Azərbaycanda bank sektoru da müəyyən dərəcədə inkişaf edib. Ölkədə hazırda 22 kommersiya bankı fəaliyyət göstərir. Amma nədənsə hələ də ölkəmizin bank sektoruna xarici maraq zəif olaraq qalır. Bu sahədə xarici investorların sayı olduqca azdır və aparıcı bank sektoruna malik ölkələr burada ümumiyyətlə yoxdurlar.
Bank-maliyyə eksperti Əkrəm Həsənov
“Bakupost”a bildirib ki, bu zəif iştirak iki səbəbdən irəli gəlir:
“Azərbaycanın bank sektorunda xarici investorların iştirakı mövcuddur. Məsələn, Rusiyanın Azərbaycanda 2 bankı - VTB və Nikoil Bank kimi bankları var. Bundan başqa İran bankı var. Pakistan bankı isə bağlandı. Ölkəmizdə həmçinin, Türkiyənin iki bankı fəaliyyət göstərir, Yapı Kredi və Ziraat Bank. Habelə, keçən əsrin 90-cı, XXI əsrin əvvəllərində ölkəmizdə Böyük Britaniyanın da bir bankı olub. Amma ümumi götürəndə xarici investorların Azərbaycan bank sektorunda iştirakı həqiqətən də zəifdir. Əvvəllər, inkişaf dövründə xarici investorları ümumiyyətlə ölkəmizin bank sektoruna buraxmırdılar. Yəni razılıq olmasa xarici investorların ölkəmizə gəlişi mümkün deyildi”.
Digər səbəb isə müsahibimizin fikrincə, iqtisadi böhranla bağlı olaraq xarici investorların bu sahəyə marağının azalmasıdır:
“Hazırda Azərbaycanda iqtisadi böhran dövrüdür. Ona görə istəsək də, istəməsək də, hazırda bank sektorumuza xarici imvestorların marağı zəifləyib. Azərbaycan sözügedən sahə üzrə artıq mənfəətli, gəlirli məkan deyil.
Digər tərəfdən, ölkəmizdə qanunçuluq, habelə məhkəmələrin müstəqillik, ədalətlilik, savadlılıq səviyyəsi yüksək deyil. Banklar isə qanunçuluğu sevən qurumlardır ki, ölkəmiz bu sahədə təəssüf ki, axsayır.
Hətta son illər digər sahələr üzrə burada çalışan xarici sahibkarlar da ölkəmizi tərk edirlər”.
Rüfət Sultan,
BakuPost