İranın Ali lideri Əli Xameneinin əsərlərin qorunması və yayılması üzrə idarəsinin yüksək vəzifəli rəsmisi Mehdi Fazəli dövlət televiziyası “Afek”də çıxış edərək iranlıları "Xameneinin sağlamlığı üçün dua etməyə” çağırıb.
Bakupost.az haqqın.az-a istinadən xəbər verir ki, Fazəli ali dini liderin səhhəti ilə bağlı heç bir açıqlama verməyib. Bu isə Xameneinin ictimaiyyət qarşısında uzun müddət görünməməsi fonunda şayiə və ehtimalları daha da artırıb.
Xarici KİV-in verdiyi məlumata görə, Əli Xamenei son iki həftə ərzində ailəsi ilə birlikdə yeraltı bunkerdə gizlənir. Bu müddətdə onun iştirakı ilə sadəcə iki əvvəlcədən yazılmış video yayımlanıb. O, ictimaiyyət arasında, o cümlədən Tehranda keçirilən qələbə tədbirlərində şəxsən iştirak etməyib. Bu isə İranın siyasi mədəniyyəti üçün olduqca qeyri-adi hal sayılır.
Mənbələr bildirirlər ki, hətta rejimin yüksək vəzifəli nümayəndələri belə Xamenei ilə üzbəüz görüşə bilməyiblər. Onun bu qədər müəmmalı şəkildə yoxa çıxması Ali rəhbərin səhhəti ilə bağlı ciddi şübhələrə səbəb olub.
“İran İnternational” telekanalının son xəbəri narahatlığı daha da artırıb. Məlumata görə, Xamenei faktiki olaraq qərarvermə prosesindən kənarlaşdırılıb. Bildirilir ki, hərbi komandirlər müharibənin real nəticələrini ondan gizlədirlər. Səbəb isə odur ki, Xameneinin onsuz da qeyri-sabit olan psixoloji vəziyyəti daha da pisləşməsin.
Xatırladaq ki, 2023-cü ilin oktyabrında “The New York Times” qəzeti Əli Xameneinin ağır onkoloji xəstəlikdən əziyyət çəkdiyini yazmışdı. Lakin bu barədə Tehrandan heç bir rəsmi təsdiq gəlməmişdi.
Beləliklə, Mehdi Fazəlinin konkret detallardan uzaq bəyanatı və Xameneinin uzunmüddətli yoxluğu Tehran daxilində və İran diasporunda şayiələri bir qədər də gücləndirib.
Aysel, BakuPost