Azərbaycanda minik avtomobillərinin sayı 1 milyon 680 minə yaxınlaşıb. Azərbaycanın avtomobil bazarında Çin markalarının sıçrayışı müşahidə olunur: "Changan"ların sayı 4.3 dəfə, BYD-lərin sayı isə 4.8 dəfə artıb. BYD və "Changan" Azərbaycanda sürətlə artır, VAZ-ların sayı isə azalır. Ötən il Azərbaycanın minik avtomobili parkına 91 minə yaxın maşın əlavə olunub - ən böyük artım bu markalarda qeydə alınıb.
Azərbaycanda minik avtomobillərinin sayı 2025-ci ildə 90 min 815 ədəd və ya 5.7% artaraq 1 milyon 676 min 80 ədədə çatıb.
"Bakupost" Marja.az-a istinadla xəbər verir ki, 2024-cü ilin sonunda ölkədə 1 milyon 585 min 265 minik avtomobili qeydə alınmışdı.
Markalar üzrə göstəricilərin təhlili göstərir ki, 2025-ci ildə minik avtomobili parkındakı artım bütün markalar arasında bərabər bölüşməyib. Xüsusilə Çin avtomobil markalarının sayında çox yüksək artım templəri qeydə alınıb. Eyni zamanda, ölkənin avtomobil parkında böyük paya malik bir sıra köhnə VAZ modellərinin sayı azalıb.
Ümumilikdə cədvəldə ayrıca göstərilən markaların 50-də avtomobillərin sayı artıb, 35-də azalıb, bir markada isə dəyişməyib.
"Changan"da rekord artım - bir ildə 29.8 min avtomobil əlavə olunub
2025-ci ilin ən diqqətçəkən göstəricilərindən biri "Changan" markası üzrə qeydə alınıb. 2024-cü ilin sonunda Azərbaycanda 8 min 950 "Changan" olduğu halda, 2025-ci ilin sonunda onların sayı 38 min 784-ə çatıb. Beləliklə, cəmi bir ildə "Changan" avtomobillərinin sayı 29 min 834 ədəd və ya 333.3% artıb. Başqa sözlə, Azərbaycandakı "Changan" parkı bir il ərzində 4.3 dəfə böyüyüb.
BYD avtomobillərinin sayı təxminən 5 dəfə artıb
Faiz ifadəsində daha böyük sıçrayış BYD markasında müşahidə olunub. 2024-cü ildə 4 min 83 olan BYD avtomobillərinin sayı 2025-ci ildə 19 min 799-a yüksəlib.
Artım 15 min 716 avtomobil və ya 384.9% təşkil edib. Beləliklə, Azərbaycandakı BYD avtomobillərinin sayı bir il ərzində təxminən 4.8 dəfə artıb.
JAC 3.5 dəfədən çox, "Tesla" 2 dəfədən çox artıb
JAC avtomobillərinin sayı 258-dən 916-ya yüksəlib. Bu, 658 avtomobil və ya 255% artım deməkdir.
"Tesla"ların sayı isə 535-dən 1 144-ə çatıb. Bir ildə artım 609 avtomobil və ya 113.8% təşkil edib.
"DongFeng" avtomobillərinin sayı düz iki dəfə artaraq 557-dən 1 114-ə yüksəlib.
GAC-da artım 68.3%, "Geely"də 47.1%, BAIC-də 33.8%, "Haval"da 24.2%, FAW-da isə 22.8% olub.
Bu göstəricilər 2025-ci ildə Çin mənşəli avtomobil markalarının Azərbaycanın avtomobil parkında mövqelərinin sürətlə genişləndiyini göstərir.
"Hyundai", "Toyota" və KIA-da da güclü artım
Say ifadəsində ən böyük artımlardan biri "Hyundai" markasında qeydə alınıb. "Hyundai" avtomobillərinin sayı 142 min 814-dən 153 min 983-ə yüksələrək 11 min 169 ədəd və ya 7.8% artıb.
"Toyota" avtomobillərinin sayı 115 min 151-dən 124 min 922-yə yüksəlib. Artım 9 min 771 avtomobil və ya 8.5% təşkil edib. KIA markalı avtomobillərin sayı isə 97 min 753-dən 106 min 962-yə çatıb. Beləliklə, KIA parkı bir ildə 9 min 209 ədəd və ya 9.4% böyüyüb.
"Chevrolet" avtomobillərinin sayı 6 min 964 ədəd və ya 12.7% artaraq 61 min 937-yə, "Ford" avtomobillərinin sayı isə 2 min 806 ədəd və ya 11.4% artaraq 27 min 492-yə çatıb.
"Mercedes" hələ də ən çox olan markadır
2025-ci ilin sonunda Azərbaycanda 222 min 50 "Mercedes" markalı minik avtomobili olub. 2024-cü illə müqayisədə "Mercedes" avtomobillərinin sayı 1 808 ədəd və ya 0,8% artıb.
Bununla da "Mercedes" ölkədə say baxımından ən böyük avtomobil parkına malik ayrıca marka olaraq qalır. BMW avtomobillərinin sayı isə 44 min 584-dən 46 min 904-ə yüksəlib. Artım 2 min 320 avtomobil və ya 5.2% olub.
"Nissan" avtomobillərinin sayı 3,6% artaraq 50 min 227-yə çatıb.
Köhnə VAZ avtomobillərinin sayı sürətlə azalır
Artımla yanaşı, Azərbaycanın avtomobil parkında struktur dəyişikliyini göstərən digər mühüm tendensiya köhnə VAZ modellərinin sayının azalmasıdır.
VAZ-2101, VAZ-2103, VAZ-2106 avtomobillərinin sayı 2024-cü ildəki 199 min 68-dən 2025-ci ildə 190 min 874-ə düşüb. Bir ildə bu kateqoriyada 8 min 194 avtomobil və ya 4.1% azalma qeydə alınıb. Bu, bütün markalar və model qrupları arasında say ifadəsində ən böyük azalmalardan biridir.
VAZ-2105, VAZ-2107 və modifikasiyalarının sayı 1 567 ədəd və ya 1.2% azalaraq 124 min 902-yə düşüb.
VAZ-2108, VAZ-2109 və modifikasiyalarında azalma 709 avtomobil və ya 2.9%, VAZ-2102, VAZ-2104 və modifikasiyalarında isə 261 avtomobil və ya 1.8% olub.
Bunun əksinə olaraq, VAZ-2121 ("Niva") və modifikasiyalarının sayı 129 ədəd və ya 0.4% artaraq 36 min 260-a çatıb.
"Opel"in sayı azalıb
Azərbaycanda geniş yayılan "Opel" avtomobillərinin sayı da aşağı düşüb. 2024-cü ilin sonunda 72 min 44 "Opel" olduğu halda, 2025-ci ilin sonunda onların sayı 71 min 507-yə enib. Azalma 537 avtomobil və ya 0.7% təşkil edib.
"Daewoo" avtomobillərinin sayı 443 ədəd və ya 4.1%, "Renault" 208 ədəd və ya 1.6%, "Volkswagen" isə 164 ədəd və ya 0.6% azalıb.
Bazarın əsas tendensiyası dəyişir
Statistika 2025-ci ildə Azərbaycanın minik avtomobili parkında iki paralel prosesin getdiyini göstərir. Bir tərəfdən "Hyundai", "Toyota", KIA, "Chevrolet" və BMW kimi artıq böyük avtomobil parkına malik markalar artmaqda davam edib. Digər tərəfdən "Changan", BYD, JAC, "Tesla", "Geely", GAC və digər nisbətən yeni markalarda artım tempi dəfələrlə yüksək olub. Bunun fonunda köhnə VAZ, QAZ, "Daewoo", "Moskvich" və bir sıra digər modellərin sayı tədricən azalır.
Beləliklə, ümumi minik avtomobili parkının 5.7% böyüməsi ilə yanaşı, parkın marka strukturu da sürətlə dəyişir: yeni Asiya, xüsusilə Çin markalarının çəkisi artır, köhnə postsovet avtomobillərinin payı isə azalır.
Qeyd edək ki, Azərbaycanda nəqliyyat vasitələrinin - minik avtomobilləri, yük avtomobilləri, avtobuslar və motosikletlərin sayı 2 milyona yaxınlaşıb. Xüsusilə hibrid və plaqin-hibrid avtomobillərin sayında kəskin artım qeydə alınıb. 2025-ci ilin sonunda ölkədə nəqliyyat vasitələrinin ümumi sayı 1 milyon 978 min 316 ədədə çatıb. 2024-cü ilin sonunda bu göstərici 1 milyon 873 min 405 ədəd təşkil etmişdi. Beləliklə, bir il ərzində nəqliyyat vasitələrinin sayı 104 min 911 ədəd və ya 5.6% artıb.
Avtomobillərin sayı 1 milyon 934 mini keçib
2025-ci ilin sonunda Azərbaycanda avtomobillərin sayı 1 milyon 934 min 598 ədəd olub. 2024-cü ildə avtomobillərin sayı 1 milyon 833 min 874 ədəd idi. Bir il ərzində avtomobil parkı 100 min 724 ədəd və ya 5.5% böyüyüb.
Minik avtomobillərinin sayı 1 milyon 676 mini ötüb
Minik avtomobillərinin sayı 2024-cü ildəki 1 milyon 585 min 265 ədəddən 2025-ci ildə 1 milyon 676 min 80 ədədə yüksəlib. Beləliklə, minik avtomobillərinin sayı bir ildə 90 min 815 ədəd və ya 5.7% artıb.