Ru
16:46 / 28 İyul 2025

Azərbaycan-Rusiya gərginliyi: Paşinyan faydalanmağa çalışır?

Azərbaycan-Rusiya gərginliyi: Paşinyan faydalanmağa çalışır?
Eye

Son vaxatlar Azərbaycan-Rusiya münasibətlərində yaranan gərginlik İrəvanda da yaxından təqib olunur. Bu arada Ermənistanın Baş naziri Nikol Paşinyanın Moskvaya səfəri də diqqətdən yayınmadı. Hətta bu səfər Azərbaycanla münasibətlərin kəskinləşməsi fonunda Rusiya-Ermənistan münasibətlərində müəyyən yaxınlaşmanın olacağına dair ehtimalları da gündəmə gətirdi. Bəs, hadisələrin bu cür inkişafı nə dərəcə gözləniləndir?

Mövzu ilə bağlı Bakupost.az -a açıqlama verən siyasi şərhçi Zaur İbrahimli bildirib ki, Paşinyanın Rusiya səfəri fonunda Ermənistan hakim partiyasının deputatları rəsmi İrəvanın ABŞ-nin Zəngəzur dəhlizinə nəzarət etmək təklifinə "yox" dediyini açıqladılar:

"Bu, Paşinyan iqtidarının Moskvaya münasibətdə bir jesti kimi qiymətləndirilə bilər. Eyni zamanda nəzərə almaq lazımdır ki, Ermənistan və Rusiya arasında ticarət dövriyyəsi artıq 13 milyarddan çoxdur. Bu, kiçik Ermənistan üçün çox böyük imkanlar yaradır. Heç kimə sirr deyil ki, Ermənistan Rusiyaya sanksiyalardan yayınmaqda kömək edir. Eyni zamanda Ermənistan iqtisadiyyatı da tamamilə Rusiya biznesindən asılıdır. Moskvanın Ermənistana təzyiq göstərmək üçün kifayət qədər imkanları var".

Z.İbrahimli qeyd edib ki, Paşinyan ən azı indiki mərhələdə gərgin konfrontasiyadan qaçır:

"O, əvvəlcə Rusiya ilə konfrontasiyanın səviyyəsini artırdı. Beləliklə, milyarder Karapetyan həbs olundu, ona məxsus biznesin milliləşdirilməsi üçün cəhdlər edildi. O cümlədən Zəngəzur dəhlizi ilə bağlı ABŞ ilə danışıqlar aparıldı. Həmçinin Türkiyə ilə yaxınlaşmaq cəhdləri edildi. Bütün bunların ardından Paşinyan indi də bu mövqedə Rusiya ilə sövdələşməyə çalışır. Sövdələşmənin şərtlərindən biri Paşinyanın geri çəkilməsi ola bilər.

Demək olar ki, Paşinyan seçkiqabağı manevrlərinə ara verməyəcək və müxtəlif istiqamətlərdə gərginliyi artırmaqla, digər istiqamətlərdə isə sanki güzəştə gedirmiş kimi tədbirlər həyata keçirməklə Moskva ilə anlaşmağa çalışacaq. Lakin Kremlin Paşinyanın bu təkliflərinə "hə" deyəcəyi də ağlabatan görülmür. Çünki artıq Paşinyanın siyasətinə kifayət qədər bələd olublar və tərəflər arasında heç bir etimad münasibətlərindən söhbət gedə bilməz.

Moskva isə əksinə, qarşıdakı seçkilərdən istifadə edərək seçkilərə qədər Paşinyanı güzəştlərə məcbur etməyə çalışacaq və çalışır. Eyni zamanda onun hakimiyyətdən getməsi üçün bütün mümkün vasitələrə əl atılacağı da şübhə doğurmur”.

Aysel,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar