Azərbaycanla Ermənistan arasında ticarət əlaqələrinin bərpası fonunda Ermənistandan Azərbaycana məhsul idxalı da gündəmə gəlib. 2026-cı ilin martında Azərbaycana Ermənistandan ilk dəfə 960 dollar dəyərində məhsul idxal edilib, hazırda isə qarşılıqlı ticarətin genişləndirilməsi müzakirə olunur.
Bəs, Ermənistan məhsullarının Azərbaycana idxalının genişlənməsi daxili bazarda qiymətlərə və rəqabətə necə təsir göstərə bilər? İdxalın həcmi artarsa, bu, eyni məhsulların qiymətlərinin azalmasına səbəb ola bilərmi, yoxsa təsir məhdud qalacaq?
Azərbaycan bazarında Ermənistan məhsulları satılacaq: Qiymətlər necə olacaq?
"Bakupost" xəbər veri ki, mövzu ilə bağlı Sonxeber.az-a açıqlama verən iqtisadçı ekspert Xalid Kərimli idiki halda Ermənistandan idxalın Azərbaycan bazarına təsirinin əhəmiyyətsiz olacağını bildirib. Çünki hazırda hansı məhsulların və hansı həcmdə idxal edildiyi açıqlanmır.
"Ermənistandan idxal məhdud həcmdə olduğu üçün bunun bazara ciddi təsir göstərəcəyi gözlənilmir. Gələcəkdə isə iki ölkə arasında ticarət əlaqələri, idxal-ixrac əməliyyatları genişlənərsə, bunun daxili bazarda qiymətlərə müəyyən təsirləri ola bilər. İxrac olunan məhsulların həcminin artması daxili bazarda qiymətlərə artırıcı, idxalın genişlənməsi isə müəyyən hallarda azaldıcı təsir göstərə bilər. Xüsusilə bazar tərəfindən qiyməti formalaşan və dövlət tərəfindən tənzimlənməyən məhsulların böyük həcmdə ixracı həmin məhsulların daxili bazardakı qiymətinin artmasına səbəb ola bilər".
Ekspert bildirib ki, müəyyən məhsulların kifayət qədər böyük həcmdə idxal olunması bazarda təklifin artmasına və qiymətlərin aşağı düşməsinə təsir göstərə bilər:
"Lakin bunun baş verməsi üçün idxal və ya ixracın kifayət qədər böyük həcmdə olması lazımdır. Yalnız o halda bazarda yaranan bolluq və ya məhsul çatışmazlığı qiymətlərə əhəmiyyətli dərəcədə təsir göstərə bilər".