2026-cı il iyulun 1-dən etibarən qadınların təqaüd yaşı daha 6 ay artırılaraq 65 ilə çatdırılacaq.
Belə ki, “Əmək pensiyaları haqqında” Qanuna əsasən, qadınların təqaüdə çıxma yaş həddi 2017-ci il iyulun 1-dən hər 6 aydan bir artırılmaqla 2027-ci il iyulun 1-də 65 yaşa çatdırılacaq.
Kişilərin yaş həddi isə 2017-ci il iyulun 1-dən 2021-ci il iyulun 1-dək hər il 6 ay artırılmaqla 65 yaşa çatdırılıb.
İqtisadçı ekspert Fuad İbrahimov
Bakupost.az-a bildirib ki, mentalitet baxımından xanımların kişilərlə eyni yaşda təqaüdə çıxması doğru yanaşma deyil:
“2017-ci ildə qəbul edilən qanuna əsasən Azərbaycanda qadınların təqaüd yaşı mərhələli şəkildə artırılaraq bu ilin iyulun 1-dən kişilər kimi 65 yaşa çatdırılacaq. Mentalitet baxımından qadınların da kişilər kimi eyni yaşda təqaüdə çıxarılması düzgün yanaşma deyil. Onlar arasında fərq olmalıdır. Cəmiyyətdə bu məsələyə fərqli yanaşılır, onun həyata keçməsi zamanı demoqrafik dəyişiklikdən, pensiya sistemində müəyyən dayanıqlı proseslərin tətbiqi, gender bərabərliyindən danışırlar. İqtisadi, siyasi idarəetmədə müxtəlif baxış bucaqları mövcuddur. Əsas məsələ daimi iş yerlərinin olmasıdır. Bu olandan sonra xanımların 60 və ya 62 yaşında təqaüdə çıxmasının heç bir problemi yoxdur. Amma ölkəmizdə məsələni tərsinə həll edirlər. İnstitusional şəkildə Pensiya Fondunu formalaşdıran bir mühit olmalıdır ki, insanlar normal işləyib ona ödənişlər edə bilsin”.
Ekspert hesab edir ki, bu gedişlə gələcəkdə təqaüd yaşı 65 yaşdan da yuxarı olacaq:
“Qanunvericilikdə göstərilən faktlara istinad etsək, hələlik pensiya yaşını 65-dən də daha yuxarı qaldırmaqla bağlı ortalıqda hər hansı bir plan yoxdur. Bununla bağlı Milli Məclisə də hələlik hər hansı bir təklif verilməyib. Amma bu yanaşma ilə insan həyatında uzunömürlük müşahidə olunarsa, təqaüd yaşını bir qədər də artırmağa çalışacaqlar. Ən azından güclü cinsin nümayəndələrinə münasibətdə”.
Rüfət Sultan, BakuPost