Azərbaycana gələn əcnəbilərin sayı 117 min nəfər azalıb.
2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycana dünyanın 191 ölkəsindən 1 milyon 831,8 min əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Bu, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 6 faiz azdır.
Ötən ilin analoji dövründə 183 ölkədən 1,948 milyon xarici vətəndaş və vətəndaşlığı olmayan şəxs gəlib.
“Bakupost” xəbər verir ki, Dövlət Statistika Komitəsinin Dövlət Sərhəd Xidmətinin məlumatlarına əsasən açıqladığı göstəricilərə görə, gələnlərin 27,1 faizini Rusiya, 19,4 faizini Türkiyə, 7,7 faizini İran, 4,9 faizini Gürcüstan, 4,5 faizini Qazaxıstan vətəndaşları təşkil edib.
Ötən ilin eyni dövrü ilə müqayisədə Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 6,1 faiz artaraq 94,2 minə, MDB ölkələrindən gələnlərin sayı isə 4,3 faiz artaraq 699 minə çatıb. Körfəz ölkələrindən gələnlərin sayı 32 faiz azalaraq 218,3 min, digər ölkələrdən gələnlərin sayı isə 5,5 faiz azalaraq 820,3 min nəfər olub.
Gələn əcnəbilərin sayında baş verən azalma nə ilə bağlıdır?
İqtisadçı Emin Qəribli
“Bakupost”a bildirib ki, ölkəmizə gələnlərin sayında yaşanan azalma halları əsasən Körfəz ölkələrindən gələnlərin azalmasından qaynaqlanır:
“Bu ilin martında ABŞ-İsrailin İrana qarşı müharibəsi baş verdi. Hansı ki, həmin istiqamətdə gərginlik hələ də davam edir. Yəni Yaxın Şərqdəki hərbi münaqişə və onun nəticəsi olaraq hava əlaqələrinin zəifləməsi prosesə öz təsirini göstərib. Digər ölkələrdən gələnlərin sayında isə artımlar var. Xüsusən də Avropadan gələnlərin sayı daha böyük həcmdə artıb. Yəqin ki, müvafiq icra orqanları bu azalmanı digər ölkələrin hesabına kompensasiya edəcəklər”.
Rüfət Sultan,
BakuPost