Bu gün Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin tabeliyindəki Kino Agentliyində dövlət dəstəyi ilə istehsal ediləcək film layihələrinin pitçinqinin birinci mərhələsi baş tutub.
"Bakupost" xəbər verir ki, bu mərhələdə Ekspert Şurası tərəfindən tammetrajlı və qısamerajlı bədii film layihələrinə baxış keçirilib.
Xatırladaq ki, 2026-cı il üzrə dövlət dəstəyi ilə istehsal ediləcək film layihələrinin müsabiqəsinə ümumilikdə 93 layihə təqdim olunmuşdu. Onların 34-ü tammetrajlı, 21-i qısametrajlı bədii film layihəsi idi. Seçim Komissiyasının qərarına uyğun olaraq, 31 layihə pitçinq mərhələsinə buraxılıb ki, onların da 8-i tammetrajlı, 7-si qısametrajlı bədii film layihəsidir.
Pitçinqə çıxarılmış tammetrajlı bədii film layihələri və onları təqdim edən şirkətlər bunlardır: “İsanın evi” (Aydəmir Entertainment), “İki Xaqan” (Karvan Production), “Bir, iki, üç” (Nova Gorcia Kino Mərkəzi), “Meşə növbətçisi” (CNF), “Yeddi məhbusə” (Buta Film), “Begemot” (Old Stone Film), “Varis” (Öz), “Mülk” (Seyidbəyli Film).
Qısametrajlı bədii film layihələrinin siyahısına isə “Qaranquş yuvası” (C.Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyası), “Velosiped sürmək üçün uğurlu gün” (Buta Film), “İkimiz” (Karvan Production), “Yandırmaq da sənlik” (Propaganda), “Yaddaşın tozu” (Devfilm), “Rüzgarın melodiyası” (Navis), “İlbiz” (Cinema Art) daxildir.
Pitçinq zamanı layihələri təqdim edən şirkətlərin təmsilçiləri – prodüserlər, rejissorlar, ssenari müəllifləri layihəyə baxışlarını açıqlayıb və Komissiya üzvlərini maraqlandıran suallara cavab veriblər.
Sentyabrın 30-da pitçinqin 2-ci mərhələsi çərçivəsində sənədli, bədii-sənədli və animasiya filmləri layihələrinə baxış keçiriləcək.