Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin birgə təşkilatçılığı ilə növbəti əmək yarmarkası keçirilib.
UNEC-dən
Bakupost.az -a bildirilib ki, tədbir işaxtaran tələbə və məzunların məşğulluğunun təminatı, onların əmək bazarına çıxışının dəstəklənməsi, ixtisas və maraq dairələrinə uyğun vakant iş yerlərinə dair məlumatlandırılması, işəgötürənlərlə ilkin əlaqələrinin qurulmasına şərait yaradılması məqsədi daşıyıb.
Əmək yarmarkasının açılışında UNEC-in rektoru professor Ədalət Muradov universitetin prioritetlərindən birinin tələbələrin əmək bazarına hazırlığının gücləndirilməsi olduğunu bildirib. Rektor qeyd edib ki, UNEC-də təhsil yalnız nəzəri biliklərlə məhdudlaşmır, tələbələrin praktiki bacarıqlarının formalaşdırılması, iş dünyasının tələblərinə uyğun kadr kimi yetişməsi istiqamətində də ardıcıl iş aparılır. O vurğulayıb ki, karyera yarmarkaları tələbələrin işəgötürənlərlə birbaşa ünsiyyət qurmasına, real iş mühiti ilə tanış olmasına və gələcək peşə seçimlərini daha düzgün müəyyən etməsinə geniş imkan yaradır.
Tədbirdə 124 işəgötürən tərəfindən 830-dan çox vakansiya təqdim edilib.
Agentliyin İdarə Heyətinin sədri Hasil Abbasov çıxışında əmək bazarında rəqəmsallaşma və texnoloji yeniliklərin yeni bacarıqlara olan tələbi artırdığını bildirib, dövlət, təhsil müəssisələri və işəgötürənlər arasında əməkdaşlığın əhəmiyyətini vurğulayıb. H.Abbasov Agentliyin əsas məqsədinin dayanıqlı və keyfiyyətli məşğulluğun təmin olunması, işçi qüvvəsinin rəqabət qabiliyyətinin artırılması və əmək bazarının tələblərinə uyğun bacarıqların inkişaf etdirilməsi olduğunu qeyd edib. Sədr bildirib ki, mayın 1-dək ölkə üzrə 74 əmək yarmarkası, o cümlədən işğaldan azad edilmiş ərazilərdə 10 əmək yarmarkası təşkil edilib, bu yarmarkalarda 643 işəgötürən iştirak edib və 4715 vakansiya təqdim olunub.
Yarmarkada iştirak edənlər təqdim edilən vakansiyalar və onların tələbləri ilə maraqlanıblar. İşəgötürənlər isə müəssisələrinin fəaliyyət istiqamətləri, əməkdaş seçimində prioritet meyarlar və vakansiyalara qəbul prosesi haqqında ətraflı məlumat veriblər.
Aktiv məşğulluq tədbirində 124 işəgötürən tərəfindən 830-dan çox vakansiya təqdim edilib. İştirakçılara bu vakansiyalar üzrə iş öhdəlikləri barədə ətraflı məlumat verilib, müraciət edən şəxslərin CV-ləri qəbul edilib və uyğun namizədlərin qeydiyyatı aparılıb.