İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində beynəlxalq investorlar və tərəfdaş şirkətlərlə 23 sənəd imzalanıb. Bu sənədlər üzrə ümumi dəyəri 10,8 milyard dollar olan investisiya layihələrinin həyata keçirilməsi nəzərdə tutulur. Bakı Enerji Həftəsi çərçivəsində elan olunan layihələr də nəzərə alındıqda, planlaşdırılan birgə layihələrin ümumi dəyəri 16,7 milyard dollara çatır.
Mövzu ilə bağlı iqtisadçı
Natiq Cəfərli “Bakupost”a bildirib ki, bu qədər böyük həcmdə investisiya layihələrinin imzalanması sevindirici haldır və Azərbaycanda böyük layihələrin həyata keçirilməsi davam edəcək.
Onun sözlərinə görə, burada zaman amili də çox önəmlidir. Bu layihələrin bir-iki il ərzində tam şəkildə həyata keçirilməsi və investisiyaların ölkəyə daxil olması gözlənilmir. Söhbət orta və uzunmüddətli investisiyalardan gedir.
N.Cəfərli qeyd edib ki, investisiyaların Azərbaycana gəlməsi yeni iş yerlərinin yaradılmasına, yeni müəssisələrin açılmasına, yeni iqtisadi imkanların və potensialın formalaşmasına xidmət edəcək. Onun fikrincə, bu, Azərbaycan iqtisadiyyatı üçün xüsusilə vacibdir.
İqtisadçı bildirib ki, Azərbaycanda iqtisadi artım templəri çox yüksək deyil. Buna görə də iqtisadiyyatı canlandırmaq üçün investisiya layihələrinin genişləndirilməsinə çalışmaq lazımdır və bu istiqamətdə müəyyən addımlar atılır.
“Bir neçə il keçməlidir ki, qoyulan investisiyalar bəhrəsini versin, yeni iş yerləri yaransın, yeni investisiya layihələri həyata keçirilsin və yeni iqtisadi dəyər yaransın. Buna zaman lazımdır. Amma istiqamət olaraq doğru istiqamətdəyik”, – deyə N.Cəfərli bildirib.
Vüsalə Hüseynova,
BakuPost