Ru
15:43 / 14 Oktyabr 2026

Azərbaycana qarşı eyni mərkəzdən hücum: "Hicab qadağası" yalanını kimlər körükləyir?

Azərbaycana qarşı eyni mərkəzdən hücum:  "Hicab qadağası" yalanını kimlər körükləyir?
Eye

Azərbaycanda bəzi sosial şəbəkə istifadəçiləri məktəblərdəki vahid geyim tələblərini məqsədli şəkildə böyüdərək ölkə üzrə hicab qadağası kimi təqdim etməyə çalışırlar. Maraqlıdır ki, qardaş Türkiyənin bəzi media qurumlarında və sosial şəbəkə hesablarında da eyni yanaşma sərgilənir: məktəbli geyiminə dair konkret qaydalar ümumiləşdirilir, ardınca isə Azərbaycanda xəstəxanalarda, dövlət müəssisələrində və digər sahələrdə hicabın qadağan edildiyi barədə yanlış təsəvvür yaradılır.

Səsləndirilən fikirlərin, cümlə quruluşlarının, hətta hərf səhvlərinin belə eyniliyi, bu cür paylaşımlar edən profillərin əksəriyyətinin kilidli olması və s. kimi amillər Azərbaycana qarşı piarın eyni mərkəzdən idarə edildiyi şübhələrini artırır.

Əslində hər kəsə bəllidir ki, məktəblərdə vahid geyim formasının tətbiqi ilə dini geyimin ölkə üzrə qadağan edilməsi tamamilə fərqli hüquqi və ictimai məsələlərdir. Bu iki anlayışı eyniləşdirmək nə faktoloji, nə də hüquqi baxımdan əsaslandırıla bilər.

Azərbaycan reallığını Türkiyədə uzun illər yaşanmış hicab məhdudiyyətləri ilə eyni müstəvidə təqdim etmək də tamamilə yanlışdır. Hər hansı iddianın doğruluğunu müəyyənləşdirmək üçün emosional başlıqlara və şərhlərə deyil, qüvvədə olan qanunvericiliyə, rəsmi qərarlara və onların konkret tətbiq dairəsinə baxmaq lazımdır.

Nazirlər Kabinetinin 21 sentyabr 2026-cı il tarixli 309 nömrəli qərarında açıq şəkildə göstərilir: Şagirdlər müəyyən edilmiş məktəbli formasının vahidliyini pozan əlavə geyim elementlərindən istifadə edə bilməzlər.

Birincisi, bu bütün dinlərdən olan şagirdlərə aiddir. Məsələn, bu qərar Bakıda yəhudiəsilli vətəndaşların da təhsil aldığı 152 nömrəli orta məktəbdə (Xabad Or-Avner) də tətbiq olunur. Bütün şagirdlər dinindən, milliyyətindən asılı olmayaraq, məktəbə bir nəfər kimi vahid formada gəlirlər.

İkincisi, qısa geyimlərə, aksessuarlara, al-əlvan paltarlara, fərqli, rəngli saç düzümlərinə, uzun dırnaq və s. kimi detallara da qadağa tətbiq olunur. Yəni bu tələbi birbaşa hicab qadağası kimi təqdim etmək yanlışdır.

Türkiyə təcrübəsi - Azərbaycan reallığı: Fərqlər

Azərbaycanda baş verənləri Türkiyədəki hicab qadağaları ilə eyniləşdirənlərə də tez-tez rast gəlinir.

Türkiyədə hicab məsələsi uzun müddət dövlətin dünyəvilik siyasəti çərçivəsində müzakirə olunub. Xüsusilə 1990-cı illərin sonu və 2000-ci illərin əvvəllərində hicablı tələbələrin universitetlərə buraxılmaması və qadınların dövlət sektorunda işləməsi ilə bağlı məhdudiyyətlər bu məsələnin əsas istiqamətlərindən idi.

2010-cu ildən etibarən universitetlərdəki məhdudiyyətlərin aradan qaldırılması istiqamətində mühüm addımlar atıldı. 2013-cü ildə isə Türkiyədə dövlət qulluqçularının geyim qaydaları dəyişdirildi və bir sıra dövlət müəssisələrində hicab taxılmasına imkan verildi.
Bu tarixi təcrübə göstərir ki, Türkiyədəki hicab mübahisəsi müxtəlif təhsil müəssisələrini və dövlət sektorunu əhatə edən məhdudiyyətlərlə bağlı idi. Ona görə də həmin hadisələri başqa ölkədəki konkret məktəbli geyimi qaydaları ilə eyniləşdirmək üçün hüquqi və faktoloji əsaslar olmalıdır.

Azərbaycanda isə dövlət ümumi təhsil müəssisələrində şagirdlərin geyimi qanunvericilik və müvafiq normativ sənədlərlə tənzimlənir. Bir daha vurğulayaq: Bu qaydaların əsas istiqaməti məktəblərdə vahid geyim formasının tətbiqidir.

Vahid məktəbli geyimi tələbi ilə ölkə üzrə hicab qadağası arasında prinsipial fərq var. Birincisi konkret təhsil mühitində şagirdlərin geyiminə dair qaydadır. İkincisi isə dini geyimin ölkənin müxtəlif sahələrində və ictimai həyatın bütün istiqamətlərində qadağan edilməsini nəzərdə tutan daha geniş məhdudiyyət formasıdır. Bu iki anlayışı eyniləşdirmək qətiyyən düzgün deyil.

Yəni ki, məktəblərdə geyim formasına dair qərardan çıxış edərək xəstəxanalarda çalışan şəxslərin, universitet tələbələrinin, özəl müəssisə əməkdaşlarının və digər vətəndaşların hicab taxmasının qadağan edildiyini iddia etmək üçün ayrıca hüquqi əsas göstərilməlidir.

Azərbaycan Konstitusiyasının 18-ci maddəsi dövlətin dünyəvi xarakterini, 48-ci maddəsi isə vicdan azadlığını təsbit edir. Bu müddəalar dövlətin dünyəvilik prinsipini və vətəndaşların dini etiqad azadlığını hüquqi çərçivədə fərqləndirməyin vacibliyini göstərir.

Sərhədlər harada pozulur?

Təbii ki, hər kəs bu mübahisələrə qoşula, fərqli mövqe sərgiləyə, düşüncəsini açıq şəkildə dilə gətirə bilər. Qan bağımızı, tarixi əlaqələrimizi, hazırkı yaxınlığımızı nəzərə aldıqda, Türkiyə vətəndaşlarının da Azərbaycanda baş verənlərə həssas yanaşması başa düşüləndir. Zaman-zaman Türkiyənin gündəmini zəbt edən hadisələr də Azərbaycanda geniş şəkildə müzakirə olunub. Lakin bu məsələdə nə qədər yaxın olsaq da, fəqliliklərimiz nəzərə alınmalı, yaranmış fürsətdən istifadə edib qardaşlığımıza zərbə vurmağa çalışanları ayırd etməyimiz lazımdır. Bunun isə ən mükəmməl yolu,
yuxarıda da qeyd etdiyimiz kimi, hansısa təqdimata, şərhə, ağızdan-ağıza dolaşan söhbətə deyil, faktlara və hüquqi sənədlərə əsaslanmaqdır.

Yəni ki, “Azərbaycanda hicab qadağan edildi”, “Xəstəxanalarda hicablı xanımlar işdən çıxarılır” tipli xəbərləri gördükdə arxasında hansı faktın və ya qanuni sənədin durduğuna baxmaq lazımdır. Yoxdursa, birmənalı düşmən işidir.

Bilal,
BakuPost

Şərhlər
Captcha ↻
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar