Ru
13:05 / 30 Sentyabr 2026

Azərbaycanda benzin bahalaşacaq? – AÇIQLAMA

Azərbaycanda benzin  bahalaşacaq? – AÇIQLAMA
Eye

Dünya bazarında neftin qiymətinin artması fonunda qonşu ölkələrdə yanacağın bahalaşması Azərbaycanda da benzin qiymətlərinin dəyişib-dəyişməyəcəyi ilə bağlı suallar yaradıb.

”ICE London” qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2026-cı ilin noyabr müqaviləsinin dəyəri 0,53 artaraq 1 barelə görə 103,13 ABŞ dolları təşkil edib.

Nyu-Yorkun “NYMEX” əmtəə birjasında 2026-cı ilin noyabr ayında ixrac etməklə “WTI” markalı neftin 1 barelinin qiyməti də 0,16% artaraq 89,52 ABŞ dollarına bərabər olub.

Neftin bahalaşması fonunda Ermənistanda, Gürcüstanda və Türkiyədə də yanacaq qiymətlərində artım müşahidə olunur.

Məsələn, Ermənistanda benzin və dizelin qiyməti tarixi rekord səviyyəyə çatıb.

"Sputnik Ermənistan"ın məlumatına görə, İrəvanın yanacaqdoldurma stansiyalarında “Aİ 92” markalı benzinin bir litrinin qiyməti 580 dramdan (təxminən 2,71 AZN) 600 drama (təxminən 2,80 AZN) çatıb, “premium” benzin isə daha 20-30 dram bahalaşaraq 620-630 drama (təxminən 2,90-2,94 AZN) satılır.
Ölkədə dizelin qiyməti də artıb və hazırda 710 drama (təxminən 3,32 AZN) təklif edilir.

Gürcüstanda da son həftələrdə demək olar ki, bütün brend yanacaqdoldurma məntəqələrində müxtəlif yanacaq növlərinin qiyməti 3-16 tetri artıb. Türkiyədə də oxşar tendensiya müşahidə olunur.

Bəs Azərbaycanda da benzin bahalaşa bilərmi?

Mövzu ilə bağlı “Bakupost”a Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, dünya bazarında neftin bahalaşması Azərbaycanda benzinin qiymətinin avtomatik olaraq artacağı anlamına gəlmir.

Onun sözlərinə görə, Azərbaycanda Aİ-92 markalı benzinin pərakəndə satış qiyməti Tarif Şurası tərəfindən tənzimlənir və hazırda 1 litr üçün 1,15 manat təşkil edir:

"Ona görə də dünya bazarında Brent və WTI qiymətlərinin yüksəlməsi müəyyən təzyiq yaratsa da, bunun daxili bazarda qiymətə keçməsi üçün Tarif Şurasının ayrıca qərarı lazımdır. Üstəlik, Azərbaycanın neft istehsalçısı olması və daxili yanacaq qiymətlərinin dövlət tərəfindən tənzimlənməsi beynəlxalq qiymətlərlə pərakəndə qiymət arasında birbaşa əlaqəni zəiflədir.
Hazırkı vəziyyətdə daha böyük risk beynəlxalq neft qiymətlərinin uzun müddət yüksək qalması və bunun Azərbaycanın yanacaq bazarına maya dəyəri, idxal və büdcə mexanizmləri vasitəsilə təsir göstərməsidir. Lakin yalnız Brent-in 103 dollar ətrafına yüksəlməsinə əsaslanaraq Azərbaycanda benzinin yaxın vaxtlarda bahalaşacağını demək doğru deyil. Digər tərəfdən, 2026-cı ilin mayından 2027-ci ilin martınadək Azərbaycana idxal edilən Aİ-92 və dizel üçün müvəqqəti 1 manat/ton aksiz tətbiq edilməsi daxili yanacaq bazarında sabitliyin qorunmasına yönəlib".

Lalə, BakuPost


Şərhlər
Captcha ↻
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar