Ru
17:42 / 31 İyul 2026

Azərbaycan-Qırğız qardaşlığı: Münasibətlər ən yüksək nöqtəyə çatdı

Azərbaycan-Qırğız qardaşlığı:  Münasibətlər ən yüksək nöqtəyə çatdı
Eye

Çolpon-Ata şəhərində Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarovun iştirakı ilə Azərbaycan-Qırğızıstan Dövlətlərarası Şurasının 3-cü iclası keçirilib.

İclas çərçivəsində dövlət başçıları “Azərbaycan Respublikası və Qırğız Respublikasının Dövlətlərarası Şurasının üçüncü iclasının Qərarı”nı, eləcə də “Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə”ni imzalayıblar.

Görüş zamanı Prezident İlham Əliyev iki ölkə arasında humanitar əlaqələrin uğurlu inkişaf etdiyini vurğulayıb:
“Bu yaxınlarda keçirilən Azərbaycanda Qırğızıstan Mədəniyyəti Günləri və Qırğızıstanda Azərbaycan Günləri mədəniyyətimizin necə zəngin olduğunu və xalqlarımızın yaradıcılıq potensialını tam şəkildə üzə çıxaran belə tədbirlərin vacibliyini bir daha nümayiş etdirdi”, - dövlət başçısı bildirib.

İlham Əliyev həmçinin qeyd edib ki, Azərbaycan-Qırğız İnvestisiya Fondunun vəsaitlərinin artırılması barədə qərar qəbul olunub.
Qırğızıstan Prezidenti Sadır Japarov isə bildirib ki, iki ölkəni ortaq tarixi köklər və mənəvi dəyərlər birləşdirir. Onun sözlərinə görə, bu dəyərlər xalqların zəngin mədəni irsində öz əksini tapır:

“Dahi Nizami Gəncəvi dediyi kimi: “Qazanılan hər bir dost səmanın bəxş etdiyi bir nemətdir”. Xüsusi qürur hissi ilə qeyd etmək istərdim ki, Qırğızıstan və Azərbaycan bir-birinin timsalında etibarlı dost qazanıb”.

Daha sonra Azərbaycan və Qırğızıstan prezidentlərinin təltifolunma mərasimi keçirilib. Sadır Japarov Prezident İlham Əliyevə 1-ci dərəcəli “Manas” ordenini təqdim edib. İlham Əliyev isə Qırğız Respublikasının Prezidenti Sadır Japarovu “Heydər Əliyev” ordeni ilə təltif edib.

Milli Məclisin deputatı Hikmət Babaoğlu “Bakupost”a bildirib ki, Azərbaycan xarici siyasətində öz müttəfiqlər birliyini genişləndirir. Onun sözlərinə görə, Azərbaycan-Qırğızıstan münasibətləri həm ikitərəfli, həm də çoxtərəfli müstəvidə bu prosesin tərkib hissəsidir:

“Azərbaycan Prezidentinin Gürcüstana səfəri zamanı çox mühüm sənədlər imzalandı. İki ölkə arasında münasibətlər bu günə qədər öz tarixinin ən yüksək mərhələsinə çatmış oldu. Təsadüfi deyil ki, Qırğızıstan Prezidenti imzalanmış sənədləri tarixi sənədlər kimi qiymətləndirdi. Hesab edirəm ki, bu, doğrudur. Bu sənədlər iki ölkənin bundan sonrakı münasibətlərinin inkişafına böyük və mühüm tarixi töhfələr verəcəkdir”.

H.Babaoğlu əlavə edib ki, İlham Əliyevin “Manas” ordeni ilə təltif olunması onun Türk Dövlətləri Təşkilatı çərçivəsində fəaliyyətinə verilən yüksək qiymət kimi dəyərləndirilə bilər:

“Azərbaycan Prezidenti Qırğızıstanın ən ali ordeni olan “Manas” ordeni ilə təltif edildi və təltif zamanı Qırğızıstan Prezidenti Sadır Japarov maraqlı bir fikir səsləndirdi. O dedi ki, əslində Qırğız xalqının ümumiləşmiş rəyi olaraq bu orden Azərbaycan Prezidentinə təqdim olunur. Mən düşünürəm ki, bu, Azərbaycan Prezidentinin həm Qırğızıstan-Azərbaycan münasibətləri, həm də Türk Dövlətləri Təşkilatının təşkili və güclü beynəlxalq təşkilata çevrilməsi kontekstində fəaliyyətinə qardaş xalq tərəfindən verilən yüksək qiymət kimi səciyyələndirilə bilər. Eyni zamanda, bu, Qırğız xalqının Azərbaycan xalqına və onun liderinə olan sevgisinin bir göstəricisidir. Bu, əlbəttə, bir siyasi lider üçün böyük xoşbəxtlikdir. Çünki doğrudan da Prezident İlham Əliyevin fəaliyyəti sadəcə Azərbaycan Prezidenti olmaqla məhdudlaşmır, o, daha geniş mənada böyük Türk dünyasının gələcəyini quran qətiyyətli və cəsarətli addımlar atır. Bunun müqabilində isə xalqımızın ümummilli liderinin adını daşıyan Heydər Əliyev ordeninin Qırğızıstan Prezidentinə təqdim olunması da özlüyündə mühüm bir hadisə idi. Çünki nəticə etibarilə ümummilli lider anlayışı xalqın mövqeyinin ifadəçisi məzmununu daşıyır. Düşünürəm ki, bu səmimiyyət dövlətlərimiz arasında münasibətləri həm də mənəvi-tarixi baxımdan yeni səviyyəyə qaldırmış oldu”.

AMİP sədri, deputat Arzuxan Əlizadə "Bakupost"a bildirdi ki, Azərbaycan ilə Qırğızıstan arasında münasibətlərin müttəfiqlik səviyyəsinə yüksəldilməsi türk dünyasında inteqrasiya proseslərinin daha da dərinləşdiyini göstərən mühüm siyasi hadisədir:

"İmzalanan “Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə” iki ölkə arasında siyasi dialoqun, iqtisadi əməkdaşlığın, nəqliyyat-logistika əlaqələrinin və təhlükəsizlik sahəsində qarşılıqlı fəaliyyətin yeni mərhələyə qədəm qoyduğunu təsdiqləyir. Prezident İlham Əliyevin 1-ci dərəcəli “Manas” ordeni ilə, Prezident Sadır Japarovun isə “Heydər Əliyev” ordeni ilə təltif edilməsi dövlət başçıları arasında qarşılıqlı etimadın, dostluğun və yüksək hörmətin bariz ifadəsidir.

Bu gün Azərbaycanın həyata keçirdiyi balanslı və praqmatik xarici siyasət ölkəmizin beynəlxalq nüfuzunu daha da gücləndirir, regionda etibarlı tərəfdaş mövqeyini möhkəmləndirir. Azərbaycan–Qırğızıstan münasibətlərinin inkişafı yalnız ikitərəfli əlaqələr baxımından deyil, bütövlükdə türk dövlətləri arasında həmrəyliyin, qarşılıqlı dəstəyin və ortaq strateji maraqların güclənməsi baxımından da xüsusi əhəmiyyət daşıyır. Bu əməkdaşlıq gələcəkdə iqtisadi, humanitar və mədəni sahələrdə yeni layihələrin həyata keçirilməsinə, Türk Dövlətləri Təşkilatı çərçivəsində birliyin daha da möhkəmlənməsinə mühüm töhfə verəcək".

Lalə, BakuPost

Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi" istiqamətində hazırlanıb.




Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar