Ru
18:07 / 03 Dekabr 2025

Azərbaycanda hərbi xidmət müddəti azaldıla bilər?

Azərbaycanda hərbi xidmət müddəti azaldıla bilər?
Eye

Son günlər Azərbaycanda hərbi xidmət müddətinin azaldılması və ya alternativ ödənişli xidmət sisteminin tətbiqi ilə bağlı təkliflər cəmiyyətdə geniş müzakirələrə səbəb olub. Mövzu həm ictimaiyyət, həm də ekspertlər tərəfindən müxtəlif reaksiyalarla qarşılanır.

Bakupost.az xəbər verir ki, hərbi ekspert Üzeyir Cəfərov Teleqraf-a hazırda ictimai müzakirələrin əsasən sosial şəbəkələrdə aparıldığını bildirib:

“Hərbi xidmət müddəti mütləq azaldılmalıdır. Ali təhsillilər üçün müddətin 1 ildən 9 aya, orta təhsillilər üçün isə 1 il 6 aydan 1 ilə endirilməsi məqsədəuyğundur”.

Ekspertin sözlərinə görə, Azərbaycanda kifayət qədər çağırış kontingenti var və ölkənin müdafiə xərcləri regionda yüksək səviyyədədir:

“Azərbaycan artıq güclü Silahlı Qüvvələrə malikdir. 8 noyabrda keçirilən hərbi parad da bunu bir daha göstərdi. Ordumuzun arsenalı, yeni hərbi hissələri və komando qüvvələri kifayət qədər inkişaf edib. Hərbi xidmət modeli təkmilləşdirilməli, Türkiyə təcrübəsi və digər ölkələrin müvafiq modelləri öyrənilərək ölkəmizə uyğun sistem formalaşdırılmalıdır”.

Üzeyir Cəfərov qeyd edib ki, xidmət müddətinin azaldılması ordunun döyüş qabiliyyətinə hər hansı risk yaratmır:

“Bu proses kompleks şəkildə hazırlanmalıdır. Təkcə Silahlı Qüvvələr deyil, eyni zamanda Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi və digər qurumlar da bu işə cəlb olunmalıdır. Çağırışçıların hazırlığı məktəbdən başlamalıdır. Qərar qəbul edilərkən bütün aspektlər nəzərə alınmalıdır”.

Deputat Aydın Mirzəzadə bildirib ki, hazırkı hərbi xidmət modeli optimaldır və Azərbaycanın təhlükəsizlik tələblərinə cavab verir:

“Sağlamlığı imkan verən hər kəsin hərbi xidmət keçməsi bu günün əsas tələbidir. Xidmət müddətinin azaldılması gələcəkdə müzakirə oluna bilər, amma hazırda gündəmdə deyil”.

O, ödənişli hərbi xidmət modelinin tətbiqinə qarşı çıxıb:

“Ödənişli model cəmiyyətdə narazılıq yarada bilər. Maddi imkanı olanın xidmətdən yayınması, imkanı olmayanın isə tam xidmət keçməsi ədalətsizlikdir. Hərbi xidmət müstəqilliyin və suverenliyin qorunması deməkdir. Azərbaycan gəncləri hərbi xidmətə maraqla gedir və yayınma halları müşahidə olunmur”.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar