. Daşaltında bir şəhidimizin siması heç yadımdan çıxmır. Sanki gülə-gülə canını tapşırmışdı. Üzündə o qədər nur var idi ki, o sima hər zaman gözümün qarşısındadır. Birdə əsla unutmayacağım anlar, mühasirədə olarkən neçə gündən sonra bir çörəyi və suyu aramızda bölməyimizdir. Yaşadığım bu iki səhnəni heç vaxt unutmuram.

- Şəhid olan döyüş yoldaşlarınız çox olub?

- Üzbəüz döyüşlərdə heç şəhid vermədik, amma yaralılarımız olub. Hansı ki, Topxana meşəsinin 1553 metr ən hündür yüksəkliyi uğrunda gedən döyüşlərdə, düşmənin artilleriya atəşindən 3-4 saat ərzində 43 yaralımız və 3 şəhidimiz oldu. Onları görəndə dönmək yox, daha çox erməni öldürmək istəyirsən, nifrət, qisas hissi daha da şiddətlənir. Düşmən ordusunu diri-diri yandırmaq istəyirsən, insanın daxilində belə hisslər fomalaşır.

- Əsir götürdüyünüz erməni əsgərləri olubmu?

- Xeyr, olmayıb. Biz erməniləri birbaşa cəhənnəmə göndərirdik.

- Döyüşdə bir kəşfiyyatçı üçün ən önəmli olan nədir?

- Bir kəşfiyyatçının ən önəmli vəzifəsi ona verilən tapşırığı canı-qanı bahasına yerinə yetirmək, döyüş meydanını tərk etməmək, yaralı və şəhid yoldaşlarını orada qoymamaq, əsir düşməmək, hər zaman zəkasını parlaq şəkildə istifadə edə bilməsidir. Bir kəşfiyyatçı düşməni görə, düşmənin arxasına sıza bilər, lakin elə olmalıdır ki, düşmən bunu əsla hiss etməsin. “Görünmədən görmək, ölmədən dönmək” şüarında olduğu kimi.

- Ölüm-dirim savaşında ağlınıza ilk nələr gəlirdi?

- Yalnız döyüşmək, Vətən uğrunda savaşdığımı xatırlamaq və bundan güc almağı ağlımdan keçirirdim. Arxaya belə baxmadan, ancaq irəli gedirdik. Sevinirdim ki, 30 illik həsrətə son qoyuruq. Ölməyi yox, öldürməyi hədəf almışdıq.

- Qələbə xəbərini nə vaxt eşitdiniz və hansı istiqamətdə idiniz?

- Qələbə xəbərini növbəti döyüş tapşırığına hazırlaşarkən gecə saatlarında eşitdik. Həmin an hədsiz sevinirdik. Düşmənin təslim olması nəticəsində “Dəmir Yumruq” əməliyyatı uğurla tamamlanmış oldu. Daha sonra səhvən şəhid olduğumu yaxınlarımıza çatdırıblar. Daha sonra ailəmlə danışarkən sağ olduğumu öyrəndilər və həmin sevinc hissləri hər zaman qəlbimdədir. Şəhid olan qardaşlarımıza Allahdan rəhmət diləyirəm. Layiq olsaq cənnətdə görüşərik. Qazilərimizə isə Allahdan şəfa, sağlam qalan döyüşçülərimizə isə can sağlığı arzulayıram.

- Döyüşdən sonra təltif olunmusunuz?

- Bəli, Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin imzaladığı Sərəncamlarla “Şuşanın azad olunmasına görə”, “Laçının azad olunmasına görə” və “Hərbi xidmətdə fərqlənməyə görə” medalları ilə təltif olunmuşam.

- Qəhrəman idman müəllimi kimi şagirdlərinizə və gənclərimizə tövsiyələriniz nələrdir?

- Şagirdlərimizə və gənclərimizə hər zaman düzgün, savadlı, vətənpərvər olmağı, xalqa qarşı qayğıkeş davranmağı, beləliklə düzgün bir fərd kimi cəmiyyətdə formalaşmağı tövsiyə edirəm. Qəhrəman hərbçilərimizin, şəhidlərimizin, qazilərimizin döyüş yolu gənclərimiz üçün bir nümunədir. Biz Vətən qarşısında öz vətəndaşlıq borcumuzu yerinə yetirmişik və haqq savaşında Zəfər qazanmışıq.



Fəridə Söhrabqızı
Baku Post
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər