“Son illər Azərbaycanda daşqın hadisələrinin sayı artıb”.
Bakupost.az xəbər verir ki, bunu Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən tədbirdə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədrinin birinci müavini Xəyyam Məmmədov bildirib.
Onun sözlərinə görə, artıq daşqınlar daha tez-tez baş verir.
Sədr müavini bildirib ki, əvvəllər Azərbaycanda hər il təxminən 10-20 daşqın hadisəsi baş verirdisə, indi həmin rəqəm dəfələrlə artıb.
Ekoloq Sadiq Həsənov
Bakupost.az-a bildirib ki, daşqın sayının artması yağıntının sayının artması, rütubətliliyin çolxalması, normadan dəfələrlə artıq yağışların yağması və iqlim dəyişikliyi kimi problemlərdən qaynaqlanır:
“Daşqınların sayının artmasının əsas səbəbi yağışların həddən artıq yağmasıdır. İqlimdə kəskin dəyişiklik var. Son iki ay ərzində Azərbaycan ərazisinə illik normadan bir neçə dəfə artıq yağış yağıb. Bakı-Abşeronda illik norma 200 millimetr təşkil edir ki, mart ayında artıq bu norma keçilir. Bütün bunlar da axar çayların səviyyəsinin kəskin artmasına səbəb olub. 15 gün əvvəl Kür çayında suyun səviyyəsi 410-430 mil/saniyədən 740 mil/saniyyəyə qədər artıb. Çayın özündə də 2-2,5 metrə qədər artım var”.
Həmsöhbətimiz deyir ki, hətta daşqın, sel kimi hadisələr adətən belə olayların baş vermədiyi Göyçay kimi əraziləri də bürüyüb:
“Ənənəvi olaraq ölkəmizdə daşqınlar Şəki, Oğuz və Şamaxı bölgəsində baş verir. Yağışın intensivliyi bu səviyyədə davam edərsə, Kür çayının səviyyəsi bir qədər də artacaq”.
Rüfət Sultan, BakuPost