Ru
10:46 / 28 Avqust 2023

Zahir Məliklinin şəhidlər barədə kitabının təqdimatı oldu - FOTOLAR

23074
Yazıçı Zahir Məliklinin "Torpağı Vətən edənlər” kitabının Yardımlı rayonunda təqdimatı keçirilib.


Bakupost.az xəbər verir ki, təqdimat mərasimində şəhid ailələri, rayon ziyalıları iştirak edib. Əvvəlcə rayonun Şəhidlər Xiyabanı ziyarət olunub, onların ruhuna dualar oxunub.




Təqdimat mərasimində çıxış edənlər Zahir Məliklinin Yardımlı tarixində böyük iş gördüyünü dilə gətiriblər. Onun hələ gənc vaxtlarından rayonun aktiv ziyalılarından, həm müəllim, həm rəssam-heykəltaraş kimi nümunəvi şəxs olduğu bildirilib. Deyilib ki, onun yaradıcılığı ilə bağlı təşkil olunan sərgilər həmişə böyük marağa səbəb olub. Onun əsərləri paytaxtda, ölkənin ayrı-ayrı regionlarında, eləcə də xarici ölkələrin böyük sərgilərində nümayiş olunub, mükafatlara layiq görülüb.


Çıxışçılar bildirib ki, Z.Məliklinin Yardımlı şəhidlərindən bəhs edən bu kitabı böyük əziyyətlər hesabına başa gəlib.





Zahir müəllim bu kitabı yazmaq üçün hər bir şəhid ailəsinə baş çəkib. Onların ailə üzvləri, qohumları, müəllimləri, əsgər yoldaşları, komandirləri ilə görüşüb. Təsəvvür edin, bu nə boyda bir işdir. Danışdığı adamların hərəsi bir yerdə olub. O, bu kitabı hazırlamaq üçün bir ildən çox vaxt sərf edib, rayonumuzun ən ucqar kəndlərinə, ölkənin müxtəlif şəhərlərinə, cəbhə bölgələrinə gedib.
Bildirilib ki, kitabda şəhidlərimizin təkcə həyatı və dönüş yolu deyil, həm də onların şəcərələri qeyd olunub..

Sonra Zahir Məlikli çıxış edib və tədbirdə iştirak edən şəhid valideynlərini, ailə üzvlərini bir-bir səhnəyə dəvət edərək, onlara kitab hədiyyə edib.

Şəhid valideynləri müəllifə dərin təşəkkürlərini bildiriblər. Bu addımın onlar üçün böyük təsəlli olduğunu vurğulayıblar.





Qeyd edək ki, Z.Məliklinin "Torpağı Vətən edənlər" kitabında 37 şəhidimizin döyüş yolundan bəhs olunub. Kitabda yazılıb ki, Vətən Müharibəsinə qədər Qarabağ münaqişəsində Yardımlı 75 şəhid verib. II Qarabağ müharibəsində isə Yardımlı Səfərbərlik Xidmətindən yola salınanlardan 25 nəfər şəhid olub, 120 nəfər yaralanıb. Yaralananlardan 25 nəfərə əlillik təyin olunub.


Yardımlı şəhidlərindən 21 nəfəri həqiqi hərbi xidmətdə olan əsgər və hərbi qulluqçu, 4 nəfəri – Tural Aslanov, Elməddin Talıbov, Şamil Mirzəyev və Rüstəm Eminli isə qismən səfərbərlik elan edilməsi haqqında Azərbaycan Prezidentinin 28 sentyabr 2020-ci il tarixli sərəncamına uyğun olaraq orduya çağırılanlardır.


Vətən Müharibəsində Yardımlının ən çox şəhid verən kəndləri isə Zevin və Kürəkçi kəndləridir. Zevin kəndindən 5, Kürəkçidən isə 4 nəfər şəhid olub.


Kitabda həmçinin 2017-ci ildə şəhid olan əfsanəvi kəşfiyyatçı, baş leytenant Şahlar Nəzərovun xidmətləri, onunla bağlı xatirələr də yer alıb. Onu da vurğulayaq ki, Ş.Nəzərovun qəhrəmanlığı və şəhadəti rayon gəncləri arasında vətənpərvərlik əhval-ruhiyyəsinin yüksəlməsində müstəsna rol oynayıb. Təsadüfi deyil ki, kitabda haqqında bəhs olunan şəhidlərin əksəriyyəti hərbi xidmətə gedərkən Şahlara oxşamaq arzusunda olduqlarını bildiriblər.


Z.Məliklinin bildirdiyinə görə, müharibənin ağrı-acısı onların da ailəsindən yan keçməyib.

Belə ki, müəllifin dayısı oğlu Səyyar Şabiyev I Qarabağ müharibəsi zamanı canını doğma torpaqlarımız uğrunda fəda edib. "Torpağı Vətən edənlər" kitabında şəhid Səyyar Şabiyevin qəhrəmanlıqlarla dolu döyüş yolu da əks etdirilib.

Bundan başqa müəllif kitabda Ermənistanın 2022-ci il sentyabr təxribatı zamanı şəhid olan 3 şəhidimizdən də bəhs edib.



Beləliklə, yüksək keyfiyyətlə, nəfis tərtibatla nəşr olunan "Torpağı Vətən edənlər" kitabında 37 tale, 37 həyat hekayəsi və döyüş yolu ilə tanış olacaqsınız.

Onu da bildirək ki, Zahir Məlikli "Yerlə göy arasında", "O və yerdə qalanlar", "Enmək təhlükəsi" kitablarının müəllifidir. O, həmçinin bir sıra kitabları dilimizə tərcümə edib.









Elnur
BakuPost


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər