Azərbaycan və Tacikistan arasında ticarət dövriyyəsinin 2025-ci ildə 241 faiz artaraq 14,7 milyon dollara çatmasına baxmayaraq, iki ölkənin iqtisadi potensialı ilə müqayisədə bu göstərici aşağıdır.
İqtisadçı-ekspert Eldəniz Əmirov
“Bakupost”a bildirib ki, yüksək artım faizi əsasən əvvəlki illərdə ticarət dövriyyəsinin aşağı olması ilə bağlıdır. Onun sözlərinə görə, 14,7 milyon dollarlıq ümumi ticarət həcmi iki ölkənin iqtisadi potensialına uyğun deyil.
Ekspertin fikrincə, ticarətin genişlənməsinə əsas maneələrdən biri nəqliyyat və logistika xərcləridir. Azərbaycan və Tacikistanın birbaşa sərhədi olmadığı üçün malların daşınmasında üçüncü ölkələrin ərazisindən istifadə edilir ki, bu da xərcləri artırır.
Əmirov qeyd edib ki, digər problem ixrac imkanlarının və bazar tələbinin məhdud olmasıdır. Azərbaycan Tacikistana əsasən şəkər, bitki yağları və bəzi sənaye məhsulları ixrac edir. Tacikistandan Azərbaycana isə əsasən kənd təsərrüfatı məhsulları gətirilir.
Ekspert bildirib ki, logistika imkanlarının yaxşılaşdırılması, biznes əlaqələrinin genişləndirilməsi, qarşılıqlı investisiyaların və birgə layihələrin artırılması iki ölkə arasında ticarət dövriyyəsinin əhəmiyyətli dərəcədə yüksəlməsinə imkan verə bilər.
Vüsalə Hüseynova,
BakuPost