“Azərbaycanın Uzunmüddətli Aşağıkarbonlu İnkişaf Strategiyası”nda 2035-ci ilədək daxili yanma mühərrikli avtomobillərin mərhələli şəkildə istismardan çıxarılması, 2060-cı ilədək isə sərnişin avtomobil parkında elektrik və digər alternativ enerji ilə işləyən nəqliyyat vasitələrinin payının 100 faizə çatdırılması nəzərdə tutulur. Bu hədəflərə nail olmaq üçün enerji doldurma məntəqələrinin sayının artırılması, ekoloji təmiz avtomobillərin istehsalı və idxalının stimullaşdırılması, eləcə də dövlət güzəştlərinin tətbiqi vacibdir.
Nəqliyyat eksperti Eldəniz Cəfərov
“Bakupost”a bildirib ki, strategiyada əsas məqsəd ilk növbədə sərnişin avtomobil parkında daxili yanma mühərrikli nəqliyyat vasitələrinin ekoloji cəhətdən təmiz avtomobillərlə əvəz olunmasıdır. Onun sözlərinə görə, bu yanaşma təkcə fərdi avtomobilləri deyil, iqtisadiyyatın müxtəlif sektorlarında, o cümlədən sərnişindaşımada istifadə olunan nəqliyyat vasitələrini də əhatə edir. Strategiyaya uyğun gəlməyən avtomobillərin 2060-cı ilədək tədricən dövriyyədən çıxarılması nəzərdə tutulur.
Ekspert vurğulayıb ki, bu, daxili yanma mühərrikli avtomobillərin sabahdan istehsalının dayandırılması və ya vətəndaşların şəxsi avtomobillərinin dərhal dövriyyədən çıxarılması demək deyil. Proses uzunmüddətli perspektiv üçün nəzərdə tutulub və əsas məqsəd avtomobil parkının mərhələli şəkildə ekoloji təmiz nəqliyyat vasitələri ilə yenilənməsidir.
Eldəniz Cəfərovun sözlərinə görə, fərdi avtomobillərin də ekoloji təmiz nəqliyyat vasitələri ilə əvəzlənməsi üçün xeyli iş görülməlidir. İlk növbədə, enerji doldurma məntəqələrinin sayı artırılmalıdır. Bununla yanaşı, elektrik və digər alternativ enerji ilə işləyən nəqliyyat vasitələrinin istehsalı və ölkəyə idxalı üçün yenidən müəyyən güzəştlərin tətbiqinə ehtiyac var. Əgər bu keçid fərdi avtomobil istifadəçilərini də əhatə edəcəksə, həmin tədbirlərin həyata keçirilməsi vacibdir.
Ekspert xatırladıb ki, təxminən 4 il əvvəl Azərbaycanda ekoloji cəhətdən təmiz nəqliyyat vasitələrinin ölkə daxilində istehsalını stimullaşdırmaq məqsədilə mühüm addımlar atılıb. Belə avtomobillərin ölkəyə idxalı və satışına müəyyən güzəştlər tətbiq edilib. Onun sözlərinə görə, bu tədbirlər avtomobil parkının yenilənməsinə təkan verib və vətəndaşların ekoloji təmiz nəqliyyat vasitələrinə marağını artırıb.
Eldəniz Cəfərov qeyd edib ki, yeni strategiya bu sahədə qarşıya əlavə hədəflər qoyur. Həmin hədəflərə çatmaq üçün ekoloji təmiz avtomobillərə üstünlük verilməsini təşviq edən tədbirlər və dövlət dəstəyi yenidən gücləndirilməlidir. Bu, həm alternativ enerji ilə işləyən avtomobillərə keçidə, həm də daxili yanma mühərrikli nəqliyyat vasitələrinin mərhələli şəkildə dövriyyədən çıxarılması prosesinə dəstək verə bilər.
Vüsalə Hüseynova,
BakuPost