Ru
09:13 / 24 İyul 2026

Azərbaycanda pensiya və maaşla bağlı mühüm xəbər – Gözlənilən ssenari

Azərbaycanda pensiya və maaşla bağlı mühüm xəbər –  Gözlənilən ssenari
Eye

Dünya bazarında “Azeri Light” (CIF) markalı neftin bahalaşması Azərbaycanda sosial ödənişlərin artırılması ilə bağlı gözləntiləri yenidən gündəmə gətirib. Belə ki, müzakirələrdə neft gəlirlərinin artmasının uşaqpulunun bərpasına, eləcə də pensiya və digər sosial ödənişlərin artırılmasına təsir edəcəyi iddia olunur.

İddialar nə dərəcədə realdır? Bahalaşma buna təsir göstərə bilərmi?

"Bakupost" xəbər verir ki, Globalinfo.az-a danışan iqtisadçı Asif İbrahimov Azərbaycan kimi dövlət büdcəsi və ixrac gəlirləri əsasən neft sektorundan formalaşan ölkələr üçün dünya bazarında neftin qiymətinin artması iqtisadiyyat üçün müsbət göstəricidir deyib.

“Çünki neftin qiyməti artdıqca dövlətin ixrac gəlirləri və büdcə daxilolmaları da artır. Lakin bu, o demək deyil ki, neft bahalaşan kimi dərhal pensiyalar, sosial müavinətlər artırılacaq və ya universal uşaqpulu tətbiq ediləcək. Bu cür qərarlar dövlət büdcəsinin imkanları, hökumətin sosial və fiskal siyasəti, eləcə də qəbul olunan büdcə qərarları əsasında verilir. Neftin bahalaşmasının digər tərəfi də var. Adətən enerji daşıyıcılarının qiymətinin yüksəlməsi qlobal inflyasiya təzyiqlərini də artırır. Nəticədə dövlətin gəlirləri artsa da, xərcləri də yüksəlir. Amma neft qiymətləri uzun müddət yüksək səviyyədə qalarsa və dövlətin gəlirləri artarsa, bu, hökumətə sosial xərcləri artırmaq üçün daha çox imkan yarada bilər. Belə olan halda pensiyaların, sosial müavinətlərin və digər ödənişlərin artırılması mümkündür”, - deyə o bildirib.

İqtisadçı bildirib ki, hazırda Azərbaycanda universal uşaqpulu sistemi tətbiq edilmir:

“Belə bir mexanizmin yaradılması yalnız neftin qiymətindən asılı deyil. Bu, dövlətin sosial siyasətindən, büdcə prioritetlərindən və qanunvericilikdə ediləcək dəyişikliklərdən asılı olan məsələdir. Bundan başqa, neft gəlirlərinin hamısını cari sosial ödənişlərə yönəltmək də düzgün yanaşma olmaz. Bu vəsaitin bir hissəsinin Dövlət Neft Fondunda toplanması, infrastruktur layihələrinə, iqtisadiyyatın şaxələndirilməsinə və qeyri-neft sektorunun inkişafına yönəldilməsi uzunmüddətli iqtisadi sabitlik baxımından daha məqsədəuyğundur.

Eyni zamanda, uzun illərdir həyata keçirilən dövlət investisiyalarının səmərəliliyinin qiymətləndirilməsi istiqamətində də müəyyən boşluqlar mövcuddur. Xərclənən hər bir manatın iqtisadi və sosial baxımdan nə qədər nəticə verdiyini ölçən vahid, şəffaf qiymətləndirmə mexanizmlərinin daha da təkmilləşdirilməsinə ehtiyac var”.

Qeyd edək ki, iyulun 23-də Azərbaycan neftinin 1 barelə olan qiyməti 1.83 dollar və ya 1.85% bahalaşaraq 100.56 ABŞ dolları olub. “Azeri Light”ın əvvəlki qiyməti 98.73 ABŞ dolları təşkil edib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar