Ru
17:46 / 22 Dekabr 2023

Xankəndidə tarixi anlar: "Separatizm və özgələşdirmənin kökünü qazdıq"

11088
Dekabrın 21-də Azərbaycan xalqı tarixi hadisəyə şahidlik etdi.

Xankəndi stadionunda futbol üzrə Azərbaycan Kubokunun səkkizdəbir final mərhələsində Ağdamın “Qarabağ” və Bakının Mərkəzi Ordu İdman Klubu (MOİK) komandaları arasında oyun keçirilib. Şəhərin yenidən qurulan mərkəzi stadionunda baş tutan görüş 30 illik fasilədən sonra Qarabağ bölgəsinin işğaldan azad edilən hissəsində ilk rəsmi oyun oldu. Sonuncu dəfə işğal altında olmuş ərazidə oyun 1993-cü ilin mayında Azərbaycan çempionatında “Qarabağ”la “Turan” (Tovuz) arasında olub. Ağdamın “İmarət” stadionunda keçirilən həmin matçda “Qarabağ” 1:0 hesabı ilə qələbə qazanıb. Bu oyundan 2 ay sonra Ağdam işğal edilib.




Tarixi anları izləmək üçün Bakıdan Xankəndiyə azarkeşlər, jurnalistlər, ictimaiyyət nümayəndələri, Azərbaycan futbol ictimaiyyətinin xeyli üzvü, çoxlu sayda azarkeş toplaşıb.




Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oyuna baxmaq üçün stadiona gəliblər. İlham Əliyev oyundan əvvəl stadionda çıxış edib.


Prezident bildirib ki, bu futbol matçının Xankəndidə keçirilməsinin çox böyük mənası var. Xankəndi qədim Azərbaycan diyarıdır:


"Qarabağ xanı tərəfindən bu kəndin təməli qoyulub və bundan sonra Azərbaycanın vəsaiti hesabına Azərbaycan memarları, inşaatçıları tərəfindən böyük şəhər yaradılıb”.




Prezident qeyd edib ki, əfsuslar olsun ki, otuz il ərzində Xankəndi şəhərində separatçılar yuva salmışdılar: “Otuz il ərzində torpaqlarımızı işğal altında saxlayan Ermənistan hesab edirdi ki, bunu əbədi edə biləcək. Biz, şanlı Azərbaycan Ordusu onlara və bütün dünyaya sübut etdik ki, bu, bizim tarixi və əzəli torpağımızdır, bu torpaqların sahibləri bizik - Azərbaycan xalqıdır. Biz buraya qayıtmalı idik və qayıtmışıq”.



Prezident vurğulayıb ki, üç ay bundan əvvəl Xankəndi işğaldan azad edilib. Birgünlük antiterror əməliyyatı nəticəsində Azərbaycan öz dövlət suverenliyini tam təmin edib. Bütün Qarabağ bölgəsində bu gün Azərbaycan Bayrağı dalğalanır. Bu, böyük tarixi hadisədir:

“Bu tarix bizim qəlbimizdə əbədi yaşayacaq. Azərbaycan xalqı, dünya azərbaycanlıları bu Zəfər ilə bundan sonra əbədi fəxr edəcəklər”.

Prezidentin çıxışından sonra “Qarabağ” və MOİK komandaları arasında Xankəndidə keçirilən Azərbaycan Kubokunun 1/8 final mərhələsinin oyunu başlayıb. Topa ilk toxunuşu Prezident İlham Əliyev edib. Sonra Prezident İlham Əliyev şəhid övladları ilə birgə qarşılaşmanı izləyib.






Oyunda xeyli qol vəziyyəti yaransa da, yalnız 90+3-cü dəqiqədə “Qarabağ” klubunun futbolçusu Nəriman Axundzadə qol vurmağa nail olub. Beləliklə qarşılaşma Ağdam təmsilçisinin 1:0 hesablı qələbəsi ilə bitib. Bununla da Ağdamın “Qarabağ” komandası Azərbaycan Kubokunun 1/4 finalına vəsiqə qazanıb.




"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib ki, matçda böyük həyəcan var idi:


"Son saniyələrdə qolun vurulması maraqlı alındı. Rəqib sonadək mübarizə apardı. Onları təbrik edirəm".

Q.Qurbanov MOİK-dən bu cür əzmkar mübarizə gözləmədiyini söyləyib: "Qapımız önündə bir neçə qol epizodları da yaratdılar. Oyunçularımız həyəcanlı olduqları üçün özlərini tam göstərə bilmədilər. Kubok matçlarını burada keçirmək istəyirik. Finala kimi getsək, burada oynamağı planlaşdıra bilərik. Gələcəkdə bu yöndə addımlar atılacaq. Cənab Prezidentin əsl azərbaycanlı kimi bir siyasəti var. "İmarət" stadionunu Ağdama geri qaytarmaq istəyir. Belə diqqət ayırdığına görə təşəkkür edirəm. Böyük məmnuniyyətlə orada oynayarıq".




MOİK-in baş məşqçisi Qəzənfər Abbasov qeyd edib ki, oyunun tarixi torpaqlarımızda keçirilməsinə görə Ali Baş Komandana və Ordumuza minnətdarlığını bildirir: “Allah şəhidlərimizə rəhmət eləsin. Onların sayəsində bu gün buradayıq".

