Ru
11:12 / 23 Fevral 2024

Bakıda qəbirləri dağıdıb yerinə başqasını basdırdılar - Xiyabaninin nəvəsinə qarşı barbarlıq edən məmur kimdir? - VİDEO

16655
Bakı şəhər sakini Rzaşüvari Nizami Hüseyn oğlu Ramana südçülük sovxozu adlanan ərazidə yerləşən qəbiristanlıqda dəfn olunan valideynlərinin, eləcə də yaxın qohumu olan uşaqların məzarlarının dağıdıldığını iddia edir.


O, bu barədə Bakupost.az -a videomüsahibəsində bildirib.




Cənubi Azərbaycan Milli-Azadlıq Hərəkatının lideri Şeyx Məhəmməd Xiyabaninin nəvəsi olduğunu deyən Nizami Rzaşüvarinin sözlərinə görə, fevralın 13-də qəbiristanlığa yaxınlarını ziyarət etməyə gedib və oradakı qəbirlərın dağıdıldığını görüb.

O iddia edir ki, qəbiristanlıqda dəfn olunan yaxınlarının qəbrindən 3-ü dağıdılıb. Nizami Rzaşüvarinin sözlərinə görə, dağıdılan məzarların yeri başqa adama satılıb:

“Bu qəbiristanlıqda illər əvvəl atam, analığım, bacım qızı və xalam uşaqları dəfn olunublar. Mən bu günlərdə məzarları ziyarət üçün qəbiristanlığa gedəndə dəhşətli mənzərə ilə qarşılaşdım. Yaxınlarımın dəfn olunduğu ərazi qeyri-qanuni olaraq zəbt olunub, bacım qızı və xalam uşaqlarının qəbirləri tamamilə dağıdılıb. Qalan ancaq atam və analığımın qəbirləridir. Dağıdılan qəbir yerləri də satılıb. Hətta burada kənar şəxs, bizim ailədən olmayan insan dəfn olunub. Dərhal məsələ ilə bağlı müvafiq qurumlarla, Ramana bələdiyyəsi ilə əlaqə saxladım. Bələdiyyənin nümayəndəsi olduğunu deyən Ceyhun adlı şəxs mənə bildirdi ki, orada təxminən iki il öncə bir qadın dəfn olunub. Bu doğru məlumat deyil. Çünki mən hər il yaxınlarımın qəbirlərini ziyarət edirəm. Belə bir vəziyyətlə yeni qarşılaşmışam”.

Zərərçəkənin sözlərinə görə, bələdiyyə nümayəndəsi qəbirlərin səhvən qəbir qazan şəxs tərəfindən dağıdıldığını bildirib:

“Mən qəbir qazan Hüsniyar adlı şəxslə də danışdım. O dedi ki, kiminsə qəbrini dağıtmayıb. Gündəlik çörək puluna işləyən fəhlədir. Ancaq ona verilən tapşırıqları yerinə yetirir və pulunu alır. Yaxınlarımın qəbirlərini dağıdıb yerini başqa adamlara satıblar. Həmin adam da ölüsünü gətirib orada dəfn edib. Mən buna öz etirazımı bildirirəm. Heç kimin ixtiyarı yoxdur ki, yiyəsinə xəbər vermədən, bir söz demədən onun yaxınlarına məxsus qəbirə toxunsun. Soruşuram ki, burada 5 qəbir vardı, indi 2 qəbir qalıb, bəs digərləri hanı? Deyirlər ki, bizim xəbərimiz yoxdur, qəbir qazanlar edib nə edibsə. Mən məsələ ilə bağlı əlaqədar qurumlara, eyni zamanda Ramana bələdiyyəsinə müraciət etmişəm. Mənim tək istəyim dağıdılan qəbirlərin bərpasıdır”.




Məsələyə münasibətini öyrəndiyimiz Ramana bələdiyyəsinin əməkdaşı Ceyhun Tahirov isə bildirib ki, sözügedən ərazidə heç bir qəbir dağıdılmayıb və ərazi də satılmayıb:

“Şikayət əsasında araşdırma aparırıq. Orada heç bir qəbir yeri satılmayıb. Heç bir qəbir dağıdılmayıb. Nizami müəllimin atası və analığının qəbri yerindədir. Onun dediyinə görə, əvvəldən o yer onlara məxsus olub. İndi orada başqa bir nəfər dəfn olunub. Araşdırırıq. Bələdiyyə olaraq biz heç bir qəbir yerini satmırıq. Heç bir satqıdan söhbət gedə bilməz”.

Qeyd edək ki, Nizami Rzaşüvarinin atası Hüseyn 20 Yanvar hadisələri, bacısı isə Birinci Qarabağ Müharibəsi zamanı şəhid olub.




Sevinc
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər