2025-ci ildə Rusiya banklarının müştəriləri arasında xaricə pul köçürmələrinin həcmi əhəmiyyətli dərəcədə artıb.
Bakupost.az xəbər verir ki, bu barədə “Vedomosti” saytına Rusiyanın bir neçə kredit təşkilatı məlumat verib.
“T-Bank”ın nümayəndəsi bildirib ki, müştərilər təxminən 90 milyon transsərhəd köçürmə həyata keçiriblər ki, bu da 2024-cü illə müqayisədə 2,5 dəfə çoxdur. Ümumi köçürmə məbləği isə 500 milyard rubldan (təxminən 11 milyard manat) çox olub. Bankın təqdim etdiyi məlumatlara görə, fiziki şəxslərin xaricə göndərdiyi köçürmələrin sayı 1,7 milyondan çox tranzaksiyaya çatıb.
“VTB Bank”ın məlumatına görə, 2025-ci ildə pərakəndə müştərilər tərəfindən xarici ölkələrə 13 milyon transsərhəd köçürmə həyata keçirilib, bu da əvvəlki illə müqayisədə 6 dəfə çoxdur. Ümumi əməliyyat həcmi isə 294 milyard rubldan (6.45 milyard manat) çox olub.
Banka görə, xaricdə yaşayan yaxınlara pul göndərmək ən əsas məqsəd olsa da, köçürmələr həm də turizm, xarici xidmətlərin ödənişi və şəxsi məqsədlər üçün istifadə olunub. Ən populyar istiqamətlər arasında isə Azərbaycan, Tacikistan və Türkiyə yer alıb.
“MTS Bank”ın analizinə görə, köçürmələr daha əlçatan olub və orta məbləğ azalaraq artım həcmi 70%-ə çatıb. Müştərilər isə orta hesabla ayda 4 əməliyyat həyata keçirib və əsasən Azərbaycan, Tacikistan, Qırğızıstan, Belarus, Çin və Qazaxıstana pul göndərib.
“UralSib Bank” da müştərilərin ayda 30–40 min rubla yaxın pul köçürdüyünü bildirir. 2025-ci ildə populyar istiqamətlər arasında Azərbaycan, Tacikistan, Qırğızıstan və Belarus olub. Bank həmçinin qeyri-adi istiqamətləri – Qana, Ekvador və Şri-Lanka kimi ölkələri qeyd edib.
Analitiklər bildirirlər ki, transsərhəd köçürmələrin həcmi 2026-cı ildə də artmaqda davam edəcək. Xüsusilə turizm, xaricdə təhsil, səhiyyə xidmətləri, əmlak alqı-satqısı və beynəlxalq ödənişlər üzrə köçürmələr genişlənəcək. Azərbaycana göndərilən köçürmələr isə regiondakı iqtisadi və sosial əlaqələrin güclü olması səbəbindən həlledici rol oynayır.
Cavid, BakuPost