Matçın 90+5-ci dəqiqəsində hesabı açan "Qarabağ"ın futbolçusu Nəriman Axundzadə bildirib ki, qarşılaşma gərgin və maraqlı keçib:
“Burada oynamaq mənim üçün xoş oldu. Bizim üçün əlavə motivasiyadır. Tarixi anlar yaşadıq. Allah şəhidlərimizə rəhmət etsin. Bizə bu tarixi anları yaşamaq üçün şərait yaratdığına görə Ordumuza təşəkkür edirəm. Xoşbəxtəm ki, tarixi oyunda tarixi qolun müəllifi oldum. Bir ay bundan öncə belə düşünürdüm ki, Xankəndidə qol vuracağam. O qolun müəllifi olmaq şərəfdir. Vurduğum qolu şəhidlərimizə həsr edirəm".





Millət vəkili Aydın Hüseynovun sözlərinə görə, Xankəndi stadionunda Azərbaycanın iki futbol komandasının qarşılaşması sadəcə, idman hadisəsi deyil, eyni zamanda böyük siyasi və rəmzi məna daşıyan hadisədir:

"Bu, tarixi hadisənin Azərbaycan xalqına bəxş edilməsində sözsüz ki, hər birimiz Ali Baş Komandanımıza, şəhidlərimizə və qazilərimizə, rəşadətli Ordumuza minnətdarıq. Məhz onların sayəsində Xankəndi şəhəri neçə onilliklərdən sonra Azərbaycanın ən mühüm idman layihəsinin icrasına şahidlik etdi, qürurlu anlar yaşadıq. Artıq Azərbaycanın idman və mədəniyyət tədbirlərinə ev sahibliyi edən qədim Xankəndi şəhəri bundan sonra daha böyük və möhtəşəm hadisələrlə xalqımızı sevindirəcək. Bundan sonra “Qarabağ” futbol klubu ilə yanaşı, digər idman klublarının, idman cəmiyyətlərinin də maraqlı və yaddaqalan yarışları keçiriləcək və Xankəndi Azərbaycanın həm də idman mərkəzlərindən birinə çevriləcək”.






Millət vəkili Aydın Mirzəzadə bildirib ki, Xankəndi şəhər stadionu 1955-1956-ci illərdə Azərbaycan büdcəsi hesabına inşa edilib. Yerli "Qarabağ" futbol klubunun ev və yoldaşlıq oyunlarını keçirilməsi üçün bir məkan hesab olunurdu. Sovet dövründə Xankəndi stationun yüksək səviyyədə saxlanması üçün Azərbaycan höküməti tərəfindən daim diqqət göstərilirdi. Torpaqlarımız Ermənistan tərəfindən işğal edildikdən sonra stadion əsasən, siyasi məqsədlər üçün istifadə edilirdi. 2023-cü ilin sentyabrında separatçı rejimə son qoyulduqdan sonra, Xankəndi şəhərində və onun infrasturukturunda da ciddi dəyişikliklər baş verməyə başladı. “Qarabağ”ın ev oyununun Xankəndi stadionunda keçirilməsi məsələsi müzakirə edildi. Çox sevindiricidir ki, Xankəndi stadionunda ilk oyun Azərbaycan kubokunun səkkizdəbir mərhələsində "Qarabağ" futbol klubu ilə "MOİK" arasında keçirildi:

“Bu oyunun keçirilməsinin çox böyük əhəmiyyəti var. Bu həyatın Xankəndiyə və ətraf zonalara qayıtdığını göstərir. Azərbaycan əhalisinin öz dədə-baba torpağına qayıdışının yeni bir simvoludur. Biz qayıtdığımız torpaqlarda, yalnız ev, sosial obyektlər və infrasturukturu yaxşılaşdırmır, eyni zamanda o yerlərə yeni nəfəs, həyat, canlanma veririk".

Millət vəkili vurğulayıb ki, Xankəndi stadionunda futbol üzrə Azərbaycan Kubokunun səkkizdəbir final mərhələsində Ağdamın “Qarabağ” və Bakının "MOİK" komandaları arasında keçirilən oyun böyük əhəmiyyətə malikdir:

"Hesab edirəm ki, Xankəndi şəhər stadionu bundan sonra da Azərbaycanın idman yarışlarının, ictimai əhəmiyyətli tədbirlərin keçirildiyi əsas yerlərdən biri olacaq”.





Millət vəkili Aqil Abbas qeyd edib ki, azad Xankəndidə komandalarımız arasında oyun keçirilməsi qürurvericidir:


“Bundan xoş gün olar? Hər yerdə Azərbaycan bayraqları dalğalanır. Şəhidlərimiz bu günü bizə yaşatdılar. Allah onlara rəhmət eləsin. “Qarabağ” komandası azad Qarabağda qələbə qazandı. Bundan gözəl nə ola bilər?!"






İqtisadçı ekspert Natiq Cəfərlinin sözlərinə görə, sovet vaxtı Xankəndində olanlar deyir ki, o vaxt şəhərdə Azərbaycan dilində yazı, demək olar ki, yox imiş. Şəhərdə küçə adları, yazılar erməni və rus dillərində olub. Bu gün isə Xankəndini, stadionu, axın-axın insanları, yazıları, asılan müqəddəs bayrağımızı görmək qürurvericidir, fantastik nəticədir:

“Xankəndi heç vaxt indiki qədər Azərbaycanın olmayıb. Dövlətimiz nəinki 1988-dən başlayan separatizmin, sovetlərdən qalan özgələşdirmənin də kökünü qazdı”.




Sevinc
BakuPost



Qeyd: Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq “işğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış” mövzusunda hazırlanıb.



Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər