Xəbər verdiyimiz kimi, ölkə ərazisində internetlə bağlı problem yaşanır.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən
Bakupost.az -a bildirilib ki, hazırda problemin səbəbi ilə bağlı araşdırma aparılır, ictimaiyyətə ətraflı məlumat veriləcək.
Qeyd edək ki, problem həm provayderlərdə, həm də mobil operatorlarda müşahidə edilir. Bəzi istifadəçilərdə sosial şəbəkələr açılsa da, digərlərində, ümumiyyətlə, heç bir internet resursuna giriş mümkün deyil.
17:00
Araşdırmanın nəticəsi ilə bağlı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən
Bakupost.az -a açıqlama verilib. Bildirilib ki, internetdə yaranan məhdudiyyətlərin səbəbi “Delta Telekom”a edilən kiberhücumdur:
"Bu gün bəzi internet telekommunikasiya operator və provayderlərinin xidmətlərində müvəqqəti ləngimələr müşahidə olunub.
Ölkəyə internet trafiki təqdim edən əsas “backbone” operatorlardan biri olan “Delta Telekom”a qarşı DDoS tipli genişmiqyaslı kiberhücum həyata keçirilib.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən ölkəmizdə internet xidmətlərinin davamlılığı planı çərçivəsində internet provayderləri dərhal alternativ “backbone” operatorlarının şəbəkəsinə yönləndirilib.
Qısa müddət ərzində istifadəçilərin internetə çıxışı təmin olunub.
Atılan addımlar nəticəsində “Delta Telekom”a qarşı kiberhücumun qarşısı qısa müddət ərzində alınıb. “Delta Telekom”un xidmətləri bərpa olunub.
Aysel,
BakuPost